Əlaqə Arxiv
news Image
2018.06.25
14:50
| A A A
Vyaçeslav Volodin: Rusiya və Azərbaycan strateji tərəfdaşlardır

İyunun 25-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Movqe.az xəbər verir ki, Oqtay Əsədov bu səfərin Azərbaycanın və Rusiyanın dövlətlərarası və parlamentlərarası münasibətlərinin genişlənməsinə töhfə verəcəyini qeyd edib. Bildirib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rəsmi səfərləri və görüşləri böyük rol oynayır. Rusiya-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Rusiya onu tanıyan ilk ölkələrdən olub. Sevindirici haldır ki, bu müddət ərzində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb.

Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında təkcə siyasi dialoq deyil, həmçinin ticari-iqtisadi, mədəni-humanitar sahələrdə münasibətlər də yüksək səviyyədədir. Rusiya Azərbaycanın ən böyük ticari tərəfdaşlarından biridir. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard dollardan çox olub. Rusiya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Azərbaycanda rus dilinə, mədəniyyətinə böyük hörmət var. Bunlar xalqlarımızı bir-birinə daha da yaxın edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri qeyd edib ki, ATƏT-in Minsk qrupu bu məsələdə hələ heç nəyə nail ola bilməyib. Biz Rusiya dövlətinə bu münaqişənin həllinə göstərdiyi diqqətə görə minnətdarıq. Əminik ki, Prezident Vladimir Putin bu münaqişənin həlli üçün bütün səylərini göstərəcək. Biz bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq.

Vyaçeslav Volodin deyib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Dövlət Dumasının sədri iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğulayaraq bildirib ki, ticarət dövriyyəsinin 34 faiz artımı bunun çox yaxşı göstəricisidir. Keçən il Rusiyadan Azərbaycana gələn turistlərin sayı 850 minə qədər yüksəlib. Bu gün Azərbaycanda hər üçüncü turist Rusiya vətəndaşıdır. Rusiya vətəndaşları Azərbaycana gələrkən təhlükəsizliyi, rahatlığı, tarixi seçirlər. Bu, böyük nailiyyətdir.

Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunan Vyaçeslav Volodin bildirib ki, bu sahədə də əlaqələrin uğurla inkişaf etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Ölkələrimizin prezidentləri arasında dostluq münasibətləri və daimi təmas mövcuddur. Onlar əlaqələrimizin inkişafı üçün böyük işlər görürlər. Beynəlxalq arenada bir çox məsələlərdə birgə qərarların verilməsində Azərbaycan tərəfdən dəstək görürük.

V.Volodin, həmçinin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Görüşdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin deyib ki, ölkəmizdə 120 mindən çox rus yaşayır. Azərbaycandakı rus diasporu Cənubi Qafqazın ən böyük diasporudur. Burada rus dili ikinci dildir. Azərbaycanda rus dili geniş yayılmış dildir və burada yaşayan ruslar Azərbaycan dilini də gözəl bilirlər. Azərbaycanda rus xalqına, dilinə, tarixinə böyük hörmət var.

M.Zabelin qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə olan münasibəti bütün Azərbaycan xalqı kimi bizi də narahat edir. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda ruslar da döyüşüblər. Onlar müharibəyə könüllü gediblər. Biz istəyirik ki, bu münaqişə tez bir zamanda sülh yolu ilə həll olunsun.

Sizin Reklam Yeriniz