Əlaqə Arxiv
news Image
2018.07.17
12:35
| A A A
Radikal pozucu qüvvələrin iflası labüddür
Gəncədəki terror hadisəsi əvvəlcədən hazırlansa da, yayılma ehtimalı yoxdur

Azərbaycanda terror törədərək cəmiyyətdə qarışıqlıq yaradıb, dövlətçilik əleyhinə çirkli məqsədlərə çata bilməyənlər haqlı cəzalarına çatacaqlar. Artıq əsas təşkilatçılar və bilavasitə icraçılar haqda müvafiq ölçülərin götürülməsinə başlanılıb. Lakin açıq suallar da az deyil. 

Bu günlərdə  İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında Gəncə icra başçısına qarşı terror edən şəxsin İranda yetişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib: “Ümid edirik ki, dünyada, xüsusən də qonşu ölkələrdə belə hadisələrin baş verəcəyini müşahidə etməyəcəyik. Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir. Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”. Dost İran İslam Respublikası rəsmisinin dilindən səslənən fikirlər təqdirəlayiqdir. Lakin, lap bu yaxınlarda, yəqin ki, Tohid İbrahimli haqda da dost ölkədən müvafiq açıqlamalar gələcək. Ancaq bununla yanaşı terrorun rəzilliyi barədə deyilənlər cəmiyyəti düşündürməyə bilmir.
İslam, öz humanizmi ilə dünyanın mütəfəkkir insanlarının diqqətini cəlb edən ali meyarlara malikdir. Bəs, niyə məhz bu meyarlardan istifadə edərək terror hadisələri törətmək meyli güclüdür. Bəlkə də ona görə ki, İslam həqiqətləri həyatla o qədər uzlaşır ki, insanlar bu dunə ürəkdən etiqad edirlər. Cinayətkarlar isə pul müqabilində siyasi təcavüzkar qüvvələrə tez tabe olur və onların tapşırıqlarını yerinə yetirirlər. Təbii ki, dindən istifadə etmək izi azdırmaq üçün siyasilərin hazırladığı planların tərkib hissəsidir. 
Gəncə hadisələrində açıq çıxış edənlərin tərcümeyi-halına nəzər salanda hamısının kriminal keçmişə malik olduğu üzə çıxır. İndi sual doğur:cinayətkar hara, İslam hara? Düzdür, Allah bağışlayandır, anlaqlı cinayətkarın da sonrakı fəaliyyətinə və tövbəsinə görə Allah tərəfindən bağışlanması mümkündür. Yox, əgər hansısa cinayətkar guya din yoluna gəldiyini bəhanə edib namaz qılır və sonra xüsusi hərbi hazırlıq keçib “Ya Hüseyn” qışqıraraq qətl törədirsə, bu artıq açıq-aşkar siyasi terrordur.  İslam dinindən bu cür istifadə isə ən azı rəzillikdir. 
Yenə də sual doğur ki, rəzil insan kimdir? İslamın etibarlılıq, sədaqət, mənəvi təmizlik, humanistlik, insanı sevmək kimi ali dəyərlərini itirmək rəzilliyin şərtidir. İslam öldürməyi rədd və qadağan edir. Amma indi dünyanın məkrli siyasi qüvvələri terrorçuları hazırlayarkən İslamı hədəfə almağı unutmurlar. Yəni, onlar həm terrorçuları İslami cihadçılar qismində qələmə verməklə müsəlmançılığı gözdən salmaq, həm də geostrateji məqsədlərinə çatmaq istəyirlər. Amma XXI əsrin “ərəb baharı” adlandırılan genişmiqyaslı terror müharibəsindən başlamış və “Suriya bataqlığı”na qədər hələ də davam edən terror hadisələrinin sonu hamıya məlumdur. Xüsusilə qardaş Türkiyədə din pərdəsi altında dövlət çevrilişinə edilən cəhdin uğursuzluğu terrorun axırının olmadığını real hadisələrlə sübut edir. Azərbaycanda da həmçinin, xarici pozucu qüvvələrin daxildə müəyyən terrorçu qruplar yaradıb ölkədəki sabitliyi pozmaqla niyyətlərinə çatması qeyri-mümkündür. Çünki, Azərbaycan dövləti cəmiyyətdə sabitliyi və bunun fonunda inkişafı təmin edir. Xalq bunu görür və təqdir edir. Belə cəmiyyətdə qarışıqlıq yaratmaq üçün əsas yoxdur. Bu səbəbdən də xaricdən Azərbaycanda planlaşdırılan hər cür pozuculuq fəaliyyəti məhvə labüddür.
N.NOVRUZ

Sizin Reklam Yeriniz