Əlaqə Arxiv
news Image
2018.08.14
10:12
| A A A
Qarabağ separatçıları İrəvana qarşı hərəkətə keçir
Məhəmməd Əsədullazadə: “Ermənistanda siyasi situasiya son dərəcə böhran vəziyyətindədir” Elman Məmmədov: “Erməniləri xaricdən idarə edən əllər itsə, daxildə Paşinyanla separatçı qurum arasında fikir ayrılığı daha da dərinləşə bilər”

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra siyasi sabitlik tam bərap olunmayıb. Əskinə, Robert Köçəryanın həbsindən sonra gərginlik daha da artıb. Belə ki, bu cür həbslərin davamlı olacağı istisna edilmir. Nikol Paşinyan hökuməti ilə Qarabağ separatçıları arasındakı münasibətin  də korlandığı açıqca sezilir. Qarabağ separatçıları  Ermənistanda «Qarabağ klanı»nın təmsilçilərinin həbsindən narazılıq edir.

Göründüyü kimi, Paşinyan siyasəti əvvəlki rəhbərlikləri siyasi səhnədən silməyə hesablanıb. Amma bunu bacarıb- bacarmayacağını indidən proqnoz etmək çətindir. Belə durumda vəziyyətin daha da gərginləşəcəyi məlumdur. Hadisələrin bu cür cərəyan etməsi isə Azərbaycanın xeyrinədir. Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanda siyasi situasiya son dərəcə böhran vəziyyətindədir: “Ermənistan erməniləri ilə Qarabağ klanı arasında siyasi mübarizə qızışmaqdadır. Təbii ki, bu proses Qarabağda mövqe tutan separatçılarla Nikol Paşinyan hakimiyyəti arasındakı münasibətləri uçuruma aparır.

Hazırda «Qarabağ klanı»nın rəhbərlərindən olan Robert Köçəryanın həbsi, ardınca klanın digər generallarının istintaqa çağrılması göstərir ki, vəziyyət ölkədə siyasi xaosa getməkdədir. Bununla yanaşı, Qarabağdakı separatçılar birbaşa Paşinyana qarşı açıq mübarizə müstəvisinə keçə bilər. Qondarma parlamentinin üzvləri Paşinyan hakimiyyətinə Robert Köçəryanın həbsdən azad olunması üçün müraciət edib. Göründüyü kimi, Köçəryanın həbsi Qarabağ separatçılarını ciddi narahat edir.

Serj Sarkisyan Qarabağa gəlişi ilə burada öz tərəfdarlarını toplayacaq və «Qarabağ klanı» Paşinyanın siyasi repressiyasına qarşı mübarizə aparacaq. Paşinyan hakmiyyəti «Qarabağ klanı»nı ona görə siyasi səhnədən silir ki, bu klan Rusiyanın əsas siyasi dayağı olaraq Ermənistanın bir dövlət kimi Kremldən asılı olmasına gətirib.

Bundan əlavə, Paşinyan öz hakmiyyətini gücləndirməklə, seçkilərdə özünə qarşı ola biləcək əks-inqilabın qarşısını alır. O baxımdan Paşinyan hakmiyyəti ilə separtçıları  arasındakı bu siyasi uçurum davam edəcək. Sarkisyan və Qarabağ separtçılarının hər hansısa həmlələri nəticə verməyəcək”.

Politoloqun fikrincə, iki qrup arasındakı bu problem davam edərsə, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara da mənfi təsir göstərə bilər: “Nəzərə alaq ki, Qarabağdakı ermənilər Ermənistanın siyasi-hərbi nəzarətindədir. Buradakı ermənilər İrəvana qarşı etirazlara qalxarsa, rəsmi Bakı vəziyyətə müdaxilə edə bilər. Çünki, Qarabağ Azərbaycanın ərazisidir. Bundan sonra Azərbaycan Ermənistanla Qarabağ separtçıları arasında problemdən maksimum istifadə edib, münaqişənin öz ərazi bütövlüyü çərçivəsndə həll olunmasına çalışmalıdır. Hazırda konflikt ətrafında danışıqlarda pauza yaranıb. Bu pauza bir neçə ay davam etməsinə rəsmi Bakı imkan verməməlidir”.

Millət vəkili Elman Məmmədov bildirdi ki, bu, gözlənilən hal idi: “Paşinyanın özündən əvvəlki rəhbərlərə qarşı olan münasibəti bunu deməyə əsas verir. Qarabağdakılar  Köçəryan və Sarkisyanın davamçılarıdır. Ona görə də Paşinyanın fəaliyyəti onları qane etməyəcək. Paşinyanın təmizləmələri isə davam etdirəcək.

Hakimiyyətdə möhkəmlənmək üçün Köçəryan və Sarkisyan komandasını hər tərəfdən təmizləməlidir. Həmçinin Dağlıq Qarabağ separatçı qurumda da öz adamlarını yerləşdirməyə çalışacaq. Buna görə narazılıqlar təbiidir”.

Millət vəkili əlavə etdi ki, erməniləri xaricdən idarə edən əllər itsə, daxildə Paşinyanla separatçı qurum arasında fikir ayrılığı daha da dərinləşə bilər: “Hətta bir-birindən ayrıla bilərlər. Düzdür, bu ehtimal çoz azdır. Çünki Ermənistanı xaricdən idarə edirlər. Amma bütün hallarda yaranan narazılıqlar Azərbaycanın xeyrinədir.

Burada həmçinin erməni cəmiyyəti üçün də bir məqam meydana çıxır ki, uzun illərdi erməni xalqını cinayətkarlar idarə edirmiş. Əgər Paşinyanın özü bundan düzgün nəticə çıxartsa, işğalçılıq mövqeyindən əl çəksə, Ermənistan müəyyən inkişaf yoluna düşə bilər. Bu da Azərbaycan torpaqlarının azad olunması, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasından keçir. Amma hələ bu görünmür. Görünən odur ki, Paşinyan bəzən özündən əvvəlkilərindən də axmaq qərarlar qəbul edir. Belə olan halda onu da əvvəlkilərin aqibəti gözləyəcək. Ermənistanın daha da ağır vəziyyətə düşməsinə gətirib çıxaracaq. Çıxış yolu isə işğalçılıq siyasətindən əl çəkmələridir”.

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz