Əlaqə Arxiv
news Image
2018.04.26
10:18
| A A A
Ermənistanda sağlam düşüncə qalib gəlməsə, yeni Qarabağ savaşı qaçılmaz olacaq
Araz Aslanlı: “Ermənistandakı son proses münaqişənin dinc yolla həllinə yeni impulslar verə bilər”

Azərbaycan münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırdır. Bunu Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyi haqqında sorğusunu cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, Ermənistanda baş verən son hadisələr fonunda Qarabağda qan tökmək və Azərbaycanın ərazi bütövlüyünə qəsd etməklə hakimiyyətə gələn Serj Sarkisyan devrildi. Sarkisyan hakimiyyətdə olduğu müddətdə hər vəchlə münaqişə ətrafında mövcud status-kvo vəziyyətinin qorunub saxlanılmasına çalışırdı. Onun dövründə münaqişə ətrafında aparılan danışıqlar da bu fonda heç bir nəticə vermədi. Əksinə, tərəflər Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən bir-birindən daha da uzaqlaşırdılar. Yaranmış vəziyyət onu diktə edir ki, konfliktin həllində irəliləyişə nail olmaq üçün Ermənistanda məhz sağlam siyasi qüvvələrin hakimiyyət başına gəlmələri vacibdir. Əks halda, münaqişədə ətrafında gedən danışıqlarda yenə də erməni tərəfinin günahı ucbatından hər hansı bir uğura imza atmaq mümkün olmayacaq. Bu müstəvidə maraqlı sual yaranır: yaranmış yeni situasiya fonunda Ermənistanda sağlam siyasi qüvvələrin hakimiyyətə gəlişi və onların Qarabağ məsələsində obyektiv addımlar atması mümkündürmü?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı Ermənistanda sağlam qüvvələrin iqtidara gəlməsi məsələsində o qədər də optimist olmadığını bildirdi. Bununla yanaşı, onu da qeyd etdi ki, sağlam qüvvələr hakimiyyətə gələrsə, bu, münaqişənin həlli prosesinə yeni impuls verə bilər: “Əslində, münaqişə başlanan ilk dövrlərdən etibarən Azərbaycan tərəfi daim bildirib ki, konfliktin həlli üçün qarşı tərəf olan Ermənistan tərəfindən sağlam iradə nümayiş etdirilməlidir. Xatırlayırsınızsa, münaqişə hələ müharibə vəziyyətinə gəlməmiş, Azərbaycan fəalları, ziyalıları və ölkə rəhbərliyi də məhz belə bir iradəni ortaya qoyurdu. Keçən əsrin 90-cı illərin əvvəllərində müharibə başlanan dövrdə də Azərbaycan tərəfi oxşar mövqeni sərgiləməkdə davam edirdi. Bu mövqe özünü sonrakı illərdə də göstərib. Daima ölkəmizin mövqeyi münaqişənin dinc, amma ədalətli həllinə tərəfdar olmaqdan ibarət olub. Ədalətli və beynəlxalq hüquq normaları baxımından münaqişənin həlli üçün eyni zamanda, qarşı tərəfdə də bir siyasi iradə olmalıdır. Əslində, Ermənistanda bəzi məqamlarda buna yaxın bir iradə var idi. 1997-ci ilin sonlarına doğru o zamankı Ermənkistan prezidenti Levon Ter-Petrosyan ATƏT-in Minsk qrupunun mərhələli həll planını qəbul etmək istəyirdi. Amma Ermənistana təsir göstərən müəyyən xarici və daxili qüvvələr buna imkan vermədi. Sonrakı dövrdə Ermənistanda həm radikalizm artdı, həm də müəyyən xarici qüvvələrin təsirilə proses fərqli istiqamətdə getdi. Münaqişə ilə bağlı 1999-cu ildə olan ATƏT-in İstanbul sammitindən əvvəl də müəyyən planlar var idi. Amma Ermənistan parlamentindəki gülləbaran olayı ilə həmin planın reallaşmasına əngəl olundu. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, Ermənistan cinayətkar insanlar tərəfindən idarə olunduqca, münaqişənin həlli imkanları da məhdud olacaq.

Problemin dinc yolla həlli o zaman mümkündür ki, Ermənistanda da konfliktə daha ədalətli prizmadan yanaşsın, hər iki tərəf doğrunu        qəbul etsin. Tərəflərdən biri Ermənistanın timsalında qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edəcəksə, proses dinc yolla həll olunmayacaq. Həll olunmadığı təqdirdə isə, Azərbaycan başqa addımlara əl ata, 2016-cı ilin aprel döyüşləri bu dəfə daha geniş formada təkrarlana bilər. Hazırda Ermənistanda yaranan son proses və Sarkisyanın getməsilə hansısa yeni əhval-ruhiyənin ortaya çıxmasına səbəb ola biləcəyinə dair müəyyən ümidlər yaranıb.

Lakin bununla bağlı tam olaraq optimist deyiləm. Ermənistanın daxili siyasətindəki müxtəlif amillər, həm daxil, həm də xaricdən qaynaqlanan hadisələr optimist olmağa tam imkan vermir. Bununla belə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmisinin həmin açıqlaması əslində, dövlətimizin ortaya qoyduğu haqlı mövqedir və vacib açıqlamadır. Bununla bir daha Ermənistana və beynəlxalq ictimaiyyətə xatırladırıq ki, dinc vasitələrlə həll imkanı hələ bitməyib və Ermənistandakı son proses bu imkan üçün yeni impulslar verə bilər. Deyirik ki, Ermənistanda sağlam qüvvələr hakimiyyətə gəlib, sağlam iradə ortaya qoysa, beləliklə, həmin fonda regionun gələcəyində müharibə deyil, sülh və əməkdaşlıq əsas rol oynayacaq. Amma Ermənistanda sağlam qüvvələr üstün mövqedə olmasalar, münaqişənin sülh yolu ilə həll imkanları belə halda iflasa uğrayacaq və regionun gələcəyində sülh və tərəfdaşlıq deyil, müharibə ehtimalı daim gündmdə qalacaq. Azərbaycan XİN-in həmin açıqlaması hər şey demək deyil, amma hər şeyin bitməsi də demək deyil”.  

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz