Əlaqə Arxiv
news Image
2018.04.25
09:54
| A A A
İşğalçılıq siyasətinə son qoyulmasa, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq
Aydın Ağayev: “Sarkisyanın yerinə gələnlər prosesdən nəticə çıxararaq Ermənistanı regionda normal ölkəyə çevirmək istəyirsə, işğalçılıq siyasətindən əl çəkməlidirlər”

Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, Serj Sarkisyanın “Qarabağ klanı” iqtidardan salındı. Qeyd edək ki, Sarkisyanın 10 illik hakimiyyəti dövründə Ermənsitan daha ağır acınacaqlı vəziyyətə düşüb. Ermənistan regionda reallaşan mühüm əhəmiyyətli layihələrdən kənarda qalıb.

Ermənistan beynəlxalq aləmdə də nüfuz sahibi olmayan bir ölkədir. İqtisadi baxımdan ölkə ağır durumdadır. İşsizlik baş alıb gedir. Ona görə də erməni əhalisi, xüsusən də gənclər Ermənistanı birdəfəlik tərk edib gedirlər. Məhz Sarkisyanın işğalçı, eyni zamanda uğursuz siyasəti bu ölkəni dünyanın ən yoxsul dövlətləri sırasına salıb. Onun nəticəsi olaraq da, Sarkisyan xalqın etirazı ilə istefaya getməyə məcbur oldu. Belə bir vəziyyətdə baş verən hakimiyyət dəyişikliyi regionda bu ölkənin mövqeyinə necə təsir edecək? Qarabağ məsələsində nə yenilik gözləmək olar?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Ermənistanın yeni hökuməti yaranmış vəziyyətdən sağlam nəticə çıxarmağı bacarsa, onlar regionda mövcud olan normal atmosferə qayıda bilərlər: “Ermənistanda baş verən olay bu ölkənin regiondakı mövqeyinə yaxşı heç nə vəd etmir. Sadəcə, regionda bir daha bildilər ki, on il ərzində Ermənistanı kimlər idarə edib. Ona görə də erməni əhalisi həmin şəxsi süpürüb hakimiyyətdən atdı.

Regionda onsuz da Ermənistanın bir mövqeyi yox idi. Çünki, Ermənistan öz işğalçı siyasəti üzündən təcrid olunmuş ölkəyə çevrilib. Yalnız himayədarı və xaricdəki diaspor vasitəsilə mövcudluğunu davam etdirir. Ermənilər özləri etiraf edir ki, heç bir dövlətdə bu ölkədən xaricə olan axın qədər axın yoxdur. Baxmayaraq, Ermənistan bir sıra təşkilatların üzvüdür, onu region üçün heç bir əhəmiyyəti yoxdur.  Sadəcə, himayədarı üçün bir vasitədir, siyasi məqsədlərlə bir dövlət olaraq saxlanılan ölkədir. Ermənilər bundan sonra hadisələrdən sağlam nəticə çıxartmalıdır. Onlar doğrudan da Ermənistanı normal atmosferə qaytarmaq istəyirlərsə, İrəvan öz siyasətini dəyişməlidir. İşğalçılıq siyasətinə son qoymalıdırlar. Belə olan halda regionda ona da diqqət artacaq. 

İndiki halda, regionda diqqət bir ölkəyə lazımdır, onun da kim olduğunu bilirsiniz. Bu vəziyyət uzun müddətə davam edə bilməz. Münaqişənin tənzimlənməsi prosesində işğala rəvac verən siyasət yürüdən bir rəhbər nəhayət ki, on ildən sonra küçəyə atıldı”.

Yerinə gələnlər, həmsöhbətimizə görə, bu mənada prosesdən nəticə çıxarmağı bacarmalıdırlar: “Ermənistanı regionda normal ölkəyə çevirmək üçün işğalçılıq siyasətindən əl çəkməlidirlər. Bu halda Ermənistana tərəf qapılar açılacaq. İndiki halda, Ermənistanın normal dövlətə çevrilməsi üçün dediyim bu yoldan başqa hər hansı bir digər çıxış yolu yoxdur. Çünki, Azərbaycan hər gün güclənir, əlaqələri daim genişlənir. Belə olan halda, zəif bir dövlət neçə illərdir ki, özündən qat-qat güclü olan dövlətin ərazisini işğal altında saxlamaqda davam edir. Əlbəttə ki, bunu da öz gücünə etmir. Ona görə yeni erməni hökuməti əvvəlki rejimin yürütdüyü siyasəti dəyişməlidir. Dəyişərlərsə, bu halda, Ermənistanın mövcud vəziyyətində dəyişiklik olacaq. Azərbaycan tərəfi, Xarici İşlər Nazirliyinin timsalında baş verən hadisələrə öz mövqeyini bildirib. Qalan proses Ermənistanın özündən asılıdır. Beynəlxalq təşkilatlarda, MDB tədbirlərində danışmaqdan yorulmayan Serj Sarkisyan sonda ermənilərin özlərinin gözündən düşdü. Sadəcə quldur, oğru, hakimiyyəti zəbt etmiş adam kimi onu bayıra atdılar. Ermənilər ona görə bölgədə normal yaşamaq istəyirsə, prosesdən nəticə çıxarmağı bacarmalıdır. Bunun üçün də Azərbaycan torpaqlarından çəkilməlidirlər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Yalnız o halda, ermənilərin regiondakı vəziyyətində hansısa bir dəyişiklik ola bilər”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz