news Image
2018.07.14
10:30
| A A A
Azərbaycanda pozuculuq fəaliyyəti qeyri-mümkündür
Cəmiyyətin əsaslarına hücum çəkənlərin aqibəti puç olur, çünki xalq onları rədd edir

Zamanın son ongünlüyündə Azərbaycanda baş vermiş pozuculuq fəaliyyətinin törədiciləri haqda faktlar üzə çıxdıqca ölkənin başı üzərində nə qədər böyük təhlükə fırlandığı məlum olur. İctimaiyyət nümayəndələrinin, politoloqların, ekspertlərin və rəsmi şəxslərin açıqlamalarından görünür ki, bu hadisələr uzun illər mütəşəkkil terror qrupları tərəfindən dini pərdə altında hazırlanmış pozuculuq hadisəsidir. Xarici gizli xidmətlərin izi bu işdə aydın görünür. 

Dövlətçilik əleyhinə yönəlmiş Gəncə hadisələrini törədənlərin siyasi məqsədləri olub. Bu hadisə şəhər icra başçısının şəxsiyyətinə qarşı yox, bütövlükdə Azərbaycan dövlətinin əleyhinə qiyam cəhdi idi. Faktlardan görünür ki, uzun illər ərzində dini savadsızlıqdan istifadə edən xarici güclər İslamın ali dəyərlərini təriqətləq səviyyəsində təbliğ edərək ətraflarına müəyyən sayda insanı toplaya biliblər. Bunlar əsasən cinayət törədərək ədalət məhkəməsindən yayınanlar və ya keçmiş cinayətkarlar, habelə müəyyən qədər də avam insanlar olub. Şahidlərin bildirdiyinə görə, cinayət baş verən gün Gəncənin baş meydanına toplaşanlar başqa şəhərlərdən tək-tək gəlmiş insanlar olub. Təşkilatçılar öz sıralarına qoşa bildikləri qadınların qüvvəsindən də istifadə etməyi düşünüblər. Şahidlər bildirirlər ki, həmin qadınlar yaşmaqlarının altında gizlətdikləri boşqabları polislərə tərəf atıblar. Aydın məsələdir ki, bu hal qarışıqlığı artırmaq məqsədi güdüb və azərbaycanlı mentalitetinə görə polislərin vəziyyəti dəqiq öyrənmədən dərhal qadınların üzərinə atılmayacaqları diqqətə alınıb. Bu və digər bu kimi faktlar ortada məqsədyönlü hazırlanmış ciddi terror hadisəsi olduğunu təsdiqləyir. 
İndilikdə aydın olur ki, iyulun 3-də Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə və onun mühafizəçisi Qasım Aşbazova odlu silahdan atəş açması əvvəldən çox diqqətlə planlaşdırılan bir qanlı terror aktıdır. Həmin aktı planlaşdıranlar cinayətin baş verəcəyi andan sonra hadisələrin mümkün inkişaf istiqamətlərini, özlərinin idarəedici funksiyalarının gerçəkləşməsi üçün atacaqları addımları və şübhələrin istədikləri istiqamətə yön almasını da detallı şəkildə işləyiblər. 
Məlum hadisədə xalqın rəğbətini qazanan, Gəncə əhalisi arasında xüsusi xətir-hörmətə malik və hətta biri seyid nəslindən olmaqla iki yüksək çinli polis əməkdaşı qətlə yetirilib. Hadisənin baş verməsi onunla izah oluna bilər ki, polislər belə dönüşü gözləməyiblər. Qadınların çığır-bağır salması və bir balaca imkan düşən kimi xəncər-bıçağın işə salınması polislərdən kimlərinsə öldürülməsi, özü də qətlin peşəkarlar tərəfindən yerinə yetirilməsi pozuculuq planının əvvəlcədən hazırlanmasını bir daha təqsdiqləyən faktlardır. Yeni yayılan məlumatlarda  hadisədə Moskvadan gəlmiş 30-a yaxın vəhabi təriqətinə mənsub şəxsin iştirakı haqda məlumat verilməsi baş vermiş olayın pərdəarxası gizlinləri barədə əlavə şübhələr ortaya çıxarır. “Ya Hüseyn” çağırışının səslənməsi əslində hadisəni planlaşdıran şəxslərin Azərbaycan-İran münasibətlərinə zərər vurmaq kimi missiya daşıya biləcəklərini də ortaya çıxarır. Təbii ki, bütün bunların nə dərəcədə həqiqət olduğunu istintaq komissiyası müəyyənləşdirəcək. Lakin bir məsələ aydındır ki, qərəzkarlar məqsədlərinə nail olmayıblar. Əsas məqsəd-yerli əhalini inanc savaşına qaldırmaq, hakimiyyətlə xalq arasında nifaq yaratmaq alınmayıb. Ümumiyyətlə, hadisələr Gəncədə baş versə də, gəncəlilər bu hadisədə iştirak etməyiblər. Bu da onun sübutudur ki, Azərbaycana düşmən xarici strateqlər öz proqnozlarında yanılıblar. Azərbaycanda pozuculuq fəaliyyəti üçün sosial tələbat və bunu həyata keçirmək arzusunda olan sosial baza yoxdur. Bu, əslində xalq-iqtidar birliyinin, əhalinin sarsılmaz birlik ruhunun qələbəsidir.  
N.NOVRUZ

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs