news Image
2018.07.13
09:00
| A A A
Dini radikalizm Azərbaycan cəmiyyətinə yaddır
Gəncədə baş verənlər xaricdən ölkəmizə növbəti uğursuz təsir cəhdindən başqa bir şey deyil

İslam dini dünyanın adlı-sanlı alimləri, sosioloqları, ictimai xadimləri, din üləmaları tərəfindən ən böyük humanist dəyər kimi qəbul edilir. Müsəlman olmaq özündə etibarı, sədaqəti, vətənpərvərliyi, qəhrəmanlığı, mərhəmətliliyi ehtiva edir. Bu mənada bir neçə gün əvvəl Gəncə şəhərində dini inancı səbəb gətirib terror aktı törətmək, daha sonra əhali arasında qarışıqlıq yaratmaq məqsədilə iki polis zabitini qətlə yetirmək və bunu İslam hərəkatına bağlamaq cəhdləri yalnız və yalnız təxribatdır. 

Bəs, bu cür təxribatlar hardan qaynaqlanır? Şəhid olan da, vətən oğullarını qətlə yetirən də eyni millətin övladları, eyni cəmiyyətdə doğulub böyümüş insanlardır. Belə olan halda, təbii ki, buraxılmış nöqsanlar haqda düşünməli olursan. Düzdür, xarici pozucu qüvvələrin bu işdə əsas rol oynadığı şübhəsizdir. Açıqda olan faktiki hadisələr də, sonrakı təhqiqat nəticəsində ortaya çıxarılmış faktlar da hadisələrin hardan qaynaqlandığı haqda əsaslı sübutlar kimi məsələnin mahiyyətini açır. Azərbaycanın bugünkü inkişafını, tərəqqisini qəbul etməyən, yaxud ölkəmizi öz iradəsinə tabe etdirməyə çalışan pisniyyətli xarici pozucu mərkəzlərin din pərdəsi altında yürütdükləri təcavüzkar siyasətdir. Bəli, bu, gizli şəkildə aparılan siyasi təcavüzdür. 
Belə təcavüzün səbəbləri çoxdur. İlk növbədə Azərbaycanın müstəqilliyi bir sıra tarixi-siyasi səbəblərə görə bəzi dövlətlərin maraqlarına cavab vermir. Çünki, hazırkı ərazisi və əhali sayına görə Azərbaycan böyük ölkə olmasa da dövlətçiliyinin qədimliyi, mədəniyyətinin antikliyi və müasir vəziyyəti ilə beynəlxalq birliyə uğurla inteqrasiya etməsi, nəhəng dövlətlərlə başabaş siyasət yürütməsi bu meyarlara cavab verməyi bacarmayan dini-sxolastik cəmiyyətlərdə ciddi narahatlıq doğurur. Söhbət təkcə ölkəmizin uğurlarından getmir, məsələ burasındadır ki, Azərbaycan həm multikultural cəmiyyət kimi Qərbə, multikonfessial ölkə kimi Şərqə nümunə göstərir. Həmin cəmiyyətlər bu istiqamətlərdə Azərbaycandan öyrənir və öyrəndikcə də onun yolunu getməyə meyillənir. Bu faktor xarakterik cəmiyyətləri buxovda saxlayan və həmin ölkələrdə qeyri-rasional olan hakimiyyətlər üçün təhlükə törədir. Xalq sxolastikadan qurtulmaq, azad və şəxsiyyətin hərtərəfli inkişafına şərait yaradan cəmiyyətlər qurmaq istəyir. Yeniliyi qəbul etməyi bacarmayanlar isə insanların ilahi inanclarından sui-istifadə edib mənəvi inkişafı ləngitmək məqsədi güdürlər. Gəncə hadisələrinin mühüm məqamı bu amildə gizlənib. 
Dediyimiz kimi, Azərbaycan cəmiyyətində dini radikalizmə yer yoxdur. Amma dini radikallar artıq mövcuddur. Onları irticaçı siyasətilə seçilən bəzi İslam ölkələri səylə öz caynaqlarına keçirdikləri Azərbaycan vətəndaşlarının simasında yaradıblar. Təəssüf ki, beş barmağın beşi də bir olmadığı kimi, hər oxuyan Molla Pənah olmadığı kimi, cəmiyyətin bütün üzvləri də eyni deyil. Xarakterinin zəifliyindən yaxud ailə tərbiyəsi görmədiyindən müxtəlif cinayət əməlləri törətmiş və ya zehniyyəti inkişaf etməmiş, savadsız, əksər hallarda yaşamaq üçün vəsait qazanmağa sənəti-sübutu olmayanlar xarici xəfiyyələrin toruna asanlıqla düşürlər. Bu adamlara  İslamın xüsusiyyətləri radikal təcavüzkarlıq şəklində aşılanaraq terrorçuluğa cəlb edilir və bu yol  İslamın müdafiəsi qismində qələmə verilir. Nəticədə Nardaranda, Gəncədə və ola bilsin ki, nə vaxtsa hansısa bölgədə baş verə biləcək hadisələr törənir.
Prinsip etibarı ilə belə terror aktları Azərbaycan cəmiyyətinə yaddır və bu yola gedənlərin axırı yoxdur. Çünki, bu cür yüksək səviyyəyə yüksəlmiş cəmiyyətin təkərini geri döndərmək mümkün deyil. Üstəlik, cəmiyyətin əsasını təşkil edən müsəlman xalqımızın inancı ən ali İslami dəyərlərə dölğunluqla cavab verir. Konkret olaraq ən son hadisəni buna misal göstərə bilərik. Əhalinin daim gur olduğu Gəncənin mərkəzi meydanında, vətəndaşların, başlıcası İslam hümmətinin gözü qarşısında guya müsəlmançılığa görə iki vicdanlı polis məmuru xəncərlə qətlə yetirilir, lakin nə öldürülənlər, nə də cinayətə mane olan polislər xidməti silahlarında istifadə edib cinayətkarları zərərsizləşdirmirlər. Ona görə ki, onların qəlbində İslam inancının ən ali humanist və insani hissləri bərqərar olub. Çünki, həmin polislər ən yüksək mənada təmiz qəlbli müsəlmanlardır. Öz müsəlman qardaşlarına, baxmayaraq ki, onları xəncərlə öldürməyə cəhd ediblər, polislər güllə atmayıblar. Bununla da İslama sadiqliklərini, həqiqi mənada müsəlman olduqlarını sübut ediblər. Bu da o deməkdir ki, İslama qəlbən bağlı olan, onu yaşadan və inkişaf etdirən Azərbaycan cəmiyyəti və onun vətəndaşları dini radikalizmi rədd edir və bu yola düşənlər də müvəqqətidir, ölkənin aparıcı qüvvəsi deyil. Amma bu dəhşətli hadisədən lazımı nəticə çıxarılmalıdır. Dini maarifləndirmə işi dərinləşdirilməli, dünyəvi təhsilin şəbəkəsi genişləndirilməli və sxolastikadan azad edilməlidir. 
N.NOVRUZ 

 

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs