Əlaqə Arxiv
news Image
2018.05.23
10:00
| A A A
Enerji əməkdaşlığı iki ölkəni strateji tərəfdaşa çevirib
Serbiya və Azərbaycan dövlətləri beynəlxalq siyasətin mühüm məsələlərində bir-birlərini dəstəkləyirlər

Mayın 21-də Azərbaycanda səfərdə olan Serbiya prezidenti Aleksandr Viçuç ilə görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsinin başlanmasına səbəb olub. Azərbaycan prezidenti İlham Əliyev həmkarı ilə görüşdə iki ölkə arasındadkı münasibətləri belə dəyərləndirib: “Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparırıq. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir”.

Məsələ burasındadır ki, keçmiş Yuqoslaviyanın varisi sayılan bu Mərkəzi Avropa ölkəsi bir sıra siyasi səbəblərə görə Avropa İttifaqının üzvü deyil. Halbuki, coğrafi, habelə iqtisadi nöqteyi-nəzərdən bu, məntiqi görünmür. Bunun əsas səbəblərindən biri də Kosovo Respublikasının yaranması və Serbiyanı Rusiya Federasiyası ilə sıx əlaqədə olmasıdır. Buna görə də Serbiya beynəlxalq əlaqələrini ikitərəfli əməkdaşlıq telləri ilə inkişaf etdirir. Qeyd etmək lazımdır ki, ötən illər əırzində Azərbaycan-Serbiya əlaqələri yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Bu günlərdə Bakıda keçirilən görüş mühüm hadisə ərəfəsində ölkələrin gələcək əməkdaşlığının üfüqlərini müəyyənləşdirib. Belə ki, gələn ayın ortalarında Trans-Anadolu (TANAP) qaz kəməri işə düşəcək. Bu mühüm iqtisadi hadisənin son məqsədi Avropanın enerji təhlükəsizliyi proqramında önəmli yer tutmaqdır. Təbiidir ki, gələcəkdə kəmərin iqtisadi gücündən Serbiya da faydalanmaq istəyir. Çünki, 2015-ci ildə bağlanmış memaranduma görə Bolqarıstan və Serbiya hökumətləri bu kəmərdən mavi yanacaq almağı hədəfləyiblər. Vaxt-vədə yaxınlaşır və bu layihəni reallaşdırmaq üçün əməli addımlar atılmalıdır. Təsadüfi deyil ki, Bakı görüşündə mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti deyib ki,  Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır.
Səfər zamanı iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” çox mühüm sənəddir. Bu o deməkdir ki, artıq Azərbaycan və Serbiya respublikalarının strateji tərəfdaşlıq münasibətləri rəsmi qaydada təsdiqlənir. Bu ölkələrin beynəlxalq aləmdə birliyinin yaranması ilə yanaşı hər biri müvafiq surətdə Avropada və Cənubi Qafqazda özünə sədaqətli tərəfdaş qazanmış olur. Bunun nəticəsidir ki, enerji əməkdaşlığı indi yeni səviyyəyə qalxaraq qeyri-enerji sektorunu da əhatə etməyə başlayır. 
Azərbaycanın ərsəyə gətirdiyi BTQ dəmiryol qovşağı bu istiqamətdə güclü potensiala malikdir. Belə ki, Serbiya tərəfi bu yoldan istifadə üçün maraqlıdır və Bakı görüşündə bu marağın anonsları verilib. Bundan başqa Azərbaycan yolçəkənləri dost ölkədə uğurlu fəaliyyətə başlayıblar və indən sonra qeyri-neft sektorunda əməkdaşlıq daha sürətlə genişlənəcək. Sözsüz ki, Azərbaycan kənd təsərrüfatının ləziz məhsulları da serb ailələrinin süfrələrinin bəzəyinə çevriləcək. Çünki, cənubda yetişdirilən ərzaq məhsullarına şimal bölgəsindəki ölkələrdə həmişə böyük tələbat olur. Azərbaycanın bu sahədə artan ixrac potensialı Serbiyanın da maraq dairəsinə düşə bilər. 
N.NOVRUZ

Sizin Reklam Yeriniz