Əlaqə Arxiv
news Image
2018.05.23
09:50
| A A A
Qarabağ ermənilərinin xilası Bakının əlindədir
Azər Həsrət: “Erməni şərhçisinin bu etirafı Azərbaycanın nə qədər haqlı olduğunu bir daha təsdiqləyir”

Erməni siyasi şərhçi Arutün Qriqoryan bildirir ki, Qarabağda mövcud diktatura və şərait əhalinin bir gün Azərbaycanın tərkibində yaşamaq istəyini artıra bilər. “Əgər İrəvan buna müdaxilə etmirsə, ağır vəziyyətdə yaşayan əhali nicat yolu kimi Bakını seçə bilərlər”. 

Qeyd edək ki, separatçı rejimin nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan əhali hazırda çox ağır durumda yaşayır. İnsanlar ən adi yaşayış imkanlarına belə malik deyillər. Bunun nəticəsidir ki, Ermənistanda olduğu kimi Dağlıq Qarabağın erməni əhalisi də çıxış yolunu xaricə qaçmaqda axtarır. Digər tərəfdən, separatçı rejimin faşistpərəst siyasəti, insanları daim qorxu altında saxlaması da Azərbaycanın hazırda müvəqqəti işğal altında olan Qarabağ ərazisində yaşayan erməni sakinlərinin durumunun olduqca ağır olmasına gətirib çıxarıb. Bu fonda Azərbaycan isə yürüdülən uğurlu siyasət nəticəsində sürətlə inkişaf edir. Ölkəmizdə əhalinin rifah halı günü-gündən yüksəlir. Azərbaycan yaşayış imkanları baxımından artıq inkişaf etmiş ölkələr sırasına çıxmağa çalışır.
 Ölkəmizin beynəlxalq aləmdə də nüfuzu daim artır. Getdikcə daha çox dövlət və beynəlxalq təşkilatlar Azərbaycanla hesablaşır, ona hörmət edir. Yəni bütün göstəricilərə görə Azərbaycan düşmən ölkədən qat-qat üstündür. Bunu dünya birliyi gördüyü kimi, aydın məsələdir ki, həm Ermənistanda, həm də işğal altında olan Dağlıq Qarabağda yaşayan ermənilər də görür və nəticə çıxarırlar. 
Siyasi icmalçı Azər Həsrət erməni şərhçisinin həmin etirafını yüksək qiymətləndirdi: “Məsələ ondadır ki, erməni siyasi şərhçi Arutün Qriqoryan illərdir bizim dediklərimizi təkrarlayır, dilə gətirir. Ermənistan siyasi xadimləri uzun illərdir bu gerçəkliyi dilə gətirməkdən çəkinirdi. Çalışırdılar ki, heç kim bu gerçəkliyi onların dilindən eşitməsin. Amma indi reallığı anlayan, reallıq hissini itirməyərək real mənzərəni dilə gətirməkdən çəkinməyən insanlar meydana çıxmağa başlayıb. 
Doğrudan da Dağlıq Qarabağdakı vətəndaşlarımız oradakı işğalçı rejim və ona dəstək olan bölücülərin girovudurlar. Bu adamlar Azərbaycanın hər bir güşəsində yaşayışın yüksək səviyyədə olmasını, xüsusən də ölkəmizdə gedən inkişaf prosesini izləyə bilir və bu fonda da müqayisə aparırlar. Apardıqları müqayisə fonunda da açıq şəkildə görürlər ki, Azərbaycanın işğal altında olan torpaqları bərbad vəziyyətdədir, xarabazara çevrilib və mövcud şəraitdə perspektivi yoxdur. Amma ölkəmizin digər əraziləri sürətlə inkişaf edir və insanların rifah halı daha da yüksəlir. İşğal altındakı Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarımız bu gerçəkliyi görür və dilə gətirirlər. Sadəcə olaraq, işğalçı rejim onlara bu gerçəkliyi daha uca səslə səsləndirməyə imkan vermir. 
Ermənistanda bildiyiniz kimi, hakimiyyət dəyişib, yeni situasiya yaranıb. Ona görə də işğalçı ölkədə daha tez-tez bu reallığı dilə gətirməyə başlayırlar ki, işğal altında qalan ermənilər nəhayət dözümsüzlük nümayiş etdirib işğalçı və bölücülərdən yaxa qurtarmaq üçün ayağa qalxacaqlar. Nəticə etibarı ilə bu da hazırda işğal altında olan Azərbaycan Respublikası ərazilərinin Azərbaycanın yurisdiksiyasına qaytarılmasına gətirib çıxaracaq. Ermənilərin bu etirafı illərdir dediyimizin bariz nümunəsidir. İllərdir bunu deyirdik. Amma təəssüflər olsun, özlərini azərbaycanlı adlandıran, ancaq anti-Azərbaycan fəaliyyətilə olanlar bunun əksini deyərək, iddia edirdilər ki, guya işğal altındakı Dağlıq Qarabağda həyat şəraiti, insan haqları daha yüksək səviyyədədir, guya orada bütün azadlıqlar təmin edilib. Azərbaycanlı olub, ruhunu beləcə ermənilərə satmış bəzi bədxahlarımız məhz bu cür mövqedən çıxış etməklə Azərbaycanı haqsız yerə tənqid edirdilər. 
İkinci bir tərəfdən, beynəlxalq insan hüquqlaqrını müdafiə etdiyini iddia edən «Freedom House» adlı təşkilat  daim Azərbaycan Respublikasını azad olmayan ölkə elan edib. Ermənistanın isə bir qayda olaraq yarımazad ölkə olduğunu bildirirdilər. Eyni zamanda, işğal altında olan Dağlıq Qarabağı da ayrı bir vahid olaraq yarım azad bölgə kimi qələmə verirdilər. Bütün bunlara rəğmən, erməni şərhçisinin həmi etirafı ölkəmizin nə qədər haqlı olduğunu bir daha təsdiqləyir. 
Azərbaycan Respublikası doğrudan da bütövlükdə Cənubi Qafqazın aparıcı, lider dövlətidir. Həm əhalinin rifah halına, həm də ölkədə gedən sürətli inkişaf proseslərinə görə, Azərbaycan öndədir. Bunu ermənilərin özləri də yaxşı görür və hiss edirlər. Ermənilərin bu istiqamətdə etdikləri etirafı yüksək dəyərləndirir və düşünürəm ki, belə düşünən ermənilərin sayı artdıqca, Qarabağ münaqişəsi də bütövlükdə dinc yolla daha rahat həll oluna bilər. Nəticədə sadəcə, Qarabağdakı ermənilər deyil, bütövlükdə Ermənistanın özündəki ermənilər də xoşbəxt günlərə qovuşa bilərlər. Əks təqdirdə, onların hazırda yaşadıqları bərbad vəziyyəti daha da pisləşəcək”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz