Əlaqə Arxiv
news Image
2018.06.21
09:56
| A A A
Zəfər günü yaxınlaşır
Torpaqlarımızın işğaldan azad edilməsi üçün ordunun bütün hazırlıqları başa çatıb

Azərbaycanın regionda ən güclü orduya malik olması haqda söylənilən fikirlər bir çox mötəbər beynəlxalq qurumların, o cümlədən  hərbi ekspertlərin təsdiq etdikləri həqiqətdir. Bu gün Silahlı Qüvvələrimizin hərbi arsenalında T-72, T-80 və T-90 tankları, Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlər, müxtəlif döyüş təyyarələri, “Orbiter”, “Aerostar”, “Seacher”, “Hermes-450”, “Heron” tipli pilotsuz kəşfiyyat təyyarələri, Rusiya istehsalı olan S-300 PMU-2 “Favorit” və İsrail istehsalı olan “Barak-8” zenit-raket kompleksləri, “Green Pine” radarları və digər müasir silah növləri və digərləri mövcuddur. 2005-ci ildə yaradılan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində isə hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. Fərəhverici haldır ki, Azərbaycan region ölkələri arasında öz zirehli hərbi texnikasını istehsal edən ilk dövlətdir. Yerli hərbi sənayenin istehsalı olan 14.5 millimetrlik “İstiqlal” snayper tüfəngi isə göstəricilərinə görə öz sinfində dünyada ön sıralarda gedir.

Bu günlərdə, Azərbaycan Ordusunun 100 illik yubileyinə hazırlıqlar getdiyi vaxt ölkəmizin müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib: “Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb. Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”. Z. Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: "Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək".

Hərbi elm inkişaf edir, yeni silahlar yaranır, hərbi əməliyyatları və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün SQ bütün zəruri texnikanı alır. Cəmşid Naxçıvanski adına hərbi liseydə, Ali Hərbi Akademiyada və digər hərbi təhsil ocaqlarında təhsil alan gənclər özlərini hərbçi kimi görürlər və artıq məktəb partası arxasında hərbi işlərin əsaslarını öyrənirlər. Azərbaycan ordusunun vəziyyəti ildən-ilə yaxşılaşır. Hərbi qulluqçuların sayı azalmır, əksinə, müddətdən artıq hərbi xidmət keçənlərlə bağlı keyfiyyət yaxşılaşır. Hərbi xidmətdən sonra zəruri ixtisaslar üzrə hazırlıq kursu keçib, sertifikat alıb, sonra peşəkar səviyyədə öz vəzifələrini yerinə yetirirlər.

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun müasir döyüş hazırlığının necə yüksək səviyyədə olduğunu nümayiş etdirib. Lap bu yaxınlarda Naxçıvanda çox uğurlu əməliyyat keçirən Azərbaycan SQ-i 11 min hektar ərazini düşməndən azad edib. Düşmən təbliğatının neytral zona kimi təqdim etdiyi bu dezinformasiya barədə müdafiə naziri Zakir Həsənov aydın deyib:Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

Bəli, Azərbaycan Ordusu qüdrətlidir və bu imtiyazını dəfələrlə sübut edib. İndi düşmənə son həmlə qalır. Bu da ki, gündəmdədir. Ermənistan siyasi hakimiyyətinə edilən xəbərdarlıqların icra müddəti bitmək üzrədir. Əgər bir də Azərbaycan Ordusu hücuma keçsə, daha torpaqların bir hissəsi yox, hamısı işğaldan azad ediləcək. Ordumuz buna qadirdir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz