Əlaqə Arxiv
news Image
2018.06.23
09:00
| A A A
Azərbaycanın BMT-yə iradlarında tam haqlı olmasını qurumun baş katibi də təsdiqlədi
Qabil Hüseynli: “Quterreşin bəyanatı çox əlverişli perspektivlər açır, həmçinin danışıqlar stolu arxasında Azərbaycanın mövqeyinin güclənməsinə xidmət edir”

Xəbər verdiyimiz kimi, BMT baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər yerinə yetirilməməsi və qurumda aparılan islahatların bu qərarlara nə dərəcədə kömək edə biləcəyilə bağlı suala cavab verərkən bildirib ki, TŞ qərarlarının üzv ölkələr tərəfindən icrası vacibdir: “Biz ilk növbədə ölkələrin təmsil olunduğu BMT-nin suveren orqanlarının işi ilə indi apardığımız islahatları ayırmalıyıq. Təbii ki, Təhlükəsizlik Şurasının qərarlarının üzv ölkələr tərəfindən icrası çox vacibdir. Lakin bunun hazırkı islahatlarla əlaqəsi yoxdur. Bu islahatlar daha çox katibliklə bağlıdır. Təbii ki, yaxşı katiblik qərarların da icrasına kömək edəcək. Lakin əsas məsələ odur ki, üzv ölkələr BMT TŞ-nin qərarlarına hörmət etsin”.

Xatırladaq ki, sözügedən qurum 25 il bundan qabaq Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Lakin bu günə qədər həmin qətnamələr kağız üzərində qalmaqda davam edir. Onun icrası istiqamətində hələ də hansısa bir real addımlar atılmayıb. Azərbaycan dəfələrlə bu məsələni elə BMT iclaslarında qaldırsa da, qurum özünü elə aparır ki, sanki sözügedən qətnamələr ümumiyyətlə, olmayıb. Bak isə bunu tam ciddi irad tutub və qurumda qərarların icra mexnaizmlərin yaradılmasını təklif edib.

BMT-nin hazırkı baş katibinin yuxarıda qeyd edilən açıqlaması ondan xəbər verir ki, Quterreşin özü də qurum tərəfindən qəbul edilən qərarların üzv ölkələr tərəfindən icra edilmədiyini etiraf etməklə yanaşı, belə bir durumun yaranmasından narahatdır. Edilən bu etiraf fonunda, BMT TŞ-də qərarların icrasına nail olmaq üçün icra mexanizminin yaradılması mümkündürmü? İkinci, bir tərəfdən, mövcud vəziyyətdə BMT tərəfindən qəbul edilən qərarları yerinə yetirməyən dövlətlərə, məsələn Ermənistana qarşı sanksiyalar tətbiq edilə  bilərmi?

Politoloq Qabil Hüseynli bildirdi ki, BMT-nin verdiyi qərarların həyata keçməsi üçün qurum daxilində icra mexanizmlərinin yaradılmasına çalışmalıyıq: “BMT baş katibinin qurumun qəbul etdiyi qərarların ora üzv dövlətlər tərəfindən yerinə yetirilməsinin vacibliyilə bağlı qaldırdığı məsələ olduqca aktual məsələdir. Quterreş bu mənada öz sələflərindən fərqli olaraq artıq neçənci dəfədir ki, Dağlıq Qarabağ məsələsinə fəal münasibət bildirir.

O, qurumun qəbul etdiyi bəzi qətnamələrin icra edilmədiyini söyləməklə birinci növbədə Fələstin problemini, ikinci növbədə isə əlbəttə ki, Dağlıq Qarabağ məsələsini nəzərdə tutur. Azərbaycan BMT baş katibinin həmin fikrindən istifadə edərək sözügedən qurumda öz haqq səsinin həyata keçməsi üçün fəal işə keçməli, qətnamələrin yerinə yetirilməsilə bağlı ən azından təbliğat, beynəlxalq ictimai rəyi formalaşdırmaq istiqamətində ciddi işlər aparmalıdır. BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının iclaslarında məsələ ilə əlaqədar müraciətlər  edilməli və qurum qətnamələrin yerinə yetirilməsilə bağlı müəyyən mexanizmlərin formalaşdırılmasına  sövq edilməlidir. Zənnimcə, bu mənada Quterreşin bəyanatı çox əlverişli perspektivlər açır. Belə vəziyyət həmçinin danışıqlar stolu arxasında da Azərbaycanın mövqeyinin güclənməsinə xidmət edir. Bu fonda qərarları icra etməyən Ermənistana qarşı sanksiyaların tətbiqinə qədər  də müəyyən işlər görülməlidir. Ancaq sonda Ermənistana qarşı, qərarlara tabe olmamaqda davam etsə, qurum tərəfindən sanksiyalar da tətbiq oluna bilər. Həmçinin bölgəyə BMT-nin xüsusi sülhməramlı qüvvələrinin göndərilməsinə də nail olmaq mümkündür”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz