Əlaqə Arxiv
news Image
2018.05.17
09:50
| A A A
Erməni inqilabının yerini erməni xaosu tutur
Ermənistan Rusiya ilə Qərbin savaş meydanına çevrilə bilər

Ermənistanda məxməri adlanan və əslində üstüörtülü keçən inqilabdan sonra hər gün müxtəlfi səpkili etiraz aksiyalarının keçrilməsi artıq dəb halını alır. Ona görə ki, uzun illər təhdid və qorxu altında saxlanılan əməkçilər düşünürlər ki, tələb etməklə nəyəsə nail ola bilərlər. Mitinq etməyə isə o qədər səbəb var ki... Bu günlərdə Ermənistanın yeni prezidenti Armen Sarkisyan bağlanmış Nairit zərgərlik zavodunun illərdir işsiz və müavinətsiz qalan, hüquqları kobudcasına pozulan işçiləri ilə görüşməyə məcbur olub. Lakin prezident hər hansı konkret vəd verməkdən çəkinib, çünki hansısa əməli addım atmağa heç cür imkan yoxdur. İşçilərin tələbini dinləməklə yalnız aranı sakitləşdirmək məqsədi güdülür. 

“Meqri Nyus” saytı xəbər verir ki, “nairit”lilərin ardınca Aqarak mis-molibden kombinatının kollektivi fasiləsiz tətilə başlayıb. Fəhlələr əmək haqqının artırılması tələbi ilə işi dayandırıblar. Onlar Ararat qızılçıxarma fabrikinin işçilərinə qoşularaq bu addımı atıblar. Digər müəssisələrdə də tədricən çaxnaşmalar baş qaldırır. Çünki, problemlər bütün əhali təbəqələrini əhatə edir, hamı bu və ya digər dərəcədə həyat şəraitindən narazıdır. 
Bu arada İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər zorla şəhər administrasiyasının binasına giriblər. Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Marqaryan 2011-ci ildən bu postu tutur. Küçələri bağlayan etirazçılar “Sasna Tsrer” qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər. Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulublar. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar.
Əhali düşünür ki, madam baş vermiş dəyişikliklərdə “həlledici” rol oynayıb, onda yeni baş nazir ilk növbədə onların problemlərini həll etməlidir. İrəli sürülən tələblər haqlı tələblərdir, lakin bunların yerinə yetirilməsində dövlət acizdir. Ona görə ki, iqtisadi resurslardan məhrumdur. Bu səbəbdən ölkədə başlanmış xaos vəziyyəti getdikcə dərinləşir.
Vəziyyəti mürəkkəbləşdirən daha bir məsələ isə müstəqil olmayan bu ölkədə Kremlin nüfuzu, inqilabçı Nikol Paşinyanın naşılığı və Qərbin gizli gedişlərinin çulğalaşmasıdır. Elə Paşinyan kimi naşı olan bəzi erməni şərhçilər düşünür ki, yeni baş nazir Putini öz “qarmağına” keçirməyi bacarıb. Nikoıun Soçiyə getməklə, başqa sözlə, ilk səfərini Rusiyaya edib, guya Putinin “gözünə kül üfürüb” onu ələ almaqla Qərbə meyilliyini ört-basdır edə bilməsi fikrini müdafiə edən Qalust Qriqoryan kimi ekspertlərin xəyalı göydə gəzir. Belələri elə bilir ki, Paşinyanın “Allah , Rusiyanı qoru!” kimi ifadələrlə yaltaqlıq etməsini ruslar sədaqət andı kimi qəbul edib və onun səmimiyyətinə inanıblar. Bu isə gülüşdən başqa bir emosiya doğurmur. Bu adamlar unutmamalıdırlar ki, “iki stulda oturmaq eşqi” əvvəlki Sarkisyana necə baha oturdu. 
Artıq Özünü müxalifət sayan ERP üzvləri də yavaş-yavaş fikirlərini bildirirlər. Ermənistan parlamentinin dövlət-hüquq məsələləri və insan hüquqları komissiyasının respublikaçı sədri, deputat Qevork Kostanyanın təbirincə, Nikol Paşinyan “super baş nazir” deyil: “Hökumətin başında Sarkisyanın və ya Paşinyanın durmasından asılı olmayaraq baş nazir polis və milli təhlükəsizlik xidmətinı görə məsuliyyəti baş nazir daşıyır. Əgər Paşinyan indi bu məsuliyyəti daşıya bilsə, mən onu yalnız alqışlayaram”. Bu, açıq-aydın ona işarədir ki, Respublikaçılar yani baş nazirin kəramətinə yaxşı bələddirlər və onu ciddiyə almırlar. Demək, qarşıda erməni cəmiyyətini ciddi təbəddülatlar gözləyir.  Bu partiyanın digər bir nüfuzlu üzvü Xosrov Arutyunyan vəziyyəti real qiymətləndirərək yazır: “Ermənistan qarşısında bütün sahələrdə ardıcıl islahatların aparılması kəskin şəkildə durur. Ermənistan, bu gün sərhədlərinin 83 faizi işləməyən bir dövlətdir. Biz dərin blokada şəraitində yaşayırıq. Biz öz iqtisadi ağciyərimizin 17 faizi ilə nəfəs alırıq. Ermənistanın inkişaf sürəti hələ uzun müddət qonşularının siyasi iradəsindən asılı olacaq. Bu, reallıqdır”.
Bu cür xaosa sürüklənmiş Ermənistan haqda Rusiyada formalaşan fikir də ictimai ab-havaya təsir edib onu qarışdıran amillərdəndir. Rusiyalı analitik Sergey Markov yazır: ““Hamı üçün maraqlıdır ki, Paşinyan əsl inqilabçıdır, yoxsa özünü inqilabçılığa vuran sistemli siyasətçi? Deyildiyi kimi, o qərbyönlüdür, yoxsa əksər Ermənistan əhalisi kimi tamamilə rusiyayönlü? Hər halda, o, birinci səfərini məhz Rusiyaya etdi. Ancaq Viktor Yuşşenko (Ukraynanın sabiq prezidenti, ”narıncı inqilab"ın lideri - red.) və Mixail Saakaşvilinin (Gürcüstanın eks-prezidenti, “qızılgül inqilabı”nın lideri - red.) də ilk səfərlərin məhz Rusiyaya etmişdilər. O vaxt Ukraynada da, Gürcüstanda da əhalinin böyük hissəsi rusiyameylli idi. Əslində elə o üzdən də Yuşşenko və Saakaşvil dərhal Rusiyaya uçdular ki, xalqı sakitləşdirsinlər: yəni Moskva ilə münasibətlər pisləşməyəcək. Ancaq sonra onlar Rusiya ilə əlaqələri sistemli və kardinal şəkildə pisləşdirməyə başladılar və bunu da Qərblə əlaqələrin yaxşılaşması ilə ört-basdır elədilər. Rusiyada bütün bunları xatırlayırlar. Ona görə də sözlərə yox, əmələ baxacaqlar. Həmçinin o anlamda baxacaqlar  ki, bu gün eyni vaxtda Qərbin və Rusiyanın dostu olmaq mümkün deyil, imkan verməyəcəklər”. 
Bunlar göstərir ki, erməni inqilabının yerini dərin erməni xaosu tutur.
N.NOVRUZ  
 

 

Sizin Reklam Yeriniz