Əlaqə Arxiv
news Image
2018.08.15
09:00
| A A A
Qarabağın taleyi İrəvansız həll edilir
Ermənistanın diplomatik fiaskosu işğalçı ölkənin özündə də açıq etiraf olunur

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin Madrid prinsipləri var. Ermənistanın “Hüquq pozuntularına qarşı” ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil: “Danışıqlar masasında bizim əlimizdə artıq heç nəyimiz yoxdur. Yalnız Madrid prinsipləri var. Madrid sənədində isə biz Ermənistanın birinci prezidentinin (Levon Ter-Petrosyan) hələ o vaxt “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bəyan etiyi nəticəyə gəlmişik. Yəni konkret olaraq Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib, amma daha yüksək status çərçivəsində - muxtar əyalət yox, muxtar respublika kimi”.

Alaverdyanın sözlərinə görə, Ermənistanın ikinci və üçüncü prezidentləri – Robert Köçəryanvə Serj Sarkisyan Dağlıq Qarabağın birbaşa Azərbaycana tabe olmasının mümkünsüzlüyü və onun ayrıca müstəqil dövlət kimi tanınmasının vacibliyilə bağlı birmənalı və sərt bəyanatlar vermələrinə baxmayaraq, Madrid prinsiplərində göstərilən mərhələli həll variantı çərçivəsində belə bir müddəa əks olunmayıb. Beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır. 
Danışıqlar prosesində Ermənistanın diplomatik fiaskosuna diqqət çəkən Alaverdyan vurğulayıb ki, nizamlanma masasındakı mövcud razılaşmalara zidd sərt bəyanatlarına baxmayaraq, Ermənistan Madrid prinsiplərindən birtərəfli qaydada imtina edə və bu razılaşmadan çıxa bilməz. Çünki artıq gecdir və belə addım İrəvanın beynəlxalq imicinə və mövqelərinə ciddi zərbə vura bilər. “Krasnodarskie izvestie” portalının şərhçisi Konstantin İzotyevin məqaləsində əd eyni fikrə rast gəlmək mümkündür. O, prosesə ilk növbədə Azərbaycanın xəzər uğuru baxımından nəzər salır. Bildirir ki, Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlərə səbəb olacaq.  Müəllifə görə mütəxəssislər,  bu sənəddən bütün sahilyanı ölkələrin udduğunu deyirlər. “Amma hamıdan çox udan Azərbaycan oldu”-o bildirir.

Müəllifin fikrincə, konvensiya dənizin Azərbaycan üçün maksimal komfort bölgüsünü təmin edib və bu ölkə öz şelfində daha çox neft-qaz hasil edə biləcək.Əvəzində isə Rusiya onun icazəsi olmadan tikilən istənilən transxəzər kəmərini bloklamaq səlahiyyəti əldə edir.”Rusiya və İran üçün mühüm bənd həm də ondan ibarətdir ki, Xəzər hövzəsində regiondan kənar ölkələrinin hərbi iştirakı qadağandır. Faktiki olaraq görürük ki, hər iki ölkə Azərbaycanın xarici siyasət loyallığını neft və qazla alıblar”-rusiyalı müəllif bildirir. Müəllif qeyd edir ki, Ermənistan bu razılaşmadan ancaq problem qazanacaq. Birincisi Xəzərdən heç bir neft-qaz kəməri bundan sonra da Ermənistan ərazisindən keçməyəcək, Azərbaycan buna imkan verməyəcək. İkincisi rəsmi Yerevanın NATO ilə oynaması onu zərbə altında qoyur. “Rusiya İranla bərabər buna dözmək niyyətində deyil və əgər lazım olarsa erməni hakimiyyətinin qeyri-dost iyasətinin nəticələrini neytrallaşdırmaq üçün Azərbaycana istənilən köməyi edəcək. Nəhayət ən vacibi. Ermənistanın baş naziri Nikol Paşinyan növbəti mitinqdə özünün hakimiyyətə gəlişinin 100 günlüyünü qeyd etməyə hazırlaşır və yolüstü özünün siyasi opponentləri ilə haqq-hesab çürüdür, belə bir vaxtda regionda mühüm geosiyasi qərarlar Ermənistanın iştirakı olmadan qəbul edilir. Əgər belə davam etsə  Dağlıq Qarabağın da taleyini İrəvansız həll ediləcəyi saat gəlib çatacaq”-məqalədə deyilir.

“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”  ümumiyyətlə, Ermənistanın qorxularını daha da artırıb. Konvensiyanı şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir.  Əsas etibarı ilə imzalanmış Konvensiyaya görə Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması ermənistanlı deputatı narahat edib. Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: “Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtilə Serj Sarkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır”. Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: “Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, çox mühüm qonşumuz İranla sənədlər imzalayır”.

Xatırladaq ki, bundan əvvəl də indi müxalifət statusunda olan keçmiş hakim Respublika Partiyasının sədr müavini, deputat Armen Aşotyan da analoji açıqlama ilə çıxış etmişdi.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz