Əlaqə Arxiv
news Image
2018.05.17
10:05
| A A A
Ermənistan siyasətində Qarabağ parçalanması
Məhəmməd Əsədullazadə: “Nikol Paşinyan hökuməti ilə parlament və digər siyasi partiyalar arasında ciddi problemlər ortaya çıxacaq” Tofiq Abbasov: “Ölkədəki acınacaqlı vəziyyətin başlıca səbəbi məhz Qarabağ probleminin davam etməsidir”

Ermənistanda Qarabağ məsələsinə yanaşmada siyasi qüvvələrin mövqeyində kəskin fərqlər özünü göstərməyə başlayıb. Belə ki, baş nazir Nikol Paşinyan, parlamentdə çoxluğu əldə saxlayan daşnaklar, “Çarukyan” bloku və digrləri məsələyə fərqli yanaşma sərgiləyirlər. Siyasilərin fikrincə, Ermənistan siyasətində Qarabağ parçalanması ilkin baxışda plüralizm kimi görünə bilər. Lakin həqiqətdə belə deyil. Bu, ölkənin xarici siyasətində sözün əsl mənasında parçalanma deməkdir. 

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə düşünür ki,  Ermənistanda özünəməxsus inqilabla formalaşan yeni hakmiyyətin xarici siyasətinin qurulmasında ciddi problemlər var: “Bu, ilk növbədə Ermənistanın yeni rəhbərliyinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir. Belə ki, hazırda erməni baş nazir Nikol Paşinyanın mövqeyində ciddi şəkildə fərqlilik müşahidə edilir. O, danışıqlarda özləri tərəfindən yaradılan  separtaçıların yer alması və yenilənmiş “Madrid prinsipləri”nə qayıdaraq, masa üzərində olan təkliflərə əlavələr etmək istəyir. 
Təbii ki, onların bu siyasəti Ermənistan parlamentində böyük çoxluğa malik digər partiyalar tərəfindən qəbul edilmir. Çünki, yeni baş nazirin təklifləri müharibə ehtimalını artırır və Ermınistanı çətin bir duruma salır. Odur ki, Nikol Paşinyan hökuməti ilə parlament və digər siyasi partiyalar arasında ciddi problemlər ortaya çıxacaq. Bunu biz Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətdə və xarici siyasətin müəyyən olunmasında şahidi olacağıq. Paşinyan hökuməti Ermənistanda ciddi siyasi-iqtisadi islahatlar həyata keçirə bilməyəcək. Onun siyasəti fərqli siyasi partiyaları birləşdirərək müxalif bir birlik yaradacaq. Həmçinin Qarabağ məsələsində danışıqları dayandıracaq, cəbhədə vəziyyəti gərginləşdirəcək”.
Digər politoloq Tofiq Abbasov bildirdi ki, Sej Sarkisyanın konstitusiya islahatı aparmasının məqsədi var idi: “Bu, ilk növbədə hakimiyyəti özündə saxlamağa hesablanmışdı. İkincisi isə Qarabağ məsuliyyətini parlamentin üzərinə atacaqdı. İndi isə N. Paşinyan Qarabağ probleminin yükünün həddən artıq böyük olduğunu gözəl anlayır. Onun şəxsi siyasi çəkisi bunu həll etməyə imkan vermir.  
Digər tərfdən, baş nazir vəzifəsini tuta bilsə də, Qarabağ məsələsinin həlli onun gücü daxilidə deyil. Parlamentdəki daşnaklar, Çarukyanın tərəfdarları bu məsələdə fərqli mövqedədirlər. Əgər güzəştli proqramlar tapacaqsa, kütlə N. Paşinyanı da silib atacaq. Əvvəla, Ermənistan cəmiyyəti əhilləşməyib. Bu məsələlərdə əsrlərdir ki, qəsbkarlığı təbliğ ediblər. İndiki şəraitdə N. Paşinyan kardinal həll yoluna cəhd göstərməyəcək. Çünki bu, onun özünə gələcək vəd etmir. Lakin bu cür siyasət də həll yolu deyil. 
Ölkədəki acınacaqlı vəziyyətin başlıca səbəbi məhz Qarabağ probleminin davam etməsidir. Hökumət ölkədəki səfaləti aradan qaldırmaq istəyirsə, Qarabağ problemini həll etməlidir. Bunun da yolu Azərbaycan və Türkiyə ilə danışıqlardan keçir. Bu olmayacaqsa, N. Paşinyan da Serj Sarkisyanın taleyini yaşayacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz