Əlaqə Arxiv
news Image
2018.04.26
09:22
| A A A
Düşmən ölkədə baş verənlər Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək
Məhəmməd Əsədullazadə: “Qarabağ klanı”na qarşı Ermənistan əhalisində dərin nifrət var” İlqar Vəlizadə: “Əsas məsələdə koalisiya hökumətinin qurulması ilə bağlı olacaq”

Ermənistanda baş verən “məxməri inqilab”ın davamı haqqında müxtəlif proqnozlar verilir. Məsələn, sabiq baş nazir Serj Sarkisyanın həbsə gedəcəyi deyilir. Diqqəti çəkən isə odur ki, prosesləri Qarabağın azad olunmasının başlanğıcı kimi dəyərləndirən də var. Elə hadisələrin bu səpkidə inkişafı maraq doğurur, mümkündür, ya yox?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Erməmistanda Serj Sarkisyanın əleyhinə 13 apreldən başlayan etiraz aksiyaları onun 5 gündən artıq  baş nazir olmasına imkan verilmədi: “Ermənistanda hakmiyyətdə olan “Qarabağ klanı”na qarşı Ermənistan əhalisində dərin nifrət var. Ona görə ki, bu klan ölkəni iqtisadi defolta uğradıb, formal müstəqilliyə gətirib. Sirr deyil ki, Moskvadan idarə olunan sabiq separtçılar Robert Köçəryan və Serj Sarkisyan tandemi Ermənistanda hakmiyyəti zəbt edərək, yalnız Rusiyanın maraqlarını müdafiə ediblər”.
Politoloqun fikrincə, 10 ildən artıq hakmiyyətdə olan S. Sarkisyan 1 mart 2008 hadisələri ilə bağlı məsuliyyətə cəlb edilə bilər: “Bu da yalnız onun partiyasının parlamentdən getməsi və  hakimiyyətdə xalqın təmsil olunmasından sonra baş verə bilər. S. Sarkisyanın hakimiyyəti silah yolu ilə qəsb etməkdə, vətəndaşlara qarşı silah işlətməkdə və öldürülməsinin təşkilində ittiham olunması mümkündür. İşğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması məsələsinə gəldikdə isə müxalifət hakimiyyətdə olarsa, mümkün dialoqun qurulması real görünür. Amma onu da nəzərə alaq ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyadan tərəfindən idarə olunur. Müxalifət Rusiyanın xəttindən kənar çıxsa, onda Kreml Ermənistanı cəzalandıracaq.  Hazırkı vəziyyətdə ərazilərin qaytarılması real deyil”.
Politoloq İlqar Vəlizadə isə düşünür ki, indiki halda ümidverici proqnozlarla çıxış etmək düzgün olmazdı: “Çünki, yaxın aylar ərzində Ermənistandakı siyasi partiyalar daxili işlərlə məşğul olacaqlar. Əsas məsələdə  koalisiya hökumətinin qurulması ilə bağlı olacaq. Ona görə qısa zaman ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa addımı gözləmək düzgün olmazdı. 
Digər tərəfdən, hakimiyyətə can atan Nikol Paşinyan və onun ətrafı da radikal addımların tərəfdarlarıdırlar. Onlar heç də sülhpərvər siyasətçilər deyillər. N. Paşinyan vaxtı ilə Levon Ter-Petrosyanın silahdaşı olub. Amma sonra ondan ayrıldı. Bunun da səbəbi odur ki, Levon Ter-Petrosyan Azərbaycan torpaqlarının qaytarılmasının vacibliyini irəli sürmüşdü. Ancaq N. Paşinyan bu fikri tənqid etdi və ondan ayrıldı. 2016-cı ilin aprel hadisələrindən sonra da N. Paşinyan çıxış etmişdi ki, Ermənistan əks hücuma keçməlidir. Odur ki, bu siyasətçidən qısa bir vaxtda Qarabağ probleminin həlli istiqamətində müsbət addım gözləmək düzgün olmazdı”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz