Əlaqə Arxiv
news Image
2018.04.25
09:40
| A A A
Okeanın o tayından Azərbaycana qarşı yenə qərəzli mövqe sərgiləndi
Şahin Camalov: “ABŞ Dövlət Departamenti Azərbaycandakı insan haqlarına dair vəziyyəti yox, dağıtdığı, viran qoyduğu ölkələrdəki insanların hüquqlarını təmin etsin, araşdırsın” Tofiq Abbasov: “ABŞ Dövlət Departamenti həmişə ayrı-ayrı ölkələrə qarşı yanaşmalarında qərəzliliyini nümayiş etdirib”

“ABŞ Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti həmişə olduğu kimi, yenə də tendensioz xarakter daşıyır”. Bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş iddialara münasibətdə bildirib. 

Əli Həsənov əlavə edib ki, hesabatın hazırlanma metodologiyası hər bir məsələyə dair konkret bir, bəzi hallarda isə bir neçə faktın konstatasiyası, onların müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi və bütün sahə üzrə ümumiləşdirilməsi prinsipi üzərində qurulub. Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq “ekspertlər”, “fəallar”, “QHT təmsilçiləri” və bu kimi müəmmalı “mənbələrə” “istinad edilməsi” hesabatın obyektivliyini və şəffaflığını ciddi şübhə altına alır”.
Göründüyü kimi, ABŞ Dövlət Departamentinin mövqeyi dəyişməz olaraq qalır. Departamentin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı yenə də qərəzli mövqe sərgilədi. Siyasilərin sözlərinə görə, bu kimi hesabatlar heç bir əhəmiyyət malik deyil. Sadəcə, ayrı-ayrı sərbəst xarici siyasət yürüdən ölkələrə təzyiq etmək üçün istifadə edilən metodlardan biridir. “İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov bildirdi ki, ABŞ Dövlət Departamenti bu günə qədər Azərbaycandakı ictimai-siyasi həyat, insan haqlarındakı vəziyyətlə bağlı həm özü, həm də müxtəlif təşkilatları maliyyələşdirərək hesabatlar hazırlayıb: “Bunlar da əsasən öz qərəzli, məkrliliyi ilə aydın seçilən hesabatlar olub. Əksəriyyəti kimlərinsə maraqlarına xidmət edən, Azərbaycanda qarşıdurma yaratmaq istəyənlərin maraqlarına hesablanan hesabatlardır. Bu görə də həmin şablon hesabatların heç birini ciddiyə almaq lazım deyil. 
ABŞ Dövlət Departamenti Azərbaycandakı insan haqlarına dair vəziyyəti yox, dağıtdığı, viran qoyduğu ölkələrdəki insanların hüquqlarını təmin etsin, araşdırsın. Orda öldürdüyü uşaqların həyatını düşünsün. Azərbaycanın bir milyon artıq qaçqın və məcburi köçkününü də dilə gətirsin. Demokrariya adı altında dünyada yaratdığı iğtişaşların hesabatını aparsın. O zaman Azərbaycandakı insan haqları ilə bağlı illik hesabatına da qiymət vermək olar. Ona görə də ABŞ Dövlət Departamentinin hesabatını ciddiyə almağa ehtiyac yoxdur. Belə hesabatların nə olduğunu, nəyə hesablandığını artıq bütün dünya başa düşür. O baxımdan heç bir əhəmiyyət kəsb etməyən növbəti şablon hesabat kimi dəyərləndirilməlidir”. 
Digər politoloq Tofiq Abbasov bildirdi ki, ABŞ Dövlət Departamenti həmişə ayrı-ayrı ölkələrə qarşı yanaşmalarında qərəzliliyini nümayiş etdirib: “Ağa qara, qaraya ağ demək ABŞ Dövlət Departamentinin sənədlərində yer tutur. Bunun da səbəbləri var. ABŞ diplomatiyası açıq şəkildə olmasa da, bəzi ölkələri problemli ölkə kimi qələmə verir. 
ABŞ öz şərtlərini reallaşdıra bilməyəndə təzyiqlərə keçir. Ona görə də həmişə Azərbaycanda insan haqları məsələsini qabardıblar.  Adi nöqsanı şişirtməyə çalışıblar. Ermənistan paytaxtındakı zorakılıqlara isə ABŞ yumşaq münasibət bildirdi. Bu da onu göstərir ki, Azərbaycan sərbəst siyasət yürütdüyünə görə ABŞ diplomatiyası burada əziyyət çəkir. Konstruktiv yanaşma, açıq dialoq aparmaq əvəzinə təzyiqlərə keçir. Bu da daimi qalacaq yanaşmadır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz