Əlaqə Arxiv
news Image
2018.05.26
08:00
| A A A
Dünya boyu yeni silahlanma yarışı başlanır
Zərdüşt Əlizadə: “Hərbi üstünlük dövlətlərə öz geosiyasi, hərbi maraqlarını digərlərinə qəbul etdirmələrinə imkan verir, ona görə də silahlanma yarışına girişirlər”

Böyük dövlətlər yeni silahlanma yarışına başlayır. ABŞ, Çin və Rusiya bu yarışda ən öndə gedən dövlətlərdir. Hazırda ABŞ-ın hərbi büdcəsi 700 milyard dollara çatıb. Çin isə hər il silahlanmaya 250 milyard dollardan çox vəsait xərcləyir. Rusiya da cari ilin hərbi büdcəsi 47 milyard dollar təşkil edir. Özü də indiki silahlanma prosesi ən müasir və daha təhlükəli silahların istehsalı ilə müşayiət olunur. 

Aydın məsələdir ki, dünyanın aparıcı dövlətləri sürətlə silahlanmanı həm də yaşadığımız planetin müxtəlif məkanlarında öz geostrateji planlarının reallaşması üçün həyata keçirirlər. Hazırda dünyanın bir çox regionlarında baş qaldıran hərbi toqquşmalar da bu mənada dünya gücləri üçün əlverişli fürsətdir. ABŞ, Rusiya, Çin, hətta imkan yarananda Avropa İttifaqının aparıcı dövlətləri  yaşanan hərbi toqquşmalardan istifadə edərək, həm öz silahlarını satır, həm də gərginlik yaranan bölgələrdə öz geosiyasi maraqlarının həyata keçməsinə çalışırlar. Məhz bunun nəticəsidir kii, hazırda Yaxın Şərqdə Suriya, Yəmən kimi münaqişə ocaqları yaranıb. Eyni zamanda, bir sıra ərəb ölkələri neftdən gələn gəlirin bir hissəsini məhz xaricdən ən müasir silahları almağa yönəldirlər. Bəs, yenidən “canlanan” sürətlə silahlanma yarışı nəyin göstəricisdir və dünya üçün hansı təhdidlər yaradır? 
Politoloq Zərdüşt Əlizadə bildirdi ki, silahlanma yarışı öz mövqeyini başqalarına diktə etmək, digərlərini özlərindən asılı vəziyyətdə saxlamaq məqsədi daşıyır: “Dünyada silahlanma yarışı daim olub. Xüsusən də silahlar müasir texnologiya əsasında hazırlanmağa başlayanda, aviasiya, tanklar, raketlər, nüvə silahının təkmilləşdirilməsi istiqamətində böyük dövlətlər cani dildən iştirak ediblər. Çünki hərbi üstünlük həmin dövlətlərə özlərinin geosiyasi, hərbi maraqlarını digərlərinə qəbul etdirmələrinə imkan verir. 
Vaxtilə dünya ikiqütblü olanda, ABŞ-la SSRİ arasında silahlanma yarışı başladı və bir paritet, müvazinət yarandı. Bu fonda da nüvə müharibəsi, dünya savaşı təhlükəsi sovuşdu. Hazırda isə hələlik Amerika silahlanma yarışında liderliyini qoruyub saxlayır. Amma bununla belə ABŞ hiss edir ki, təkbaşına ağalıq dövrü geridə qalır. Məhz buna yol verməmək üçün də öz hərbi büdcəsini daim artırır. Təsadüfi deyil ki, tək Amerikanın hərbi büdcəsi bütün yerdə qalan dünya dövlətlərinin hərbi büdcəsindən çoxdur. Ona görə də elmi tədqiqatlara, yeni növ hərbi silahlara daha çox üstünlük verməyə başlayıblar. 
Sözsüz ki, ABŞ-ın təkbaşına hegomonluğuna razı olmayan dövlətlər də var. Onlarin da başında Çinlə Rusiya dayanır. Çin özünün hərbi xərclərini artıraraq silah istehsalına geniş yer verməyə başlayıb. Bu günlərində Çin özünün ikinci aviasiya hərbi gəmisini sınaqdan keçirib. Hətta elan ediblər ki, bu istiqamətdə artıq yenisinin də təməli qoyulub. Məlumatlara görə, Çin say etibarı ilə ABŞ-ın aviasiya daşıyan gəmilərinə çatmaq üçün bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Görünən odur ki, ABŞ özünün hərbi-dəniz qüvvələrinin gücü ilə öz siyasətini bütün dünyaya qəbul etdirmək istəyir, amma Pekin ona qarşıdır. Rusiya da silahlanma yarışına qoşulub. O da öz hərbi gücünü artırmağa çalışır. Əlbəttə ki, Rusiyanın iqtisadi gücü elə də möhkəm deyil. Bu güc Amerikanın
hərbi və maliyyə gücünün ancaq onda biri qədərdir. Belə bir şəraitdə dünyada sürətlə silahlanma yarışı gedir. Qanunun aliliyi işləməyən yerdə hətta kiçik dövlətlər də silahlanma yarışına qoşulurlar. Maliyyə imkanları olmayan Ermənistana silahları Rusiya pulsuz verir. Bu fonda Rusiya həmçinin imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Yaxın Şərq, Afrika, Latın Amerikasında da bir çox ölkələr silahlanmaya geniş yer verməyə başlayıb. Nəticədə xalqların rifah halını yaxşılaşdırmağa hesablanmış milyardlarla vəsait silah istehsalçıları və sahiblərinin ciblərinə axır. Sürətlə silahlanma yarışı fonunda heç şübhəsiz dünyada müharibə təhlükəsi də artır. Dünyada ən böyük gəlir gətirən sahələr arasında ilk yerdə narkotik istehsalı dayanır. İkinci yerdə, qadın alveridir. Silahlanma yarışı isə üçüncü ən böyük gəlir verən sahədir. Odur ki, aparıcı dünya dövlətləri silahlanmaya geniş yer verirlər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz