Əlaqə Arxiv
news Image
2018.05.25
08:00
| A A A
“Qarabağ klanı” yenidən Ermənistanda qanlı inqilaba hazırlaşır
Rasim Ağayev: “Hazırda Ermənistanda faktiki olaraq, hakimiyyət boşluğu hökm sürür” Aydın Ağayev: “Proses dərinləşsə, səriştəli düşmənləri təcrübələrindən yararlanaraq, Paşinyanı devirmək üçün ciddi fəaliyyətə keçə bilərlər”

Ermənistan mediası hazırda Xankəndində qalan “Qarabağ klanı”nın İrəvanda hakimiyyəti qaytarmaq üçün müxtəlif vasitələrə, hətta sui-qəsdlərə də əl ata biləcəyini yazır. Aydın məsələdir ki, hakimiyyəti itirmələrinə baxmayaraq, hələ də “Qarabağ klanı” müəyyən dərəcədə öz təsir gücünü saxlayır. Ən azından hazırkı parlamentdə məğlub və məyusluq  durumuna düşmələrinə baxmayaraq, Serj Sarkisyanın Respublika Partiyası çoxluq təşkil edir. Başlıcası isə Dağlıq Qarabağdakı separatçı rejim məhz sözügedən klanın təmsilçiləri olaraq qalır. 

Digər tərəfdən, Ermənistanda hakimiyyəti ələ keçirmək və yaxud qaytarmaq üçün bu günə qədər olan bütün cəhdlərin məhz qeyri-sivil yollar, sui-qəsdlər nəticəsində baş verdiyinin dəfələrlə şahidi olmuşuq. Bu ölkədə hakimiyyətə gələn, onu yenidən ələ keçirənlər də ancaq və ancaq qeyri-sivil yollardan istifadə etməklə buna nail olub və yaxud həmin istiqamətdə uğursuz da olsa cəhdlərdə bulunublar. Yəni işğalçı ölkə olan Ermənistanda belə yollarla hakimiyyətə gəlmək və ya yenidən qayıtmaq adi haldır. Başqa bir tərəfdən, Paşinyan hakimiyyətinin mövqeyi hələ möhkəm deyil. Yuxarıda qeyd edildiyi kimi, onu məcburiyyət qarşısında seçməyə məhkum olan parlamentdə çoxluq elə “Qarabağ klanı”nın idarə etdiyi Respublika Partiyasına məxsusdur. İkinci bir tərəfdən, Ermənistanda hakimi-mütləq olan Rusiya da qərbpərəst Paşinyana etibar etmir. Sadəcə, hələlik ona dözür. Amma elə bir vəziyyət yarana bilər ki, məhz Moskva Paşinyanın devrilməsi və Sarkisyanın özü olmasa da sözügedən klandan olan  tərəfdarlarının yenidən hakimiyyətə gəlməsini təşkil edə bilərlər. Bunu Ermənistan kimi forpost bir ölkədə həyata keçirmək  Moskva üçün olduqca asan bir məsələdir. Paşinyan hazırda onu iqtidara gətirən xalqa arxalanır. Amma Paşinyanın bundan sonra atacağı addımlardan asılı olaraq xalq bir müddətdən sonra ondan üz də döndərə bilər. Bu fonda “Qarabağ klanı”nın yenidən mövqeləri ələ keçirməsi üçün istər-istəməz fürsət yaranır. 
Politoloq Rasim Ağayev “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtmaq üçün müxtəlif cəhdlərdə bulunacağını istisna etməsə də, həmin istəyin reallaşacağını düşünmür: “Hazırda Ermənistanda faktiki olaraq, hakimiyyət boşluğu hökm sürür. İşğalçı ölkə bilirsiniz ki, uzun illərdir böhran içində yaşayır. Bu böhran da təkcə iqtisadi böhranla bağlı deyil. Əslində iqtisadi böhran elə siyasi böhranın davamıdır. Bu fonda erməni mətbuatı “Qarabağ klanı” və yaxud Sarkisyanın yenidən hakimiyyətə qayıda biləcəyi barədə iddialar irəli atırlar. 
