Əlaqə Arxiv
news Image
2018.05.18
09:00
| A A A
Ordumuzun arsenalına Belarus silahları gəlir
Ədalət Verdiyev: “Azərbaycanın Türkiyədən sonra ən yaxşı hərbi müttəfiqi Pakistan və Belarusdur” Azad İsazadə: “Əməkdaşlığın genişlənməsi istisna edilmir”

Məlumdur ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bundan əvvəl isə Zakir Həsənov Belarusda səfərdə olub. Görüş zamanı tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər. Ekspertlərin sözlərinə görə, intensiv əlaqələr  Azərbaycanın həmin ölkədən yeni texnikalar almasını gündəmdə gətirir. 

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirdi ki, bu cür görüşlər nə birinci, nə də sonuncu deyil: “Ümumiyyətlə, Azərbaycanın Türkiyədən sonra ən yaxşı hərbi müttəfiqi  Pakistan və Belarusdur. Münasibətlər BMT nizamnamələrinə, beynəlxalq hüququn digər normativ sənədlərinə uyğun gəldiyi üçün heç bir dövlət, beynəlxalq qurum tərəfindən məhdudiyyətlərə məruz qalmadan illərdi inkişaf edir. 
Nəzərə alaq ki, görüşlər zaman-zaman iki ölkə prezidentləri səviyyəsində də keçirilib. Azərbaycan “Polonez” reaktiv yaylım atəşi sisteminin raketinin yaradılmasında vəsait yatırıraraq istehsaldan müəyyən paya malikdir. Ona görə də Azərbaycanın Belarusdan “Polonez” reaktiv yaylım atəşi sistemi almasında yaxın gələcəkdə problem gözlənilmir. “Polonez”dən başqa Azərbaycanın Belarusdan “Buk-MB” zenit-raket kompleksləri alır. Nəticələri də çox qənaətbəxşdir. Bundan başqa, Azərbaycanın Belarusdan aldığı “S-125” zenik raket kompleksləri var. Onlar da Azərbaycanın şəraitinə uyğundur”.
Ekspert əlavə etdi ki, hazırda keçirilən görüşlər mühüm sənədlərin imzalanması, ən azından həyati əhəmiyyətli qərarların qəbul edilməsi üçündür: “Ümid edək ki, görüşlər nəticəsində Azərbaycanda bəzi növ artilleriya və aviasiya sursatlarının istehsalı ilə bağlı ciddi addımların ərəfəsindəyik. Görüşlərdə müxtəlif sahələrdən tərəflərin iştirak etməsi bu növ sursatların istehsalına müəyyən təsiri olacaq. Sürətlənmə məsələsinə gəldikdə isə, Azərbaycan hazırda kifayət qədər ehtiyat sursata malikdir. Lakin müharibə getdiyinə görə bunların davamlı olaraq daha yeni modellə təmin edilməsinə ehtiyac var”.
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildiridi ki, Azərbaycan Belarusdan artıq “Polonez” reaktiv yaylım atəşi sisteminin alınması istiqamətində danışıqlara başlayıb: “Yaxın zamanlarda həmin sistemi arsenalımızda görə bilərik. Bundan başqa, nəzərə alaq ki, Azərbaycan Belarus ilə çoxdan əməkdaşlıq edir. 
Düzdür, Belarusun silahları keçmiş SSRİ texnologiyasıdır. Sadəcə, daha moderləşdirilmiş formadadır. Amma heç də Rusiya silahından fərqi yoxdur. Odur ki, bu əməkdaşlığın  genişlənməsi istisna edilmir. Xüsusən də nəzərə alaq ki, Rusiya hərbi-sənaye kompleksi sanksiya altındadır. Bir gün bu sanksiyalar ciddiləşərsə, Azərbaycan Rusiyadan nəsə ala bilməyəcək. Deməli, Azərbaycan bazarda yeni mənbə tapmalıdır. Bu mənbələrdən biri elə Belarus ola bilər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz