Əlaqə Arxiv
news Image
2018.06.23
10:40
| A A A
Analoqu olmayan dəyərlər diyarı
Ölkəmizin inkişafı xaricdə diqqətlə izlənilir və nümunə göstərilir

Fransa Senatında Qafqaz qrupunun rəhbəri, senator Alen Uper  bildirib ki, Azərbaycanın qarşılaşdığı çətinliklər ölkənin inkişafına, çiçəklənməsinə mane ola bilmir. Bu fikirləri o, mətbuata verdiyi müsahibədə dilə gətirib. Alen Uper Qafqaz qrupuna təzəlikcə rəhbər olub. Azərbaycanda bir dəfə olsa da, ölkəmiz haqda fransızların yazdığı məluçmatları çox oxuyub. Müasir dövr haqqında isə gündəlik informasiyalardan öyrənir. Onun fikirləri ətraflı olmaqla bərabər həqiqəti əks etdirməyi ilə qürurvericidir.

Azərbaycanın yerləşdiyi region coğrafi cəhətdən əlverişli, təbiətcə rəngarəng, təbii ehtiyatlar baxımından zəngin olduğu qədər strateji baxımdan çətin zonadır. Bu regionda, xüsusilə də Azərbaycanın ərazisində gözü olan qüvvələr çoxdur. Buna görə də opponentlərin və dostların diqqətini mürəkkəb vəziyyətdə baş verən sürətli inkişafın resursları daha çox maraqlandırır. Axı, sovet dönəmində ölkənin var-dövləti mərkəzə axırdı. Təbii ki, onun qalıqları da ağır idi. Lakin ziddiyyətlər burulğanında Azərbaycan özündə güc tapdı, ölkə rəhbərliyi ən optimal və xeyirli istiqaməti müəyyənləşdirməyi bacardı ki, bu gün Avropa Birliyi kimi inkişaf etmiş cəmiyyətlərin yığıncağında ölkənin uğurları haqqında ağızdolusu danışırlar.

Maraqlıdır ki, Azərbaycanda müxtəlifliyin tamlığı, yəni multikultural dəyərlər bə multikonfessial tolerantlıq ictimai xadimləri ən çox düşündürən məsələlərdəndir. Xarici filosoflar uzun illər imperiyaların basqısı altında olan bir xalqın bu cür yüksək dəyərlərə söykənən cəmiyyətə çevrilməsi prosesinin gedişatını təsəvvür etməkdə çətinlik çəkirlər. Buna görə dasim Azərbaycanı öyrənməyə can atırlar. Öyrəndikləri hər yeni keyfiyyət isə onların qarşısında yeni üfüqlər açır. Alen Uper deyir: “Məndə Azərbaycana qarşı çox böyük maraq oyadan və ölkənizə yaxınlaşdıran dünyəvi olmasıdır. Bu xüsusiyyət digər ölkələr üçün əsl nümunədir. Biz "Ərəb baharı" zamanı hakimyyətə qarşı çıxan müsəlman ölkələrinin çıxılmaz vəziyyətə düşdüklərinin şahidi olmuşuq. Onların devirdikləri hakimiyyətin başına kimlər gəldi? Həmin ölkələrdə rəhbərləri mövhumatçılar əvəzlədilər. Artlq 30 ildir ki, siz kommunizmdən uzaqlaşmısınız. Sovetlər dönəmində despot rejimdə yaşamısınız. Ona görə də asan deyil. Lakin bu çətin vəziyyətdən çıxmaqla bəxtiniz gətirib. Azərbaycan keçmişdə yaşadığı despot rejimlə Qərb demokratiyası arasında keçid yaratmağa nail olub. Ancaq bu gün bizim yaşadığımız demokratiyanı qurmaq üçün bizə 30 il deyil, iki əsrlik vaxt lazım olub”.

Azərbaycanda söz, mətbuat, vicdan və digər azadlıqların təmin olunması həqiqətən iqtisadi inkişafla yanaşı, bəlkə də ondan daha sürətlə baş verib. Müstəqilliyə qovuşandan cəmi bir neçə il sonra mətbuat üzərindən senzuranın götürülməsi vətəndaşların dünyagörüşünün sürətlə genişlənməsinə şərait yaradıb. Bu böyük və aparıcı nailiyyətdir, cəmiyyətin təkanverici qüvvəsidir.  Bu prosesdə iqtidarın özünün demokratik baxışları cəmiyyətə nümunə olub. Hətta ölkə rəhbərliyinin demokratik dəyərləri bir çox inkişaf etmiş ölkələrə belə nümunə göstərilir. A.Uper deyir: “Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin deputat və senatorlarını da qəbul edir... ...Azərbaycanın qarşılaşdığı çətinliklər ölkənin inkişafına, çiçəklənməsinə mane ola bilmir. Cənnəti bir çırtma ilə yaratmaq olmur. Tarix addım-addım yazılır. Tarix bir kitaba bənzəyir, səhifələri bir-bir çevirmək məcburiyyətindəyik. Girişdən nəticəyə keçmək olmur. Hər bir səhifə bir ilə, bir hadisəyə bərabərdir”.

Fransız senatorun Azərbaycan haqda təəssüratları öz dolğunluğu ilə seçilir və müsahibənin məzmunundan görünür ki, o, həqiqətən ölkəmizin iqtisadi-siyasi modelini dərindən öyrənir. Buna görə də elmi əsaslara söykənən maraqlı nəticələr çıxarır. Müsahibəsinin sonunda o bildirir ki, Azərbaycan artıq liberal kapitalizm ölkəsi kimi fəaliyyət göstərməlidir. Çünki, insan fəaliyyətinin azadlığına və iqtisadi sərbəstliyə əsaslanan liberalist cəmiyyət daha böyük sürətlə irəliləmək qabiliyyətini əxz etmiş olur. Senator bu yola keçməyin Azərbaycanda nümunəsinin olduğunu da göstərir: “Azərbaycan vizaların iki saat ərzində verilməsi üçün lazımi sistemi qura bilib. Azərbaycan dünyada analoqu olmayan "ASAN xidmət" modelini yaradıb. Deməli, liberal kapitalizmə də çox asanlıqla keçə bilərsiniz”.

N.NOVRUZ

Sizin Reklam Yeriniz