Əlaqə Arxiv
news Image
2018.07.17
10:20
| A A A
Azərbaycana qarşı təxribat-pozuculuq fəaliyyəti iflasa uğradı
Nəzakət Məmmədova: “Azərbaycan bütün dünyaya sübut etdi ki, ərazisi o qədər də böyük olmayan, əhalisi o qədər də çox olmayan bir ölkə belə geosiyasi güc tarazlığına təsir edə, dünya siyasətinin axarını dəyişdirə bilər”

“Gəncədəki hadisələrin arxasında xarici güclər durur”. Bunu Prezident İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirdi:  “Xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır. Bunun da nəticəsi olmur. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı. NATO-nun zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu sübut etdi. Azərbaycan dünyada böyük hörmətə malikdir. Bizim iradəmizə, siyasətimizə şər qüvvələr təsir edə bilmir. Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb. Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək. Bunun üçün bizim kifayət qədər gücümüz var. Aparılan əməliyyat-axtarış tədbirləri göstərir ki, cinayətkarların bir hissəsi saxlanılıb. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz Azərbaycan xalqının xoşbəxt inkişaf yolunu təmin edəcəyik”. 

Qeyd edək ki, Gəncə hadisələrində şübhəli bilinənlərin həbsi davam etdirilir. Ən əsası isə terrorçular məhv edilib. Siyasilərin sözlərinə görə, bu hadisələr Azərbaycana qarşı terror siyasətinin də keçərli olmadığını göstərdi. Beynəlxalq münasibətlər üzrə politoloq Nəzakət Məmmədova baş verənlər fonunda Azərbaycana qarşı bəzi xarici güclərin həyata keçirmək istədiyi təxribat-pozuculuq fəaliyyətinin qarşısı alınmış olduğunu deyir: “Azərbaycan elə bir dövlətdir ki, onun tarix boyu ən qədim dövrlərdən indiyədək atdığı hər bir addım daima xarici güclərin, böyük qonşuların diqqət mərkəzində olub və onlar ölkəmizin güclənməsindən hər zaman narahatçılıq keçiriblər. Bu münasibət bu gün də davam edir. Onlar Azərbaycanın daima olduğu bölgədə qapalı, onların nəzarətində qalmasını istəyirlər. Azərbaycan isə 1994-cü ildən başlayaraq, “Əsrin müqaviləsi”ni imzalamaqla, öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla, müstəqillik tarixində yeni bir səhifə açdı. Bu səhifə “Bakı-Ceyhan”, “Bakı-Ərzurum”, “Bakı-Qars”, “Cənub Qaz Dəhlizi” kimi nəhəng qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri ilə davam etdi. Azərbaycanın bu addımı ABŞ, Avropa, Çin kimi geosiyasi güc mərkəzləri tərəfindən təqdir olundu. Azərbaycan qlobal mübarizə aparan güclərin arasında dialoq mərkəzinə, körpüyə çevrildi. Lakin olduğumuz bölgədə bəzi güclər Azərbaycan ətrafında həlqəni daraltmaq, onu dar çərçivədə saxlamaq, inkişaf etməyə imkan verməmək, ətraf aləmdən təcrid etmək, əsrlərcə olduğu kimi öz nəzarətində saxlamaq siyasəti yürütmək istəyirlər. Buna baxmayaraq, Azərbaycan çoxdan müstəqil siyasi xətt yürüdür və bu müstəqilliyimiz Ümummilli Lider Heydər Əliyevin dediyi kimi əbədidir, dönməzdir. Azərbaycanı bu yoldan döndərmək istəyən xarici qüvvələr yenə də kəşfiyyat-pozuculuq, terror-təxribat planlarından əl çəkmirlər. Lakin hər dəfə daha çox məğlubiyyətlə geri çəkilirlər. Son hadisələrdə də yenə geri çəkilməyə məhkum oldular. 
Azərbaycan bütün dünyaya sübut etdi ki, ərazisi o qədər də böyük olmayan, əhalisi o qədər də çox olmayan bir ölkə belə geosiyasi güc tarazlığına təsir edə, dünya siyasətinin axarını dəyişdirə bilər. Bu, beynəlxalq münasibətlərdəki dünya siyasətinin gedişatını böyük dövlətlərin müəyyən etməsi haqda mövcud nəzəriyyələrə son qoydu və əsaslandırdı ki,  o qədər də böyük olmayan ölkələrin böyük liderləri, qlobal təfəkkürə malik prezidentlərinin qərarları böyük əhəmiyyətli ola bilər.  Terror-təxribat, pozuculuq bir dövlətin digərinə qarşı həyata keçirəcəyi ən son, radikal variantlardır. Qonşu dövlətlər arasında dinc yanaşı yaşamaq, dostluq, əməkdaşlıq, bir-birinin ərazisində kəşfiyyat və terror aparmamaq öhdəliyinə ziddir. Lakin bəzi xarici güc mərkəzləri öz hesablarını düzgün qura bilməyib ki, Azərbaycan kimi böyük siyasət yürüdən dövlətə qarşı bunu etmək iflasa məhkum olmanı əvvəlcədən şərtləndirir. Son hadisələr isə bunu bir daha sübut etdi ki, müstəqil Azərbaycan var olmağa qadirdir və əbədi olaraq da belə olacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz