Əlaqə Arxiv
news Image
2018.07.19
09:30
| A A A
Azərbaycana radikal dini müstəvidə təsir cəhdləri mümkün deyil
Vəli Əlibəyov: “Təhlillər göstərir ki, bu proses süni şəkildə ölkə xaricindən dəstəklənir” Şahin Camalov: “Gəncə hadisələrindən sonra bir daha şahid olduq ki, Azərbaycan dövləti özünü müdafiə etmək, dövlətçiliyini qoruyub saxlamaq imkanlarına malikdir”

İyun ayının 3-ü və 10-da Gəncədə dini zəmində baş verən hadisələr bir sıra nüansları üzə çıxartdı. Əvvəla, təhdidin haradan  gəldiyi məlum oldu. 

Bundan başqa, ölkədəki dini ekstremistlərin bir hissəsi də aşkara çıxarıldı. Bununla da müəyyən dairələrə Azərbaycana radikal dini müstəvidə təsir cəhdlərinin tam iflasa uğradığı mesajı verildi. Politoloq Vəli Əlibəyov bildirir ki, son illər Azərbaycanda dini zəmində radikallaşma var: “Təhlillər göstərir ki, bu proses süni şəkildə ölkə xaricindən dəstəklənir. İdeoloji vakkumdan istifadə edən bu qüvvələr ətrafına əsasən savadı olmayan təbəqələrin nümayəndələrini asanlıqla cəlb edə bilirlər. Məqsədləri isə aydındır - Azərbaycandakı dünyəvi sistemi məhv edib, dini qanunlarla idarə olunacaq dövlət yaratmaqdır. 
Vəziyyət o yerə gəlib çatıb ki, şəhərin tanınan bəzi şadlıq evlərində dini toy mərasimləri təşkil olunur və bu zaman divarlardan dini şüarlar, başqa dövlətlərin bayraqları asılır. Demək istədiyim odur ki, bu gün Azərbaycanda belə qüvvələr mövcuddur. Gəncə hadisələrini isə əslində, bir "məşq" kimi qiymətləndirmək olar. Bu hadisə onlara  bir tərəfdən öz əlaltılarının, başqa tərəfdən isə əhali və dövlət qurumlarının belə bir kritik məqamda davranış modellərini görmək və təhlil etmək üçün vacib idi. Bu, o deməkdir ki, belə təhdidlər və cəhdlər davam edə bilər. Bu səbəbdən də əhali və dövlət qurumları buna ciddi hazır olmalıdırlar. Hər hansı bir ölkənin daxilində çaxnaşma yaratmaq istəyən qüvvələr ilk olaraq ölkədəki vəziyyəti ciddi təhlil edir, zəif həlqələri tapır və məhz oradan zərbə endirirlər. Bu baxımdan ölkəmizin qarşısında duran başlıca məsələ belə zəif həlqələri vaxtında üzə çıxarıb neyrallaşdırmaq olmalıdır. Düşmənin əlinə bizə zərbə vurmaq üçün imkan verməməliyik".
“İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif müstəvilərdə təzyiqlər oldu: “Lakin xüsusi ilə dini müstəvidə təzyiqlər olmamışdı. Buna baxmayaraq, Gəncə hadisələrindən sonra bir daha şahid olduq ki, Azərbaycan dövləti özünü müdafiə etmək, dövlətçiliyini qoruyub saxlamaq imkanlarına malikdir. 
Azərbaycan 25 il əvvəlki Azərbaycan deyil. Artıq bir güclü dövlət kimi formalaşa bilib. Hüquq-mühafizə orqanları nəyi necə edəcəklərini çox yaxşı bilirlər. Bu cür dini ekstremizmi təlqin edən dövlətlərə də sübut olundu ki, Azərbaycana bu cür təzyiq etmək, ondan nəsə tələb etmək mümkün iş deyil. Gəncə hadisələri bir daha sübut etdi ki, dövlətimiz əmin əllərdədir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz