news Image
2018.07.13
09:30
| A A A
Brüsseldə Ermənistana vurulan yeni diplomatik zərbə
Xarici işlər nazirlərinin ilk görüşü də düşmən tərəf üçün xoş keçməyib

Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə ilk görüş keçirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin məlumatına görə görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd edilib. Həmçinin danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 11-də Brüsseldə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə görüşüb. 
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra keçirildiyinə görə bu, ilk görüş sayılır. Görüşlərin müsbət cəhəti odur ki, mövcud formatın davamlı olması qərara alınıb. Bu, vaxtaşırı aparılan fikir mübadiləsinin münaqişənin sülh yolu ilə həllinə gətirib çıxaracağı ümidi yaradır. Ekspertlər müəyyən parametrlər baxımından görüş və əldə olunan razılığı mühüm sayırlar. İlk növbədə o baxımdan ki,  görüşdə mövcud danışıqlar formatının davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu isə o deməkdir ki, İrəvan Qarabağ danışıqlarında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan sepaartçı rejimin də iştirak etməsinə dair əsassız tələbindən əl çəkib. Aydındır ki, bu da Azərbaycanın düşmən üzərində yeni diplomatik üstünlük əldə etməsi deməkdir. Digər önəmli məqam prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri fonunda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü və Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədidir. Sənəd birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü ehtiva edir. Xarici İşlər Nazirliyinin bu xüsusda yaydığı bəyanatda deyilir ki, İlham Əliyevin səfəri çərçivəsində dövlət başçısı Avropa İttifaqı Şurasının mənzil-qərargahında Aİ Şurasının prezidenti Donald Tusk ilə görüşüb və görüş əsnasında hərtərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb: "Prezident İlham Əliyev və prezident Donald Tuskun müşayiəti altında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Federika Mogerini tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədi paraflanıb. 
Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunduğu kimi, Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edirik. Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir". Beləliklə, aydın görünür ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. 
Bu günlərdə isə “KavkazPlus” saytına açıqlamasında rusiyalı jurnalist Maksim Şevçenko bir daha  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını dilə gətirib. Rusiyalı siyasətçilər və ictimai xadimlərdən ibarət nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təşkil edilmiş konfransda iştirak etmiş Maksim Şevçenko işğaldan azad edilmiş Azərbaycan torpaqlarında“Biz işğal edilmiş rayonlara gedirdik. Bütün beynəlxalq hüquq normalarına görə, Füzuli, Laçın, Cəbrayıl, Ağdam və başqa bu kimi rayonlar Azərbaycan Respublikasının ərazisidir və erməni silahlı qruplaşmaları tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 1990-cı ilin əvvəllərində işğal olunub” qrydlərini yazıb. Siyasi şərhçinin fikrincə, erməni qoşunları Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalı və oraya təxminən 1 milyon nəfərə yaxın azərbaycanlı qayıtmalıdır. Bundan sonra Bakı Dağlıq Qarabağa azərbaycanlı qaçqınların qayıtması şərtilə Dağlıq Qarabağın statusunu müzakirə etməyə razıdır.
İndi mətbuatda belə məlumatlar tirajlanır ki, hakimiyyətdən uzaqlaşdırılmış keçmiş prezident Serj Sarkisyanla bu ərazilərin işğaldan azad olunması ilə bağlı razılıq əldə edilmişdi, lakin erməni “maydan”ı bu razılaşmanın həyata keçirilməsinə imkan yaratmadı. Məsələnin bu aspekti Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlarda da təsbit olunur. Onun təyin etdiyi qərbyönümlü Zöhrab Mnasakanyan da, təbii ki, hamisinin arxasınca gedir. Bu səbəblərdən xarici işlər nazirlərinin yenidən başlayan danışıqların ilk görüşü olan Brüssel müzakirələrindən ciddi nəsə gözləməyə dəyməz. Hələlik yalnız danışıqların davamlı olması müəyyən əhəmiyyət daşıyır. 
N.NOVRUZ

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs