Əlaqə Arxiv
news Image
2018.04.26
09:35
| A A A
Siyasi və tarixi köklərdən yaranan strateji tərəfdaşlıq
Türk Birliyi qlobal inteqrasiyadan su içir

Hakimiyyət sükanını mükəmməl idarə edən Azərbaycanın 4-cü Prezidenti İlham Əliyev yenidən dövlət başçısı seçildikdən sonra ilk səfərini Türkiyə Respublikasına gerçəkləşdirdi. Düzdür, mahiyyət etibarı ilə seçkidən sonra ilk görüş üçün hansı ölkənin seçilməsi elə bir önəm daşımasa da, hər halda beynəlxalq aləmə anons ötürmək mənasında bu məqam ciddi yükə malikdir. Belə ki, bütün dostlara, düşmənlərə, dövləti əlaqələr qurulmuş ölkə başçılarına mesaj verilir ki, mənim güvəndiyim, sirdaş olduğum ölkə məhz budur. Azərbaycan və Türkiyə arasında artıq bu ənənə yaranıb və uğurla həyata keçirilir. 

İndi bu iki ölkə arasında əməkdaşlığın anatomiyası elə üzvi şəkildə bir-birinə bağlanmış halda təşəkkül tapıb ki, bundan sonra onların dağılması mümkünsüzdür və işdir, bu baş versə, hər iki tərəfə ciddi siyasi və iqtisadi zərbə vurar. Amma bütün hallarda vəziyyət daim müsbətə doğru möhkəmlənir və əməkdaşlığın sarsılmazlığı güclənir. İş o yerə çatıb ki, bəzi ekspertlər məsələni “konfederativ birlik” səviyyəsində təsbit etməyə də cürət edirlər. Bu, Türkiyə-Azərbaycan əməkdaşlığının konseptual sistemliliyindən doğur.
Prezident İlham Əliyevin budəfəki səfəri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası ilə də bağlıdır. Artıq neçə illərdir ki, Şura ikitərəfli əlaqələrin koordinasiyası və genişlənməsi, habelə birgə fəaliyyət planı baxımından uğurlu fəaliyyət sərgiləyir. Xüsusilə, strateji əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsində bu qurumun işi təqdirəlayiqdir. Şura təsis ediləndən sonra Bakı-Tiflis-Qars dəmiryol xətti və TANAP, TAP kimi nəhəng qaz kəmərləri şəbəkəsi görülən işlərin önündə sıralanıb. Hər iki ölkənin iş adamlarının şərikli fəaliyyətinə aid isə minlərlə fakt göstərmək olar. Ümumiyyətlə, iqtisadi sahədə iki ölkə arasında inteqrasiya prosesi sürətlə davam edir. Hərbi-sənaye kompleksi üzrə birgə istehsalın yaradılması hər iki tərəfin maraqlarına cavab verir və hərbi gücü artırmağı şərtləndirir. 
Siyasi əlaqələrin miqyası da eyni sürət və vüsətlə genişlənir və dərinləşir. Beynəlxalq təşkilatlarda maraqların birgə qorunması, regionda ikitərəfli və çoxtərəfli formatlarda birləşərək sülh və sabitlik üçün fəaliyyət proqramı üzrə əməkdaşlıq etmək hər cəhətdən faydasını verir. Ümumiyyətlə, dünyada gedən yeni bölüşdürücülük missiyalarının mənfi təsirindən qorunmaq üçün indi yeni əməkdaşlıq formatları yaranır. Bu konteksdə Azərbaycan və Türkiyə rəhbərlərinin qarşılıqlı təcrübə mübadiləsi və sabitliyin qorunması üçün digər dövlətlər arasında vasitəçilik missiyasında bulunmaları beynəlxalq əhəmiyyət daşıyır. Məsələn, Rusiya-Türkiyə münasibətlərinin yüksək səviyyəyə qalxmasında, İranla münasibətlərin optimallaşmasında bu cür taktiki gedişlər böyük səmərə verib. 
Hazırda regionun ən təhlükəli ocağı sayılan erməni təcavüzünün aradan qaldırılmasında Azərbaycan-Türkiyə birgə siyasi dəst-xətti başlıca rol oynayır. Belə ki, Azərbaycanın balanslı və sülhpərvər siyasətini Türkiyənin regional supergüc statusu tamamlayır. Bu isə Ermənistanın xarici himayədarlarının yardımı ilə “cızığından” çıxmasının qarşısını alır. Düzdür, Azərbaycan elə bir inkişaf səviyyəsinə yüksəlib ki, Ermənistan kimi dövlətlər onun qarşısında hər cəhətdən zəif və cılızdırlar. Amma beynəlxalq birliyin bir sıra inkişaf etmiş dövlətlərinin ikili standartlı siyasətləri fonunda heç də həmişə təkbaşına nəyəsə nail olmaq mümkün görünmür. Azərbaycanın səsinə səs verən qardaş Türkiyənin daim onun yanında olması bir çox xarici təsirlərin qarşısının alınmasında həlledici rol oynayır. Elə bu gün də Prezident İlham Əliyevin Ankarada Rəcəb Tayyip Ərdoğanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi müzakirə mövzularından biridir. 
İki ölkə rəhbərinin vaxtaşırı keçirilən görüşlərində beynəlxalq Türk Dövlətlərinin Birliyi məsələsi də gündəmə gəlir. Burada çoğrafi anlamda birlikdən yox, qarşılıqlı əməkdaşlıq fəaliyyətinin birliyindən söhbət gedir. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə də eyni anlamda fikir mübadiləsi indiki dövr üçün tamamilə aktualdır. Bir məsələ yəqindir ki, İlham Əliyevin budəfəki Türkiyə səfəri əməkdaşlığın yeni mərhələsini açacaq. Çünki, hər iki ölkədə yeni təfəkkürlü gənc kadrların hökumətə gətirilməsi prosesi gedir və bu, siyasətə yeni ab-hava, yeni intellektual təkmillik, daha güclü müasirlik gətirir. Cəmiyyətdə baş verən dəyişikliklərin hakimiyyət strukturlarında özünü göstərməsi hər vəchlə yeni dönəmin başlandığını diqtə edir və bu dönəmdə əlaqələrin də təkmilləşdirilməsi zərurətə çevrilir.
N.NOVRUZ     

 

 

Sizin Reklam Yeriniz