Əlaqə Arxiv
news Image
2018.07.13
16:14
| A A A
Prezident İlham Əliyev: Özünü hüquq müdafiəçisi adlandıran bir neçə QHT Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır

Özünü hüquq müdafiəçisi adlandıran bir neçə QHT Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır.

Movqe.az-ın məlumatına görə, bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi".

İlham Əliyev bildirib ki, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir: "Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir".

Prezident vurğulayıb ki, bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər: "Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var. Cinayətlərdən sonra aparılan əməliyyat-axtarış tədbirləri onu göstərir ki, cinayətkarların bir hissəsi artıq saxlanılıbdır. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək".

Sizin Reklam Yeriniz