Əlaqə Arxiv
news Image
2018.07.12
11:48
| A A A
"Məkrli Gəncə planı - bu xalqa qarşı terrordur"

Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Gəncə hadisələrinin görünməyən tərəflərindən yazıb. Movqeşaz həmin yazını təqdim edir:


- Ötən gün axşam saatlarında Gəncə şəhərinin mərkəzində 150-200 radikal dini yönümlü bir qrup meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Azərbaycan polisinin səyi nəticəsində vəziyyət tam nəzarətə götürülüb və ölkədə qarışıqlıq yaratmaq istəyən təxribatçıların planı baş tutmayıb. Amma təəssüfedici məqamlardan biri odur ki, 2 polis zabitimiz şəhid olub. Xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak olublar. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olundu ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Gəncə şəhərində iki polisin vəhşicəsinə öldürülməsi Azərbaycan xalqına qarşı törədilən terror aktıdır. Hər kəs bilir ki, bu Azərbaycan dövlətçiliyinə və xalqına qarşı əvvəlcədən planlaşdırılan təxribatdır. Bu insanlar Azərbaycan dövlətini və dövlətçiliyini hədəf alan anti-milli qüvvələrin uzun illərdir planlaşdırdığı ssenarinin bir parçasıdır. Amma bu təxribata başqa don geyindirmək istəyirlər. Gözünü qan örtmüş bir qrup quldur İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürməyə cəhd edən cinayətkar Yunis Səfərovun müdafiəsinə qalxdıqlarını göstərmək istəyirlər. Məlumdur ki, Yunis Səfərovun Elmar Vəliyevə etdiyi sui-qəsd terror hadisəsidir və bu cinayəti törədənlər qanun qarşısında cavab verməlidir. Aydın məsələdir ki, bu təxribatçı planda Yunis Səfərov sadəcə Azərbaycanı qarışdırmaq üçün hazırlanan planın bir hissəsidir. Yəni, plana görə Səfərov icra başçısını öldürməli və bu ssenari ilə Gəncədə və ölkənin başqa ərazilərində qarışıqlıq yaradılmalı idi. Məkrli qüvvələr bu planı həyata keçirmək üçün inanclı insanların adından istifadə edirlər. Ötən axşam Gəncədə baş verən ixtişaşlarda çəkilən videoları diqqətlə təhlil etsək, görərik ki, bəzi təxribatçı şəxslər “Allahu əkbər” şüarı səsləndirirlər. Bəs kim sübut edə bilər ki, onlar əsl millətini, dövlətini, vətənini sevən dindarlardır? Özünə “Allah adamıyam” deyən bir şəxs onu qoruyan polisi öldürə bilərmi? Heç, vətənini sevən şəxsin hökumətin illərdir, əziyyətlə yetişdirdiyi polisi öldürməyə əli gələrmi? Gəlməz! Öldürməz! Əli gəlməz, onu qoruyan polisi öldürsün! Amma soyuq silahla, kəsici və deşici alətlərlə silahlanıb Gəncənin mərkəzinə gələn bir qrup təxribatçının məqsədi elə polisləri öldürmək və insanları təxribata çəkmək olub. Polisləri öldürməyə, onlara daş, dəmir parçaları atmağa heç bir əsas yox idi! İxtişaşlardan çəkilən görüntülərdə polislərimizin özlərini necə təmkinli apardığı əksini tapıb. Hüquq-mühafizə orqanları təxribatçılarla qarşıdurmaya getmək istəmədiyi halda, iki polis şəhid edilib. Bu açıq şəkildə dövlətin polisinə, xalqın qoruyucusuna qarşı məqsədli şəkildə təşkil edilən terrordur!

Dövlətə və dövlətçiliyə qarşı açıq terrorun baş verdiyi bir vaxtda anti-milli qüvvələr yenə iş başında idi. Gəncədəki təxribaçılar realda, anti-milli qüvvələr isə virtualda öz çirkin məqsədlərini həyata keçirmək üçün canla-başla çalışırdılar. Hər iki qrupa təlimat eyni mərkəzdə verilib.
Yalan məlumatlar tirajlanır, dövlət əleyhinə çağırışlar edilir, polisi gözdən salmaq üçün statuslar yazılır və ölkəni qarışdırmaq istəyən qüvvələrə tam dəstək ifadə edilirdi. Yenə heç bir nəticə olmadı!


Biz bu mənzərə ilə Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ərəfəsində qarşılaşmışdıq. Həmin vaxt da eyni ssenari tətbiq olunurdu. Amma seçkilər vaxtı olduğu kimi, ötən gün də əvvəlcədən hazırlanan təxribatlar baş tutmadı. Yenə xalq onları dəstəkləmədi.
Gəncəlilər Azərbaycan dövlətçiliyinin tərəfində durdular! Hər bir vətəndaş dövlətçilik maraqlarını üstün tutdu və ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrə dəstək vermədi. Nəticə isə göz qabağındadır. Xalqın dəstəyini ala bilməyən təxribatçılar geri çəkilməyə məcbur oldular. İndi Gəncə adi günlərdə birini yaşayır... Dövlətimizin səyin nəticəsində sabitlik tam bərpa olunub. Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycanı qan gölünə çevirmək istəyən qüvvələr hər zaman iş başındadır. Onlar hər fürsətdə, hər bir həssas məqamdan istifadə etməyə çalışırlar.


Onlar artıq anlamalıdırlar ki, heç bir kənar qüvvə daxildəki hər hansı prosesi yönləndirə biməz! Prezidentimiz, Xalqımız, Dövlətimiz buna imkan verməz! Azərbaycan xalqı öz seçimini edib və ölkədə uzunmüddətli sabitliyin tərəfdarıdır! Azərbaycan xalqı ölkəmizi qarışdırmaq istəyən, hiyləgər siyasət aparan hər bir qüvvənin qarşısındadır!

Sizin Reklam Yeriniz