news Image
2018.05.18
09:53
| A A A
Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Tədbir çərçivəsində Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi açılıb, dahi dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans təşkil edilib

 

Mayın 17-də Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib.

Movqe.az xəbər verir ki, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov konfransı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin universitetdə təşkil edilməsinin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik respublika idi. Onun yaratdığı dəyərlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bu dövlətin yaratdığı seçki, dövlət idarəçiliyi ənənələri, elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işlər sonrakı dövrlərdə bütün türk cümhuriyyətlərində istifadə olunmuş dəyərlər kimi bizim üçün də qiymətlidir.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov konfransda geniş məruzə ilə çıxış edib.

Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, atdığı addımlar tariximizdə silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib.

Diplomat diqqətə çatdırıb ki, bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atdı və bu sahədə qarşıya çıxan çətinlikləri aradan qaldırdı. Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çox uğurlu xarici siyasət aparıldı, dünyanın inkişaf etmiş bütün dövlətləri ilə diplomatik əlaqələr yaradıldı və əməkdaşlıq haqqında ölkəmizin maraqlarına xidmət edən ikitərəfli sazişlər bağlandı. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovçıxış edərək konfransın təşkilatçılarına – Əl-Fərabi adına Milli Universitetin rəhbərliyinə, TÜRKSOY-a, Beynəlxalq Türk Akademiyasına və tədbirdə iştirak edən Qazaxıstan rəsmilərinə təşəkkürünü bildirib. Prezidentin köməkçisi deyib ki, bu cür tədbirlər xalqlarımız, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrimiz arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Bu gün Azərbaycan ilə Qazaxıstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Əminik ki, bu əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, ötən yüzilliyin əvvəllərində bütün türk dünyasında özünü göstərən milli azadlıq hərəkatı müxtəlif coğrafiyalarda yayılsa da, Azərbaycanda xüsusilə geniş vüsət aldı. Bu il qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bütün müsəlman Şərqində ulduz kimi doğdu. Cümhuriyyət təkcə Azərbaycanda deyil, bütün türk dünyasında milli düşüncənin oyanması və formalaşmasında vacib rol oynadı. Xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı.

Darxan Kıdırəli qeyd edib ki, Beynəlxalq Türk Akademiyası bu tarixi hadisənin önəmini, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün imzaladığı Sərəncamı nəzərə alaraq geniş tədbirlər proqramı hazırlayıb. Biz artıq beynəlxalq səviyyədə ilk tədbirimizi reallaşdırmışıq. Aprel ayında Parisdə UNESCO-nun baş qərargahında keçirdiyimiz beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyini və onun qurucularından olan Əlimərdan bəy Topçubaşovun 155 illiyini qeyd etdik. Cari ilin iyun ayında Astanada təşkil edəcəyimiz IV Böyük Beynəlxalq Humanitar Forumun bir panelini bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəcəyik. Bununla yanaşı, ilk dəfə olaraq qazax dilində Cümhuriyyətə aid ensiklopedik xarakterli sənədlər və faktlarla zəngin olan nəfis tərtibatda kitab çapa hazırlanıb.

Qazaxıstan Xalqları Assambleyasının üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədriƏbülfəz Xamedov deyib ki, Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli amillər də yaxınlaşdırır. Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında və Qazaxıstanın ictimai-siyasi, iqtisadi, mədəni, sosial həyatında azərbaycanlıların mühüm rolu var. Dost və qardaş Qazaxıstanda məskunlaşan 300 mindən çox soydaşımız daim tarixi Vətənimiz olan Azərbaycanda gedən inkişaf proseslərini sevinclə izləyir və iki ölkə arasında münasibətlərin tərəqqisinə töhfələrini verirlər.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Saypulla Sapanov bildirib ki, Azərbaycan və Qazaxıstan xalqlarını daha da yaxından tanımağımız üçün ortaq keçmişdən süzülüb gələn dəyərlərimizi yenidən dərk etməli və onlara sahib çıxmalıyıq. Bu cür tədbirlərin, birgə elmi layihələrin reallaşdırılmasının əhəmiyyəti böyükdür.

Saypulla Sapanov deyib ki, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətlərini saymaqla bitməz. Məhz Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan sıx dostluq münasibətləri bu gün uğurla davam edir.

Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.

x x x

Sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzinin açılışı olub.

Mərkəzdə Azərbaycana aid çoxsaylı siyasi, elmi, mədəni ədəbiyyat toplanıb. Azərbaycanın mədəniyyətini, siyasətini, tarixini əks etdirən tablolar asılıb. Tabloların hər birində xronoloji məlumatlar yer alıb. Diqqətə çatdırılıb ki, bu mərkəzdə alimlər, müəllimlər, tələbələr tədqiqatlar aparacaq, Azərbaycanın ali məktəbləri, o cümlədən elm-təhsil ictimaiyyəti ilə əlaqələr quracaqlar.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov açılış mərasimində çıxış edərək bu mərkəzin Azərbaycan-Qazaxıstan elmi, ictimai, siyasi, sosial əlaqələri üçün əhəmiyyətindən danışıb.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov mərkəzin açılışına verdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, bu mərkəz gələcəkdə ölkələrimiz arasında elm, təhsil, mədəniyyət sahələrində əlaqələndirici bir vəsilə olacaq. Əli Həsənov bu mərkəzin xalqlarımızın bir-birini daha yaxşı tanımalarına, elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov mərkəzin yaradılması ilə bağlı görülən işlərdən danışıb.

x x x

Daha sonra Əl-Fərabi adına Universitetin böyük akt zalında Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans keçirilib.

Universitetin rektoru Qalimkair Mutanov, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransda salamlama nitqləri söyləyiblər.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Kamran Əliyevgörkəmli dramaturqun həyat və yaradıcılığından söhbət açaraq qeyd edib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan sənətkar, romantizm ədəbi cərəyanının banisidir. Alim Hüseyn Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, əlyazmaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Sona Vəliyeva bildirib ki, Hüseyn Cavid məfkurəsi əbədidir. Çünki o, millətin dilini, mənəviyyatını, məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini bütün əsərlərində tərənnüm edib. Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır. Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Ulu Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Cavid o dövrdə hürufi ocağı, hər qarış torpağında övliya məzarı olan Naxçıvanda dünyaya gəlməli, buranın insanları ilə ünsiyyətdə olmalı idi. Atasının minbir əziyyətlə dilə tutub yazdırdığı molla məktəbindən qaçmalı, Məhəmməd Tağı Sidqinin məktəbinə gəlməli, dünyəvi elmlərlə tanış olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkurənin qovuşduğu bünövrə üzərində qurmalı idi. Buna görə də o, Azərbaycan, ardınca Təbriz, daha sonra isə Türkiyə mühitini görüb təhsil almalı idi. Hüseyn Cavidin taleyinə türk dünyasının ən böyük filosoflarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli, bunları öz əsərlərində təcəssüm etdirməli idi. Məhz buna görə də 1937-ci ilin sərt, amansız repressiya küləyi ondan da yan keçməyib, Sibirə sürgün olunub və 1941-ci ilin şaxtalı qış ayında İrkutskda həyatla vidalaşıb.

Ümummilli lider Heydər Əliyevin görkəmli ədibin nəşinin Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan Sona Vəliyeva qeyd edib ki, ulu öndər dahi Cavidin yaradıcılığını yüksək qiymətləndirirdi.

“Ədəbiyyat” qəzetinin baş redaktoru, cavidşünas alim Azər Turan çıxış edərək bildirib ki, bu gün biz Qazaxıstanda Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bu gün biz ulu öndər Heydər Əliyevin 95 illik yubileyindən danışdıq, qazax şairi Əhməd Baytursunun dostu Hüseyn Cavidi andıq. 1926-cı ildə Əhməd Baytursun Hüseyn Cavidin evində qonaq olub. Biz bilirik ki, füyuzat estetikası müasirləşmək, islamlaşmaq, türkləşmək deməkdir. Məhz Hüseyn Cavidin yaradıcılığı da həmin türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının əsasında hasilə gəlib. Bugünkü mövzular o qədər müqəddəsdir ki, hər birimizin qəlbində bu mövzuların işıqları yanır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ulu öndər Heydər Əliyevin 95 illiyi və dramaturq Hüseyn Cavidin 135 illiyi bir ocaq, bir vətən deməkdir.

Konfransda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan icmasının rəhbəri Əbülfəz Xamedov Prezidentin köməkçisi Əli Həsənova “Abay” xatirə medalını təqdim edib.

Tədbirlərdə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, işçi qrupunun üzvü, deputat, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da iştirak ediblər.

 

AzərTac

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs