Əlaqə Arxiv
news Image
2018.07.14
11:00
| A A A
Xalq-iqtidar birliyi radikal qüvvələr qarşısında keçilməz sipər oldu
Elman Nəsirov: “Bu sınaqdan xalqımız üzüağ çıxdı və hakimiyyət-xalq birliyi daha da möhkəmləndi” Elşən Manafov: “Azərbaycandakı sabitlik və inkişaf bəzi qüvvələrin marağında deyil”

Proseslər göstərdi ki, Gəncədə radikal qüvvələrin aktivləşməsi fonunda xalq-iqtidar birliyi daha da gücləndi. Hətta cinayətdə şübhəli bilinin biri məhz vətəndaşların köməyi ilə tapılıb hüquq-mühafizə orqanlarına təhvil verildi. Siyasilərin sözlərinə görə, bu birliyin güclənməsi gözlənilən idi. Çünki oxşar əvvəlki hadisələr də oxşar mənzərəni müşahidə etdik. Bunu şərtləndirən səbəblər isə çoxdur. 

Millət vəkili Elman Nəsirov bildirdi ki, Gəncədə baş verən hadisələr məzmunu və mahiyyəti etibarı ilə terror aktlarıdır: “Düzdür, iğtşaşlardakı şüarlarda dini motivlər yer alırdı. Amma əslində, sırf siyasi məzmun kəsb edir. Gəncədə törətdiyi iğtişaşlar yolu ilə əvvəlcə ölkənin ikinci böyük şəhərində hakimiyyətin zəbti, ardınca digər ərazilərdə, Bakıda analoji terror aktları törədib hakimiyyətin zəbti və sonda Azərbaycanı şəriət qanunları ilə idarə olunan dövlətə çevirmək əsas hədəfləri olub. Bu hərəkətlərin arxasında müəyyən xarici ölkələrdə olan siyasi təşkilatlar dayanır. Lakin bu təşkilatlar, icraçılar bir məsələdə böyük səhvə yol veriblər. 
Yaxın Şərqin bəzi ölkələrində bu kimi təxribatlar və iğtişaşlar nəticə verdi. Liviyada, Misirdə, Yəməndə, Əfqanıstanda iğtişaşlarla hakimiyyət dəyişikliyinə nail ola bildilər. Lakin Azərbaycan belə eksprimentlər həyata keçirmək üçün heç bir halda məkan ola bilməz. Bunun bir cavabı var: Azərbaycanda monolit xalq-hakimiyyət birliyi var. Apreldə keçirilən prezident seçkiləri də növbəti dəfə bu  birliyi təsdiqlədi. Xalqın mütləq əksəriyyəti mövcud siyasəti dəstəklədiyini ifadə edərək, seçkilərdə növbəti dəfə cənab Prezidentə etimad göstərdi. Bu da onun sayəsində baş verib ki, Prezident İlham Əliyev hansısa beynəlxalq dairənin, dövlətin arzu və istəkləri ilə deyil, məhz onun hakimiyyətinə dəstək verən Azərbaycan xalqının iradəsindən irəli gələn siyasət yürüdür. 
Milli mənafe bütün mənafelərdən üstünlük təşkil edir. Bu siyasət həm də müstəqilliyi ilə seçilir. Bu səbəbdən Azərbaycanda belə terror aktları nəticə verməyəcək. Odur ki, həmin təşkilatlar tamamilə fərqli mənzərinin şahidi oldular. Müdrik xalq gördü ki, Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələr var. Bu hadisələr bizim üçün sınaq oldu ki, monolit birliyimizi daha da gücləndirməliyik. Bu sınaqdan xalqımız üzüağ çıxdı və hakimiyyət-xalq birliyi daha da möhkəmləndi. Növbəti dəfə əmin olduq ki, bizim inkişafımız, sabitliyimiz yalnız və yalnız birlikdən keçir. Birlik olmayan yerdə xaos, anarxiya var”.
Politoloq Elşən Manafov bildirdi ki, Gəncə hadisələri terror aktıdır: “Çünki icra başçısı Azərbaycan Prezidentini təmsil edir. Bu, dövlətçiliyə qarşı baş vermiş hadisədir. Əgər hadisəni həyata keçirən şəxslər başqa ölkələrin xüsusi xidmət orqanları ilə bağlıdırsa, bu, yalnız terror hadisəsi deyil. Getdikcə, Cənubi Qafqazda öz mövqelərini gücləndirən və beynəlxalq aləmdə nüfuz sahibi olan dövlətə qarşı müəyyən dairələrin həyata keçirtmək istədiyi terror hadisəsi kimi qiymətləndirilməlidir. Bunun arxasında geopolitik maraqların olması istisna edilmir. Çünki Azərbaycan bu gün tək Cənubi Qafqazda yox, dünyada nüfuz sahibi olan dövlətdir. 
Böyük dövlətlərin Azərbaycana etimadı var. Danışıqlar məkanı kimi də Bakının seçilməsi Azərbaycan dövlətinə, onun rəhbərinə böyük güclərin etimadı kimi dəyərləndirilməlidir. Ancaq Azərbaycandakı sabitlik və inkişaf bəzi qüvvələrin marağında deyil. Ona görə də sabitliyi pozmaq, iqtidara qarşı iğtişaşlar yaratmaq müəyyən dairələrin marağına xidmət edir. Bu mənada Azərbaycanda insan haqlarının pozulmasını qabardıb, daxili işlərinə müdaxilə etmək istəyən qüvvələr var. Bütün hallarda bu səpkidə hadisələrin Azərbaycanda baş verməsi üçün sosial baza yoxdur. Azərbaycan hakimiyyətinin sosial bazasına isə aprel ayında keçirilmiş prezident seçkiləri bir daha aydınlıq gətirdi. Seçkilərin tamamilə demokratik şəraitdə keçməsi göstərdi ki, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu var. Seçkilər xalqın Azərbaycan Prezidentinə yüksək etimadını sübut etdi”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz