Əlaqə Arxiv
news Image
2018.05.19
10:30
| A A A
Qızışan qrant davası radikal müxalifətin sonunu gətirir
Nəzakət Məmmədova: “Anti-Azərbaycan dairələrinin ölkəmizdə sabitliyin pozulması üçün ayırdığı qrantlar ilk növbədə elə onların maliyyələşdirdiyi qüvvələr arasında sabitliyi pozub”

Yenidən radikal müxalifətin aktivləşdiyi müşahidə olunur. Lakin budəfəki aktivlik fərqli formadadır, özləri özləri ilə dalaşırlar. Belə ki, radikal müxalifət, Meydan TV rəhbərliyi və xaricdə olan bəzi anti-Azərbaycan dairələr qrant üzərində bir-birini qırır. 

Anti-Azərbaycançı Emin Milli ilə radikal partiya sədri Əli Kərimli və dəstəsi arasında başlayan qalmaqal hər keçən gün daha da qızışır. Bu isə birmənalı olaraq qrant üstündə olan çəkişmə kimi dəyərləndirilir. Politoloq Nəzakət Məmmədova bildirir  ki, son günlərdə, xüsusilə ABŞ Konqresinin binasında Helsinki Komissiyasının apardığı müzakirələrdən sonra Emin Milli və onunla hazırda işbirliyində olan "söyüş müxalifətçiləri" ilə radikal müxalifət təmsilçiləri arasında qrant davası pik həddə çatıb: “Söyüş müxalifəti” liderləri üçün açıq olan Meydan TV radikal müxalifət liderlərinin üzünə bağlanıb.   Onlar da alternativ variant kimi Sevinc Osmanqızının kanalından istifadə edirlər. Sevinc Osmanqızının özü ilə Emin Milli arasında qrant məsələsindən dolayı ədavət olduğu açıq-aşkar görünür. Həm də artıq Emin Millinin radikal müxalifət liderlərini fürsət düşdükcə gözdən salması və söyüş müxalifətçilərini yeni müxalifəti liderləri kimi təqdim etməyə çalışması müşahidə olunur. Orduxan Teymurxanla Konqresə birgə qatılması da bunu sübut edir. 
Əvvəllər Meydan TV-də radikal müxalifət - Milli Şura liderlərinə daha çox çıxış imkanları verilirdisə, onların mitinqlərinə getmək üçün Azərbaycan xalqına çağırışlar edilirdisə, indi əks proseslər baş verir. Xaricdəki söyüş müxalifətçiləri xalqı iğtişaşlara səsləyir və bu zaman gəlib liderlik funksiyalarını öz üzərlərinə götürə biləcəklərini deyirlər. Bu da onu göstərir ki, Sevinc Osmanqızı ilə Emin Milli arasında xaricdən anti-Azərbaycan dairələrindən ayrılan media qrantları uğrunda açıq mübarizəsi gedir. Eyni zamanda artıq radikal müxalifətlə xaricdəki söyüş müxalifəti arasında müxalifətə liderlik  uğrunda mübarizə başlayır. Bu mübarizədə Sevinc Osmanqızı radikal müxalifətin, Emin Milli isə söyüş müxalifətinin tərəfindədir. Lakin ayının min oyunu bir armudun başında olduğu kimi, yaxud Molla Nəsrəddin əhvalatında dava yorğan davası olduğu kimi bunların da əsas bölə bilmədiyi qrantlardır. Anti-Azərbaycan dairələrinin ölkəmizdə sabitliyin pozulması üçün ayırdığı qrantlar ilk növbədə elə onların maliyyələşdirdiyi qüvvələr arasında sabitliyi pozub. Onların simasında bir daha  görürük ki, bu insanları özlərinin iddia etdikləri kimi vətən, xalq kimi müqəddəs məfhumlar qətiyyən maraqlandırmır. Onlar üçün ən müqəddəs ideologiya elə puldur. Pul, qrant məsələsindən fikir ayrılığı ortaya çıxan kimi onların öz sözdə bəyan etdikləri ideyalarına, xalqa, dövlətə əsl münasibətləri də ortaya çıxır. Bunun saxta blefdən başqa bir şey olmadığı məlum olur”. 
Nəzakət Məmmədova əlavə etdi ki, bütün bu fəaliyyətlərin bir məqsədi var, o da çoxlu pul, gəlir əldə etmək: “Ən təhlükəlisi isə onların xaricdən maliyyə asılılığında olmasıdır. Çünki heç bir xarici təşkilat Azərbaycan xalqını sevdiyi üçün bu qrantları ayırmır, onların ölkəmizə qarşı çirkin niyyətləri, planları var  və bu adamlardan məhz həmin məqsədlərə çatmaq üçün istifadə etmək istəyirlər. Həmin məqsədlər hansılardır? Öz agentlərini hakimiyyətə gətirmək, ölkəni öz təsiri altına almaq və özlərinə sərf edən formada bəhrələnmək. İlham Əliyev müstəqil liderdir, onu heç bir qüvvə öz iradəsi ilə hərəkət etməyə təhrik edə bilməz. Buna görə də xaraktersiz, qrant naminə vətəninini, millətini istənilən yerdə satmağa hazır olan adamların bu ölkədə rəhbərliyə gətirilməsini istəyirlər. Adlarını çəkdiyimiz həmin müxalifətçilər liderləri və media rəhbərləri bunu yaxşı bilirlər. Sadəcə, onların bir arzusu var: bu da pul və hakimiyyətdir. Demokratiya, insan haqları və s. kütlə hesab etdikləri xalqın gözündə kül üfürməkdən başqa bir şey deyil. Qrant davasını müşahidə edən hər kəs bu şəxslərin saxtakar, pulgir olduqlarını bir daha gördülər. Bundan sonra onların səmimiyyətinə yalnız avam, sadəlövh şəxslər inana bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz