news Image
2018.05.18
07:00
| A A A
Moskva İrəvana təzyiqdə Bakıya yardımçı olacaq
Qabil Hüseynli: “Moskva Paşinyanın Qərbə yönəlik addımlar atmasına sakitcə dayanıb baxmayacaq” Aydın Ağayev: “Erməni siyasəti, zor görmədən, güclü təzyiq olmadan çətin ki, dəyişsin”

Ermənistanda Nikol Paşinyan Qərbə meyllənir, komandasına Qərbə bağlı insanlar gətirir. Belə ki, mühüm hökumət vəzifələri və güc strukturlarında rəhbərliyə məhz Qərblə bağlı insanları qoyub. Halbuki, Paşinyan bu günlərdə Soçidə olarkən Rusiya prezidenti Vladimir Putinlə görüşündə Moskva ilə əlaqələrə ciddi önəm verdiyini, bu münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu bəyan etmişdi. Bir sözlə, belə görünür, Paşinyan yavaş-yavaş Kreml təsirindən çıxmağa çalışır. Özü də Ermənistanın Moskvanın cəddi təsiri altında olduğu  bir dövrdə. 

Onu da unutmayaq ki, Ermənistanda həmçinin Rusiya hərbi bazaları yerləşir. İşğalçı ölkə iqtisadiyyatının 80 faizi Rusiyadan olan biznesmenlərə məxsusdur. Yəni, işğalçı ölkə bütün həlqələrlə Rusiyadan asılıdır. Paşinyan isə yeni hökumətə qərbpərəstləri gətirməklə görünür, həmin həlqələri sındırmağı qərara alıb. Təbii ki, özbaşına deyil, burada Qərbin maraqları dayanır. 
Bəs, Rusiya Paşinyanın bu hərəkətlərinə necə yanaşacaq və gözləmək olarmı ki, Moskva İrəvana təzyiqləri işə salsın. Bu vəziyyətdə Azərbaycanın da təyziqləri fonunda Qarabağ münaqişəsinin həlli tezləşə bilərmi?
Politoloq Qabil Hüseynli bildirdi ki, Paşinyan Qərbə meyllənəcəyi təqdirdə, Moskva birmənalı olaraq onu cəzalandıracaq: “Sözsüz ki, Moskva Paşinyanın Qərbə yönəlik addımlar atmasına sakitcə dayanıb baxmayacaq. Rusiya məhz qərbyönümlü siyasətə görə Ukrayna ilə Gürcüstanı ağır formada cəzalandırdığı kimi, özünün taxiri müttəfiqi və dostu hesab etdiyi Ermənistana qarşı bu fonda daha amansız olacaq. 
Rusiya hamımıza bəllidir ki, Ermənistanda yerləşdirdiyi hərbi bazalar sayəsində hələ də Cənubi Qafqazda qalır. Paşinyan ola bilsin,  atdığı bu addımları ilə düşünür ki, həm Qərbin, həm də Moskvanın könlünü ala biləcək. Ancaq fikrimcə, bu mümkün olan məsələ deyil. İki stolda oturmaq mümkün deyil. Paşinyan komandasını qərbyönümlülərdən təşkil edəcəyi təqdirdə, Rusiya yəqin ki, elə indidən İrəvana qarşı müəyyən tədbirlər görməyə başlayacaq. Bu tədbirlər müəyyən təzyiqlər formasında da ola bilər. İrəvan tərəfindən qərbyönümlü siyasət yürüdülməsinin əlamətləri gözə dəyərsə, Rusiya müxtəlif üsullardan istifadə edəcək ki, buna əngəl olsun. Bu üsullar arasında əhalini Paşinyana qarşı qaldırmaqdan tutmuş, “Dağlıq Qarabağ klanı” ilə birlikdə  “5-ci kolonu” işə salmaqla hakimiyyət çevrilişinə qədər addımlar ata bilər. Bu kontekstdə Moskva Dağlıq Qarabağ müharibəsinin tətiyini çəkmək kimi prosesi də həyata keçirməyə çalışar. Belədə Moskva Ermənistanı cəzalandırmaq üçün hətta Azərbaycanı da öz ərazi bütövlüyünü təmin etmək istiqamətində addımlara keçməyə təhrik edə bilər.  Hər halda, Rusiya olmadan da Azərbaycan bu işi görəcək. Çünki, işğal altında olan torpaqları azad etməyə Azərbaycanın tam haqqı var. Beynəlxalq hüquq da buna imkan verir. Amma Rusiyanın prosesdən kənara çəkilməsi fonunda Azərbaycanın torpaqları azad etmək istiqamətində fəaliyyəti daha da asanlaşar. 
Ümumiyyətlə, Ermənistanın Avropaya inteqrasiya istiqamətində manevrləri məhduddur. Bu manevrlərə həmçinin Rusiya çox ciddi surətdə nəzarət edir”.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Moskvadan asılı ölkə cızığından çıxsa, daxildəki rusmeyllilər və Rusiyada yaşayan ermənilər dərhal Paşinyan hökumətinə qarşı hərəkətə keçəcəklər: “Belə hesab olunur ki, Paşinyanın yeni hökumət komandası guya qərbyönümlüdür. Keçmiş komandadan bir nəfər istisna olmaqla digərlərinin dəyişdirilməsi hələ tam mənada yeni komandanın qərbyönümlü olması anlamına gəlmir. Bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır. 
Düzdür, verilən şərhlərdə yeni komandanın əsasən qərbyönümlü olduğuna rast gəlirik. Görünür, bu zaman onu əsas götürürlər ki, yeni tərkibdə 20 il ərzində Ermənistanı tar-mar edən “Qarabağ klanı”ndan heç kim yoxdur.  Ona əsasən də bu qənaətə gəlirlər ki, Paşinyanın siyasəti fərqli ola bilər. Amma burada da diqqətli olmaq lazımdır. Bütün dünyanın gözü qarşısında Soçidə keçirilən görüşdə həm Putinin, həm də Paşinyan dediklərindən İrəvanın Kremlin orbitindən az da olsa uzaqlaşmaq meyli hiss olunmadı. Əsas məsələdə əvvəlki siyasət o cür də davam edəcək. Əlbəttə ki, bu siyasətdir. Gerçəklikdə burada hansısa fərqli yanaşmaların olub-olmadığını zaman göstərəcək. Nəzərə almaq lazımdır ki, hazırkı komanda hakimiyyətə Ermənistan əhalisinin dəstəyilə gəlib. Yəni onların əlində əsas kapital məhz əhalinin dəstəyidir. Yeni komandaya qarşı olan köhnə komanda hələlik onlara qarşı aktiv heç bir iş görmür, prosesi sakit müşahidə etməklə məşğuldurlar. Paşinyan xarici və regional siyasətində hansısa fərqli yanaşmalar göstərsə, təbii ki, əvvəlki komanda fəallaşacaq.  
Onu da qeyd edək ki, Ermənistanda baş verən və Paşinyanın hakimiyyətə gəlməsilə nəticələnən olayların ilk günündən Rusiya prosesə fəal qarışmasa da,  onlara münasibətdə Moskvada şübhələr yarandı. Bunu ayrı-ayrı siyasətçilərin fəaliyyətindən də görmək olar. Ehtimal etmək olar ki, Rusiyanın yeni komandanın siyasətinə müəyyən şübhələri hələ də qalır. Hələliksə, Paşinyan komandası bəzi populist açıqlamalar verməkdən başqa,  fərqli siyasət yürüdüləcəyinə dair heç bir açıqlama və bəyanatlar verməyib. Amma bunun üçün də vaxt lazımdır. 
Paşinyan komandası həqiqətən fərqli siyasət yürüdəcəksə, Rusiyanın hansı yanaşma sərgiləyəcəyini anlamaq çox asandır. Tamamilə Moskvadan asılı olan ölkə cızığından çıxsa, Rusiyada yaşayan ermənilər dərhal Paşinyan hökumətinə qarşı hərəkətə keçəcəklər. Digər tərəfdən, Ermənistan daxilində də özlərinə lazım olan qüvvələri hərəkətə gətirəcəklər. Təbii ki, ağlı başında olan hər bir erməni başa düşür ki, Rusiyadan uzaqlaşsa, Ermənistan fəlakətə düşəcək. Onlar bunu çox yaxşı anlayırlar. Hesab etmirəm ki, onlar bunu nəzərə almasınlar. Ona görə də onların münasibətinin necə olacağını gözləmək lazımdır. Hələ köhnə hökumət dövründə ermənilər Rusiya ilə Qərb arasında özləri üçün hansısa cığır tapmağa çalışıb. Bu hərəkətləri bəzən kimlərəsə ciddi görünə bilərdi, amma Moskva prosesə sakit münasibət bəsləyirdi. Çünki bilirlər ki, ermənilər Rusiyadan ayrılıb başqa yolla getməyə cürət etməz. İndi də Moskvada belə düşünürlər. Hər halda gözləmək lazımdır. 
Qarabağla bağlı məsələyə münasibətə gəldikdə, kimsə hesab edə bilər ki, bu münaqişəni yaradaraq onun üstündə hakimiyyətə gələn klan gedibsə və yerinə başqa qüvvə gəlibsə, onlarda prosesə münasibətdə fərqli yanaşma ola bilər. Amma düşünürəm ki, bu barədə danışanda ehtiyatlı olmaq gərəkdir. Çünki erməni siyasəti, zor görmədən, güclü təzyiq olmadan çətin ki, dəyişsin”.
Rüfət NADİROĞLU