“Qarabağ klanı” hakimiyyətdə olduğu müddətdə ermənilərin hansı problemini həll edə bildi ki, yenə də rahatca iqtidara gəlməyi və gəlməklə yanaşı, hakimiyyətlərini saxlamağı düşünürlər? Əslində, sözügedən klanın yenidən hakimiyyətə qayıdışı nəzəri baxımdan mümkün ola bilər. Vaxtilə Ayaz Mütəllibov da yenidən hakimiyyətə qayıtdı. Lakin onun bu hakimiyyəti cəmi 1 gün çəkdi. Bu mənada Sarkisyan da yenidən iqtidara gəlməyə cəhd göstərsə, həmin addım Ermənistanda vətəndaş qarşıdurmasının birmənalı olaraq daha da sətrləşməsilə nəticələnəcək. Birmənalı olaraq deyərdim ki, Sarkisyanın və onunla birlikdə “Qarabağ klanı”nın Ermənistanda kitabı bağlanıb. Sarkisyan dostu, fırıldaqçı Köçəryan kimi gedib yalanları uydurmaqla memuar yazsa, daha yaxşı olar”. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Ermənistanda hökm sürən ağır durum dərinləşsə, ondan istifadə edərək, “Qarabağ klanı” Paşinyanı devirmək üçün ciddi fəaliyyətə keçə bilər. Ancaq bu, həmsöhbətimizə görə, belə tez baş verməyəcək: “Yeni Paşinyan  hökumətinin fəaliyyətini izləyən bəziləri və təbii ki, köhnə iqtidar tərəfdarları maraqlıdır ki, Ermənistanda “Qarabağ klanı” yenidən hakimyyətə qayıtsın. Bu cür informasiyaların gündəmə gətirilməsində də məhz onlar maraqlıdırlar. Amma bunun üçün vaxt lazımdır. Əsas şərt odur ki, yeni hökumət səriştəsiz olduğunu bütün ölkəyə nümayiş etdirsin. Məhz o halda hakimiyyətdən uzaqlaşdırılan klan hərəkətə keçəcək. Lakin bunun belə tezliklə baş verəcəyini söyləmək bəlkə hələ doğru olmazdı. Hər halda hadisələrin sonrakı inkişafını gözləmək lazımdır. Hərçənd bəzi təhlilçilər Paşinyanın iqtidarına 1 ildən artıq vaxt vermir. Baxmaq lazımdır, Paşinyanın daxili və xarici siyasəti necə formalaşacaq. Bu isə hələ tam olaraq məlum deyil. Paşinyanı hakimiyyətə gətirən küçə başqa tələblərlə çıxış edəndə təbii ki, o hökumət başçısı kimi bütün həmin tələbləri yerinə yetirmək iqtidarında olmayacaq. Çünki bu cür ölkə idarə oluna bilməz. 
Proses dərinləşsə, səriştəli düşmənləri təcrübələrindən yararlanaraq, Paşinyanı devirmək üçün ciddi fəaliyyətə başlaya bilərlər. Paşinyan hakimiyyətə gətirdiyi qüvvələrin ümidlərini doğrultmasa, sözsüz ki, vəziyyəti yaxşı olmayacaq. Xarici siyasətdə göstərdiyi əlamətlər bu istiqamətdə hələ ciddi nəsə söyləməyə əsas vermir. Yalnız ehtimallar irəli sürülür ki, yeni hökumət Rusiyadan uzaqlaşacaq. Dəfələrlə demişəm, yenə də vurğulayıram, Ermənistanda istənilən hakimiyyət üçün Rusiyadan uzaqlaşmaq həmin iqtidarın sonu demək olacaq. Paşinyan və onu hakimiyyətə gətirənlər buna hazırdırlarsa, onda başqa hadisələr olacaq”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz