Əlaqə Arxiv
news Image
2018.07.21
11:00
| A A A
Siyasi, iqtisadi sabitlik Azərbaycana daha böyük sərmayə axınına rəvac verir
Fikrət Yusifov : “Bu gün Azərbaycandakı sabitlik istənilən xarici investor üçün onu cəlbedici edir” Vüqar Bayramov: “Azərbaycan üçün növbəti dövrlərdə də iqtisadi və siyasi stabilliyin qorunub saxlanılması əsas hədəflərdən biridir”

"Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən çox sabit ölkədir". Bunu İtaliya Prezidenti Sercio Mattarella ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda iştirak edən Prezident İlham Əliyev deyib. 

Ekspertlərin sözlərinə görə, sabitlik amili ölkəyə xarici sərmayə axınında böyük rol yonayır. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, Azərbaycan müstəqil olduğu ilk illərdən etibarən xarici investorların diqqətini daha çox cəlb edən bir ölkəyə çevrildi: «Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək idarəçilik bacarığı bu investisiyaların Azərbaycana böyük həcmdə axmasına yol açdı. 1994-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər gərgin idi. Lakin buna baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycan hökuməti ilə dünyanın ən aparıcı neft şirkətləri arasında dəyəri milyrdlarla dollarla ölçülən “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu, Azərbaycana sonrakı illərdə böyük həcmdə xarici investisiyaların axınının başlanğıc nöqtəsi idi”.
Professor əlavə etdi ki, bu gün Azərbaycandakı sabitlik istənilən xarici investor üçün onu cəlbedici edir: “Azərbaycan hökumətinin bu sabitlik şəraitində apardığı iqtisadi islahatlar, biznes mühitinin daha da münbitləşdirilməsi isə xarici kapitalın ölkəmizə axınını əsaslı şəkildə stimullaşdırır. Xarici kapitalın ölkə iqtisadiyyatına bu şəkildə cəlb edilə bilməsi onun bundan sonrakı dönəmlərdə daha sürətli inkişafına şərait yaradır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov iqtisadi və siyasi sabitliyin ölkəyə investisiya axını baxımından vacib amil olduğunu bildirdi: “Həm xarici investisiyaların cəlb edilməsində, həm də birgə layihələrin reallaşmasında ölkədə siyasi stabiliyin qorunub saxlanılması əsas faktorlardan biridir. Adətən xarici investorlar stabilliyə ciddi diqqət yetirirlər. Bu baxımdan stabillik əməkdaşlığı gücləndirməyə imkan verir. 
Azərbaycan üçün növbəti dövrlərdə də iqtisadi və siyasi stabilliyin qorunub saxlanılması əsas hədəflərdən biridir. Birmənalı olaraq, regional və qlobal layihələrin reallaşması məhz Azərbaycandakı mövcud stabillik hesabına baş verib. İslahatlar, neftdən asılılığın aradan qaldırılmasında da əsas hədəf ağırlığın qeyri-neft üzərinə transfer olunmasıdır. Bununla da dayanıqlı və inkluziv iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Stabillik həm islahtların həyata keçirilməsində, həm də valyutanın cəlb edilməsində vacib amildir. Qarşılıqlı olaraq bunlar da stabitliyin qorunmasına zəmin yaradır. Yəni, sabitliyin qorunması həm də iqtisadi islahatların surətindən və miqyasından asılıdır. O baxımdan hökumət xüsusən 2014-cü ilkdən etibarən daha surətli iqtisadi islahatları həyata keçirməkdə maraqlıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz