Əlaqə Arxiv
news Image
2018.07.12
13:29
| A A A
"Gəncədə baş verən hadisələr təsadüfi deyil"

"Gəncədə baş verən hadisələri, onu törədənlərin əməllərini kəskin şəkildə pisləyirəm. Bu əməlləri törədənlər tez bir zamanda qanun qarşısında cavab verməlidirlər".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Gəncədə iğtişaş törədənlərin hərəkətləri ikiqat cinayətdir, çünki onlar birbaşa Azərbaycan dövlətçiliyinin maraqlarına zidd mövqe nümayiş etdiriblər.

Bütün bunların Azərbaycanda sabitliyə qarşı yönəlmiş hərəkətlər olduğunu nəzərə çatdıran deputat qeyd edib ki, Gəncədə baş verən hadisələr təsadüfi deyil.

A.Hüseynov bildirib ki, Azərbaycanın nailiyyətləri artıqca ölkəmizin müstəqil siyasət yürütməsini gözü götürməyənlər, onu həzm edə bilməyənlər, eyni zamanda Ermənistan, erməni diasporu və onun havadarları Azərbaycanın nailiyyətlərinə kölgə salaraq ölkəmizdə qarışıqlıq yaratmaq istəyirlər:

"Çox təəssüf ki, vaxtilə Azərbaycanda cinayət törədən, Azərbaycanın milli dövlətçilik maraqlarına zidd mövqedə olub, bu gün isə gedib xaricdə künc-bucaqlarda gizlənənlər də bu tora düşüblər və gəncləri din pərdəsi altında bu kimi hallara təhrik edirlər. Ancaq Azərbaycan polisi bu hadisələrdə də öz peşəkarlığını, eyni zamanda humanistliyini göstərdi və hüquq-mühafizə orqanları dövlətçiliyə sədaqətini nümayiş etdirərək qısa müddətdə o iğtişaşların qarşısını aldı".

Millət vəkili deyib ki, Azərbaycan xalqı bütün bu hadisələri pisləyərək cinayətkarların cəzalandırılmasını istəyir və bunun belə olacağına inanır.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Sizin Reklam Yeriniz