Əlaqə Arxiv
news Image
2018.05.26
09:00
| A A A
ABŞ Qarabağ məsələsində aktiv mövqeyə keçir
Natiq Miri: “ABŞ prezidenti məktubundakı açıqlama ilə artıq Qarabağ münaqişəsinin həllinin Vaşinqton üçün geosiyasi maraq kəsb etdiyinə işarə vurub”

Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirir ki,  qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. 

Qeyd edək ki, son illər ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən biri olaraq ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyi hiss olunmur. Prosesdə həmsədr ölkələri arasında Moskvanın aktivlik nümayiş etdirdiyi görünür. Belə ki, konfliktin həllilə bağlı əksər danışıqlar prosesi Rusiya ərazisində və bu ölkənin dövlət başçısının iştirakı ilə baş tutub. Vaşinqton isə bu məsələdə öz məqamının çatması üçün sanki gözləmə mövqeyi tuturdu. Belə bir vəziyyətdə, gözlənilmədən Tramp bəyan edir ki, qarşıdan gələn aylar Qarabağ konfliktinin həlli üçün imkanlar açacaq.  
Politoloq Natiq Miri bildirdi ki, həmin açıqlama ilə Tramp Qarabağ konfliktinin həllinin Vaşinqton üçün artıq geosiyasi maraq kəsb etdiyinə də işarə vura bilər: “ABŞ-ın hazırkı Prezidenti Donald Trampın istənilən açıqlamasına, yaxud da bu adminstrasiyanın istənilən məktubuna o qədər də ciddi yanaşmaq doğru deyil. Bilirsiniz ki, həm Trampın özü, həm də adminstrasiyası qlobal səviyyədə tamamilə etimadı itirib. Qəbul olunan qərar, yaxud da imza atılan istənilən bir müqavilə Vaşinqton tərəfindən sabahı gün çox asanlıqla təkzib edilir və ləğv oluna bilir. O baxımdan ABŞ hakimiyyəti dünya çapında artıq öz etibarını itirmiş vəziyyətdədir. Yəni ciddi olaraq qəbul olunmurlar. Ona görə Trampın sözügedən məktubunda Dağlıq Qarabağla bağlı səsləndirdiyi həmin fikri də ciddi qəbul etmək doğru olmazdı. Ancaq hər bir halda, Tramp ölkəmizə ünvanlanan məktubunda dediyi sözlərə əsasən bir neçə istiqamətin nəzərdə tutulduğunu söyləmək olar. 
Birincisi, məktubda deyilən həmin fikirlərlə son prezident seçkiləri ilə Azərbaycan Prezidentinin növbəti 7 ildə iqtidarda olması nəzərdə tutulur ki, Ağ Evin nəzərincə də bu müddətdə Bakı Dağlıq Qarabağ problemini həll etmək imkanına malikdir. Fikrimcə, qarşıdan gələn ayların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacağını deməklə Tramp birinci vurğunu məhz buna edilib. İkinci vurğu isə ola bilsin, Rusiyanın tədricən Cənubi Qafqazdan sıxışdırılması kontekstində Qarabağ münaqişəninin həlli üçün yeni imkanların yarana biləcəyinə işarədir. Söhbət Ermənistanda dəyişən hakimiyyət və yeni hökumətin formalaşmasından gedir. Bu kontekstdə də tədricən Ermənistanın Rusiya orbitindən uzaqlaşaraq, daha çox Qərbbə inteqrasiya xətti tutmasından söhbət gedir. Bu fonda indilikdə Rusiyanın Cənubi Qafqazdan kənara çəkilməsi hələlik mümkün deyil. Məsələ yalnız Moskva bölgədən sıxışdırılıb çıxarılandan sonra mümkünləşə bilər. Əslində, ABŞ prezidenti də buna işarə edir. 
Moskvanın Cənubi Qafqazda möhkəmlənməsi yalnız Ermənistan sayəsində mümkün olub. Çünki, bölgədə Rusiyanın son qalası məhz Ermənistandır. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra isə Qərb üçün əlverişli imkan yaranıb ki, gələcəkdə Rusiyanı tamamilə regiondan sıxışdıra bilsinlər. Paşinyanın rəhbərliyilə Ermənistan Rusiya orbitindən çıxacağı təqdirdə, bu, Moskvanın bölgəmizdən sıxışdırılması anlamına gələcək. Rusiyanın regiondan tamamilə sıxışdırılması isə həmçinin Dağlıq Qarabağ probleminin Moskvanın monopoliyasından çıxması demək olacaq. Yəqin, Tramp məktubunda buna da işarə verib. 
Həmçinin, ola bilsin, ABŞ-ın Tehrana yönəlik sərt siyasəti nəticəsində gələcəkdə İranın da sıxışdırılıb oyundan kənar vəziyyətə salınması nəzərdə tutula bilər. Ancaq hər bir halda, Tramp adminstrasiyası bu mesajla dolayısı ilə Cənubi Qafqazda ABŞ-ın geosiyasi maraqlarının artdığına da işarə edir. Bu kontekstdə də Dağlıq Qarabağ probleminin ABŞ üçün müəyyən mənada maraqlı bir siyasət olmasına işarə edir. Minsk qrupunun həmsədr ölkəsi olsa da, uzun illərdir bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi Vaşinqton üçün prioritet siyasət sayılmayıb. 
Dolayısı ilə ABŞ prezidenti məktubundakı açıqlama ilə artıq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Vaşinqton üçün müəyyən mənada geosiyasi maraq kəsb etdiyinə işarə edə bilər”.
Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz