Əlaqə Arxiv
news Image
2018.05.19
11:40
| A A A
Ermənilərə yeni aprel dərsləri vermək lazım gələcək
Rasim Ağayev: “Bu, onun strategiyası deyil, ümumiyyətlə, erməni mövqeyidir” Məmməd Əlizadə: “Yeni erməni rəhbərliyinin Qarabağ məsələsində əvvəlkilərin etdiyi məqsədyönlü siyasəti təkrarlaması münaqişənin yenidən alovlanmasına gətirib çıxaracaq”

Ermənistanın yeni hakimiyyəti Qarabağ məsələsində ümumiyyətlə, qəbuledilməz açıqlamalar verir. Məsələn, baş nazir Nikol Paşinyan vəzifəyə seçiləndən sonra işğal edilmiş Azərbaycan torpaqlarına qanunsuz olaraq gedərkən, orada bildirdi ki, Dağlıq Qarabağın separatçı rejimi də danışıqlar prosesinə qatılmalıdır.  Yaranmış bu vəziyyət onu göstərir ki, yeni hökumət də çalışacaq ki, danışıqlarda pozitiv nəticələr əldə edilməsin. Ona görə də qəbuledilməz və qərəzli, münaqişənin həllinə deyil, əksinə onun daha da kəskinləşməsinə xidmət edən məsələləri gündəmə gətirirlər.

Politoloq Rasim Ağayev qeyd etdi ki, Paşinyanın Qarabağ məsələsi ətrafında qəbuledilməz açıqlamalarla çıxış etməsi heç də naşılıqdan irəli gəlmir, bu, ermənilərin məqsədyönlü siyasətidir: “Paşinyanın mövqeyi əvvəldən bəlli idi. Onun Qarabağ məsələsində fikirləri ondan ibarət idi ki, Qafqazda aranı qarışdıran Rusiyadır. İkincisi, bildirirdi ki, Ermənistanın gələcəyi Qərblə bağlıdır. Qarabağ məsələsinə gəldikdə isə, deyib ki, bu ərazi Ermənistanındır, onu almışıq və qaytarası da deyilik.

Yəni Paşinyanın Dağlıq Qarabağ məsələsində sərgilədiyi mövqe heç də naşılıqdan irəli gəlmir. Bu, onun strategiyası da deyil, ümumiyyətlə, erməni mövqeyidir.  Möqsədyönlü xarakter daşıyır.  Erməni siyasi qüvvələrin təfəkküründə heç bir dəyişiklik olmayıb. Bunu onlardan gözləmək də lazım deyil. Ermənilərdə bu fikir çoxdan qəbul olunub. Heç kim də ona açıq-aşkar şübhə bildirmir.  Paşinyanın Qarabağ məsələsində fərqli fikri olsaydı, onu deyərdi. Yəni Qarabağ məsələsində ermənilərdə dəyişiklik yoxdur”. 

Yeni erməni hökumətinin də Qarabağ məsələsində qəbuledilməz fikirlər səsləndirməsinə rəğmən həmsöhbətimiz düşünmür ki, indiki halda yaranmış vəziyyət savaşın yenidən alovlanması ilə nəticələnməyəcək: “İndiki zamanda, bu görünmür. Ona görə ki, müharibəni ya Azərbaycan, ya da Ermənistan özü başlaya bilər. Mövcud status-kvo vəziyyəti İrəvanın marağına cavab verir. Azərbaycan da dəfələrlə bəyan edib ki, məsələni sülh yolu ilə həll etmək istəyir. Ancaq siyasi təcrübə göstərir ki, sülh yolu ilə erməniləri konstruktiv mövqeyə gətirmək çətin olacaq. Ermənistanda siyasi rəhbərlik dəyişsə də, Qarabağ məsələsində yeni hökumətin mövqeyi əvvəlkindən heç nə ilə fərqlənmir. Ermənilər çoxdan belə bir siyasət yürüdürlər”. 

Politoloq Məmməd Əlizadə bildirdi ki, yeni erməni hakimiyyəti Qarabağ məsələsində konstruktiv mövqeyə gəlməsə, aprel savaşı yenidən təkrarlanacaq: “Ermənistanda kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, onların Dağlıq Qarabağ məsələsində konstruktiv mövqedən danışıcağını gözləmək yersizdir. Nə qədər ki, onlara təzyiq olmayacaq, hakimiyyətə gələn hər bir erməni Qarabağ məsələsində əvvəlki işğalçı, düşmən siyasətlərini davam etdirəcəklər. Bunu indiki baş nazir Paşinyana da aid etməliyik.

Xatırlayırsınızsa, Paşinyan hakimiyyətə gələr-gəlməz tələm-tələsik qanunsuz yolla Dağlıq Qarabağa səfər etdi. Burada da sərsəm açıqlama verərək, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə qatılmasının vacib olduğunu dilə gətirdi. Düşünmürəm ki, bu kimi münaqişənin həllinə zərər vuran fikri səsləndirməsi onun naşılığı və təcrübəsizliyindən irəli gəlir.  Sadəcə olaraq, o da əvvəlki rəhbərlər kimi hadisələrə erməni xislətindən, erməni prizmasından yanaşır. Ona görə də Paşinyanın həmin qəbuledilməz açıqlamaları qərəzli olmaqla yanaşı, məqsədyönlü xarakter daşıyır. Deməli, yeni Paşinyan da əvvəlki rəhbərlik kimi danışıqlara ancaq danışıq xatirinə qatılmağı düşünür və münaqişənin həlli istiqamətində irəliləyişin olmasını isə ağlına belə gətirmək istəmir. Sözsüz ki, yeni erməni rəhbərliyinin də Qarabağ məsələsində əvvəlkilərin etdiyi məqsədyönlü siyasəti təkrarlaması münaqişənin yenidən alovlanmasına rəvac verə bilər. Çünki, Azərbaycan heç bir halda, heç bir zaman torpaqların işğal altında qalması ilə barışmayacaq. Ona görə də ya sülh yolu ilə torpaqlarımızı azad etməlidirlər. Ya da 2016-cı ilin aprel döyüşləri yenidən təkrarlanacaq və bu dəfə ermənilər daha ağır zərbələrə məruz qalacaqlar”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz