Əlaqə Arxiv
news Image
2018.07.17
09:30
| A A A
Gəncə terrorunun hamiləri ifşa olunur
Azərbaycanı təsir altına salmaq mümkün deyil

Gəncə hadisələrinin izi ilə axtarışa çıxan hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi xidmət tərəfindən təşkilatçılar və onların hamiləri aşkar olunur. Bilavasitə Azərbaycanda yaşayan və fəaliyyət göstərən vətəndaşlar sırasından terrorda iştirak edənlərin həbs edilməsi davam edir. Onların əksəriyyəti vaxtilə cinayət törətmiş şəxslərdir. Qalanları da indiki terror və ölkədə qarışıqlıq yaratmaqla terrora dəstək olanlardır. 

Lakin başlıca qaynaqlardan biri Gəncədə baş vermiş terrorçuların izinin İranın Qum şəhərinə gedib çıxmasıdır. Bu şəhərdə Tohid İbrahimli adında Azərbaycan vətəndaşının din pərdəsi altında həmvətənlərini cəlb edib sonradan pul qarşılığında Suriyadakı terror qruplaşmalarının tərkibində vuruşmağa təhrik edir. Bir ölkə vətəndaşının xarici ölkədə bu cür qadağan olunmuş fəaliyyətlə məşğul olması ciddi suallar doğurur. Çünki, Suriya bataqlığında vuruşan terrorçu qrupların tərkibində savaşda iştirak edənlər həm də terrorçu qismində öz ölkəsinin potensial terrorçusuna çevrilir. Bəs, onda Azərbaycanın əleyhinə işləyən Tohid İbrahimlinin fəaliyyətinə qonşu ölkədə dəstək verənlər kimlərdir? Hüquq mühafizə orqanlarından verilən məlumata görə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus "nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.    
DİN mətbuat xidmətindən daxil olan  məlumatlarda bildirilir ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu, Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib. Həmçinin mətbuatda bilə-bilə yalan məlumat yaymaqla suçlandırılan daha 2 saytın –“gununsesi.info” və “teref.info”-nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb. 
Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar. Bu faktlar sübut edir ki, digər ölkələrdə də bu terrorçuları yönəldənlər var. Güman ki, söhbət beynəlxalq terror şəbəkəsinin məqsədyönlü fəaliyyətindən gedir. Amma ayrı-ayrı ölkələrin də bu işdə rol oymağı göz qabağındadır. Xüsusilə, Ermənistan xüsusi xidmətinin zəngin terror təcrübəsindən bu işdə istifadə olunması istisna deyil. Təsadüfi deyil ki, iyulun 15-də  səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan silahlı qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Gəncə hadisələrinin ardınca düşmənin təxribatçı əməllərinin genişlənməsi arasında əlaqənin mövcud olması ehtimalı da böyükdür. 
Ümumiyyətlə, inanclı insanların aldadılaraq terrorçu qruplara cəlb edilməsi müasir terrorizmin xarakterik cəhətlərindəndir. Gəncə hadisələrinin baş tutmaması, Azərbaycanın güc strukturlarının vaxtında və çevik fəaliyyəti sayəsində cinayətkarların aşkara çıxarılması yeni faktların, daha doğrusu terrorçuların tapılmasına rəvac verib. Bir neçə gün əvvəl Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb. Təhqiqatlar nəticəsində məlum olub ki, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlaşdırırmışlar.
Yeri gəlmişkən, bu cür terrorçu qruplar arasında qadınlar da fəal rol alırlar. Gəncə hadisələrində bu fakt özünü qabarıq şəkildə göstərib. Terrorçu qrupları hazırlayanlar yerli əhalinin həssas münasibətlərindən sui-istifadə etməyi də diqqətə alırlar. Yəqin ki, hüquq-mühafizə orqanları bu məsələni nəzərdə saxlayırlar. Cinayət törədən cinayətkardır, istər kişi, istərsə də qadın, o, cəzasını almalıdır. Biz Nardaran hadisələrnə də, Gəncədə də bu cür qadın-cinayətkarları, ən azından terroru dəstəkləyən qadınları görmüşük. Onları cinayətkar siyahısından kənarda saxlamaq olmaz. Çünki, kişi cinayətkarların bəzən təhrikediciləri elə qadınlar olurlar. 
Gəncə hadisələri boşa çıxmaqla sübut olundu ki, Azərbaycanda belə hallar üçün münbit şərait yoxdur. Bu hadisələrin alınmamasında əhalinin fəal iştirak etməsi hamının güvəndiyi bir məsələni bir daha təsdiq etdi: Böyük Azərbaycanlı ruhunu sındırmaq olmaz. Bu ruh daim Azərbaycanı qoruyub, qoruyur və qoruyacaq.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz