Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.
Bu gün inkişaf edən ölkələr siyahısının ilk cərgəsində olan Azərbaycanın mətbuatı da səviyyəsi və informasiyalılığı sarıdan seçilir, ildən-ilə inkişaf sürətini artırır. Onun dünya mətbuatı ilə ayaqlaşmasına və səviyyəsini artırmasına dövlət hərtərəfli yardım edir. Yəni, mətbuatımız müstəqillik uğrunda apardığı mübarizənin bəhrəsini görməyə başlayıb. Çünki, cəmiyyətin ictimai-siyasi inkişafında, demokratiyanın cəmiyyət həyatının bütün vəsilələrində bərqərar olmasına və təntənəsinə çalışan Azərbaycan dövləti bu prosesdə mərbuatın oynadığı rolu düzgün qiymətləndirir və bu işdə mətbuatın köməyinə bel bağlayır. Buna görə də qəzetlərin, radio və televiziyaların normal fəaliyyəti üçün qanunvericilik bazası lazım gəldikcə müasirləşdirilir, təkmilləşdirilir və fəaliyyət üçün zəmin yaradılır. Bu sahədə mətbuata dövlət nəzarətinin ləğv edilməsi, qanunvericiliyin liberallaşdırılması ilə KİV fəaliyyətinin sərbəstləşdirilməsi Azərbaycan mətbuatını dünyada söz azadlığının olduğu ön cərgələrə çıxarıb.
Azərbaycan dövlətinin siyasəti bütün sahələrdə, o cümlədən mətbuat sahəsində səmimi və birmənalıdır. Azərbaycanın düşünərək seçdiyi demokratik inkişaf yolu cəmiyyət üçün gərəklidir. Azad cəmiyyət, azad mətbuat, azad inkişaf! Azərbaycan bu yolla gedir və bu yolda mətbuat əhəmiyyətli vəzifə daşıyır. Jurnalistlərin normal fəaliyyəti onların sosial məişət şəraitindən çox asılıdır. Ancaq heç də hər jurnalistin özünə gün-güzəran qurmaq üçün imkanı olmur. Bəzən istedadlı bir mətbuat işçisi imkansızlıq ucbatından işində qabiliyyətini tam göstərə, cəmiyyətə lazımı faydanı verə bilmir. Halbuki, inkişaf üçün jurnalistlərin əməyinə cəmiyyətdə böyük ehtiyac var. Buna görə də Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə ehtiyacı olan istdadlı jurnalistlərə dövlət öz vəsaiti hesabına tikdiyi evləri hədiyyə olaraq verir. Bazar iqtisadiyyatında yaşayan, amma demokratik yolla irəliləyən dövlət üçün bu çox böyük keyfiyyətdir.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və bir sıra qeyri-dövlət təşkilatları Azərbaycan mərbuatının problemlərinin çözülməsində, iş və məişət həyatının normallaşmasında uğurla çalışır, kütləvi informasiya vasitələrinə dövlət tərəfindən verilən dəstəyin keyfiyyətli və dolğun ödənilməsinə qayğı ilə yanaşırlar. Ötən il 22 iyul Mətbuat günü münasibətilə 255 jurnalistin və onun ailəsinin mənzil probleminə son qoyulub. Bu, artıq jurnalistlər üçün tikilmiş ikinci binadır və dövlət dəstəyinin bariz ifadəsidir. Bundan başqa, Prezident İlham Əliyev mətbuat işçiləri üçün 3-cü yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam da imzalayıb. Atılan bu addımlar mediaya yüksək dövlət qayğısının yeni bariz nümunəsidir.
İndi ölkədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasında KİV-i böyük rol oynayır. Mətbuatın maddi-texniki bazası informasiya texnologiyaları təşkil edir. Dövlətin informativ bazasının mütəhərrikliyi, çevik və sərrast, substantiv fəaliyyəti dövlətin təhlükəsizliyinin qorunmasında böyük pay sahibidir. Bu məmada Azərbaycan mətbuatı bütün gücü ilə dövlətçiliyin qorunmasında və müasirliyin inkişafında müvafiq sözünü inamla deyir.
N.NOVRUZ