Əlaqə Arxiv
news Image
2018.07.17
15:36
| A A A
"Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar"

İlkin araşdırmalar onu göstərir ki, Gəncədə terror aktlarını törədənlər din pərdəsi altında gizlənmiş cinayətkar elementlərdir.

Movqe.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədə deyib.

M.Qurbanlı bildirib ki, Gəncə hadisələrinin arxasında dayanaraq həmin ssenarisini hazırlayanların əsas məqsədi bu cinayətlər vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və Azərbaycanın müstəqilliyinə xələl gətirmək olub:

"Lakin bu ssenarini həyata keçirmək istəyənlər, eyni zamanda, onun icraçıları tam iflasa uğradılar".

Komitə sədri vurğulayıb ki, bu hadisələri törədənlərin İslama və müsəlman aləminə heç bir aidiyyəti yoxdur:

"Bu cinayəti törədənlər Azərbaycan əleyhinə olan dairələrin nümayəndələridir və bunların cinayəti cəzasız qalmayacaq".

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din modeli var:

"Azərbaycanda dövlət-din modeli Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Azərbaycan dünyəvi dövlətdir və bununla bərabər Azərbaycan dövləti dinimizə, İslami dəyərlərə həddindən artıq və hərtərəfli diqqət və qayğı göstərir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bizim ölkəmizdə bütün dinlərə və xalqlara eyni cür yanaşılır. Ona görə də Azərbaycanın tolerant, multikultural dəyərləri həm İslam dünyasına, həm də bütün dünyaya örnək olaraq öyrənilir və təqdir edilir".

Komitə sədri vurğulayıb ki, Azərbaycanda dini mühitdə böyük bir sabitlik var və ölkədə heç zaman din üzərində qarşıdurma olmayıb:

"Biz imkan verməməliyik ki, Azərbaycanda kimlərsə din adı altında hansısa qruplarda gizlənərək cinayətlər tprətsinlər, müstəqilliyimizə, ictimai-siyasi sabitliyimizə təhdidlər yaratsınlar".

Sizin Reklam Yeriniz