Əlaqə Arxiv
news Image
2018.05.17
12:10
| A A A
Qarabağ danışıqlarının uzanması Ermənistan üçün fəlakətə çevrilir
Aydın Ağayev: “Danışıqlar ətrafında vəziyyət dəyişmədiyi halda, Ermənistan 2016-cı ildə olduğu kimi bu dəfə daha ağır durumla üz-üzə qalacaq”

"Ermənistanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir". Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib. 

Qeyd edək ki, uzun illərdir Qarabağ münaqişəsi ətrafında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə danışıqlar prosesi gedir. Amma bu illər ərzində konfliktin həlli istiqamətində ciddi adımlar atılmayıb. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, İrəvanın nəticəsiz danışıqlar prosesini uzatmaqda davam etməsi bölgədə onların özləri üçün ciddi fəsadlar yaradacaq. Bu halda, Ermənistan yenidən 2016-cı ilin aprel hadisələrində olduğu kimi, daha ağır duruma düşəcək: “Ermənistan ilk növbədə onu bilməlidir ki, mövcud qeyri-müəyyən vəziyyət uzun müddət belə davam edə bilməz. Bütün parametrlərlə baxanda, regiondakı duruma və bir qədər geniş mənada prosesə diqqət yetirəndə aydındır ki, vəziyyət erməni tərəfinin arzuladığı istiqamətdə uzun müddət davam etməyəcək. Hətta Azərbaycana rəğbəti olmayan, daim erməni mövqeyindən çıxış edən ciddi ekspertlər də vurğulayır ki, Ermənistanın yeni hökuməti Qarabağ məsələsində əvvəlki siyasəti davam etdirə bilməz. 
Erməni əhalisi dəyişiklik istəyərək, onu həyata keçirdiyi kimi, bir gün “Qarabağda ölmək istəmirik” şüarı ilə də küçələri zəbt edə bilərlər. Yəni hazırkı hökumət üçün də ağır vəziyyətin yaradıla biləcəyi istisna edilməməlidir. Ona görə də yeni hökumət düşünməlidir. Köhnə hökumət sərf etmirdi deyə dəyişdilər. Bu zaman regionda onlara səbrlə yanaşdılar ki, vəziyyət qoy aydınlaşsın. İndi qarşıda onlarda seçkilər də olacaq. Yaxşı, bu da olsun. Amma regionda heç bir ölkənin möveyi Ermənistanın vəziyyəti kimi deyil. Ona görə də İrəvan vəziyyəti uzada bilməz. 
Danışıqlar prosesini uzatsalar həqiqətən də xəbərdarlıq edildiyi kimi, bölgədə fəsadlar yarana bilər. Azərbaycan isə hər an yeni vəziyyət və situasiyaya hazırdır. Dəfələrlə bunu demişik. Ermənilər də bunu bilir. Bu səbəbdən də vəziyyət mütləq mənada dəyişməlidir. Dəyişmədiyi halda, hadisələr qeyri-dinc ssenari üzrə gedərsə, Ermənistan 2016-cı ildə olduğu kimi bu dəfə daha ağır vəziyyətlə üz-üzə qalacaq. Bu fonda isə inanmıram ki, yenidən onu kimsə xilas etsin”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz