Əlaqə Arxiv
news Image
2018.05.22
10:00
| A A A
Təcavüzkar ölkə öz siyasətinin güdazına gedir
Ermənistan iqtisadiyyatı barıtı olmayan giliz kimidir, tətiyi çəkilsə də atəş açılmır

2017-ci il Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, sənaye və kənd təsərrüfatı sahələri tamamilə çöküb. İqtisadi geriləmə biznes mühitinə də zərər vurub. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis vəziyyətdə yaşamağa başlayıb. Rusiyalı ekspert Oleq Kuznetsovun fikrincə, 2018-ci ildə də Ermənistanın durumu çox ağır olacaq. Ermənistanın “İrs” partiyasının sədr müavini Armen Martirosyan ilin əvvəlində yerli televiziyaya müsahibəsində bildirmişdi ki, 2018-ci ildə ölkədə sosial-iqtisadi vəziyyətin son dərəcə pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. O, bu il də Ermənistan iqtisadiyyatının inkişafının sıfıra enəcəyini bildirib. Qeyd edib ki, indiki rejimin hakimiyyətdə olduğu dövr ölkəni yalnız məhvə aparıb. Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumi daxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb. Ermənistan yeni ilə köhnə problemlərlə girdiyini deyən Rusiyalı ekspert Oleq Kuznetsovun fikrincə, proseslər belə davam edərsə, ölkədə Sovet dönəmindən qalma miras tamamilə tükənəcək və Ermənistan iqtisadiyyatı tamamilə çökəcək.

Belə kədərli statistika Dünya İqtisadi Forumunun hesabatında yer almışdı. Sənəddə Ermənistan iqtisadi cəhətdən dünyanın ən geridə qalmış ölkələrindən biri adlandırılır. DİF-nun hesabatında Ermənistanın region ölkələri içərsində iqtisadi göstəricilərinə görə 40-50  pillə geridə qaldığı bildirilir. Bunun bir səbəbi ixrac qabiliyyətli məhsulların istehsalının zəif olamsıdır. Bu iqtisadiyyatın inkişafında əsas şərtlərdən biridir. Üstəlik Ermənistanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna rekord həddə borcu var. Digər tərəfdən isə  Ermənistana yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır. Erməni iqtisadiçıları bunun günahını hakim rejimdə görürlər. Sənayeçilər və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan sərmayəçilər üçün ənənəvi maneələrin hələ də mövcud olduğunu bildirir.  Bu səbəbdən iqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistana sərmayə qoymağa ehtiyat olunur. Məlumata görə son bir ildə ölkəyə cəmi 1 milyon 900 min dollar məbləğində birbaşa investisiya daxil olub ki, bu da əvvəlki  illə müqayisədə 5 dəfə azdır.  Ekspertlər qarşıdakı illər üçün bədbin proqnozlar verirlər.  Bunun isə onsuz da böhran içində olan Ermənistan iqtisadiyyatına ciddi zərər vuracağı bildirilir.
Belə ağır durumda olan ölkədə məntiqi olaraq məxməri inqilaba şərait yarandı və xarici qüvvələrin təsiri ilə xalq küçələrə axışdı. Keçmiş hakimiyyət əlacsız şəkildə istefaya getməli oldu. Amma nə fayda, küçə yürüşlərinin yetirməsi olan yeni baş nazir Nikol Paşinyan belə görünür ki, sələfinin səhvlərini təkrar etmək niyyətindədir. O, ölkəsinin siyasi hakimiyyətinin təcavüzkarlıq planından əl çəkmək niyyətində deyil. Bu isə o deməkdir ki, Ermənistan yenə də Azərbaycanın iqtisadi blokadasından çıxa bilməyəcək. Və boyunduruq altında inləməkdə davam edəcək.
Mayın 18-də birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə keçirilən “Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri” mövzusunda seminarda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb. Nazirin dediklərinin arxasında real faktlar dayanır. 
Son bir ildə Azərbaycan iqtisadiyyatına böyük hissəsi xarici investorlara aid olan 3,5 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatları 2,2 milyard dollar artaraq  44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, qeyri-neft ixracı 37 faiz artıb. 
Texniki-iqtisadi göstəricilərinə görə regionun liderlini uzun illərdir ki, əlində saxlayan Azərbaycan avtomatik olaraq bütün xarakterli nəhəng layihələri həyata keçirmək və ya onda iştirak etmək imkanına malikdir. Buna görə də Cənubi Qafqazda baş tutan yerli və xarici layihələrin hamısında Azərbaycanın iştirakı vacib sayılır və ona önəmli rol ayrılır. Bu səbəbdən Azərbaycan qonşu Gürcüstanın dost münasibətinə görə layihələrdə onun iştirakını məqbul saysa da Ermənistan təcavüzkarlığı ucbatından bu imtiyazdan məhrumdur. Ona görə də artıq borclu olduğu ölkələrlə yanaşı Azərbaycandan da asılı vəziyyətə düşüb.  Əgər yeni baş nazir Nikol Paşinyan reallığı dərk edib konstruktiv mövqe sərgiləməsə, onda Ermənistan düşdüyü bataqlıqdan çıxa bilməyəcək.
N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz