Əlaqə Arxiv
news Image
2018.08.15
09:15
| A A A
Moskva Ermənistan siyasətini sərtləşdirir
Qabil Hüseynli: “Qərbə doğru istiqamət götürdüyü halda, sözsüz ki, Rusiyanın Ermənistana münasibətdə daha radikal addımlara keçəcəyinin şahidi olacağıq” Hikmət Hacızadə: “Putinin həmin reaksiyasını Ermənistana son xəbərdarlıq kimi dəyərləndirmək olar”

Ermənistanda baş verənlər, bu ölkənin Rusiyanı nənzarətindən çıxmasından artıq prezident Vladimir Putin də narazılıq və narahatlıq ifadə etməyə başlayıb. Bu günə qədər bir sıra rusiyalı ekspert, hətta rəsmilərin dilindən Nikol Paşinyanın qərbpərəst siyasət yürütməsinə müəyyən etirazlar olub. Ancaq Rusiya prezidenti səviyyəsində Ermənistanda son dövrlər baş verənlərə münasibət bildirilməsi və bundan narahatlıq ifadə etməsi ilk dəfdir ki, baş verir. Yaranmış vəziyyət onun göstəricisidir ki, Moskva artıq Ermənistanın son şıltaqlığına göz yummayacaq, onu sakit tərzdə qarşılamayacaq. Bu fonda Rusiyanın Ermənistana qarşı sərt tədbirlər görməsi mümkündürmü?

Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistan “qırmızı xətti” keçəcəyi təqdirdə, birmənalı olaraq Rusiya ona münasibətdə daha sərt və kəskin tədbirlərə əl atacaq: “Aydın məsələdir ki, Nikol Paşinyan mövcud olan qırmızı xətti keçməyə cəhd etsə, bu halda həqiqətən də ona qarşı narazı qalan Moskva tərəfindən ən ekstremal addımlar atıla bilər. İlk vaxtlar Paşinyan daha çox odlu-alovlu idi və bu müstəvidə də Rusiyanın Ermənistanda yerləşən hərbi hissəsinə qarşı daha radikal fikirlər səsləndirirdi. Lakin sonradan o anladı ki, Rusiya heç zaman Ermənistana və onun yeni rəhbərliyinə Moskvanın qoyduğu xəttdən çıxmağa imkan verməyəcək.

İkincisi, bir çox məsələlərdə Ermənistan hələ də Rusiyadan ciddi şəkildə asılı olaraq qalmaqdadır. Bu səbəbdən Paşinyan tutduğu əvvəlki mövqeyini bir qədər zəiflədərək, Rusiya, şəxsən Putinin özünə yaltaqlanmaq yolunu tutdu. Ancaq buna baxmayaraq, Paşinyan yenə də, özü də başqa əllərin köməyilə müəyyən manevrlər etməyə çalışır. Lakin bu əməllər də Rusiya kəşfiyyatına tam bəllidir. Bu səbəbdən hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər indilikdə tam açıq şəkildə üzə çıxmasa da, gərgin olaraq qalır.

Rusiya Paşinyana olan soyuq münasibətini gizlətmir. Rusiya mətbuatı isə Paşinyan və onun yeritdiyi siyasəti ciddi tənqid atəşinə tutur. O biri tərəfdən də, Qərb Paşinyana yağlı vədlər verərək, ona təzyiq göstərir. Belədə aydındır ki, iki od arasında qalan Paşinyan gec-tez bunlardan birini seçmək məcburiyyəti qarşısında qalacaq. Qərbə doğru istiqamət götürdüyü halda, sözsüz ki, Rusiyanın Ermənistana münasibətdə daha radikal addımlara keçəcəyinin şahidi olacağıq”.

Politoloq Hikmət Hacızadə də bu qənaətdədir ki, Rusiya öz forpostunu elə-belə asan şəkildə əlindən buraxmayacaq: “Aydın məsələdir ki, Rusiya öz forpostu olan Ermənistanı asan şəkildə əlindən buraxası deyil. Bu mənada da son zamanlar Moskvada Ermənistanda cərəyan edən proseslər ciddi şəkildə izlənilir. Sözsüz ki, Kreml Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsini əvvəldən də dəstəkləməyib. Ancaq yaranmış situasiyada düşmən ölkədə baş verənlərə də o zaman hər hansı bir müdaxilə etmədi. Çünki, Paşinyanın xalq tərəfindən ciddi dəstək alması anında Rusiyanın köhnə rejimi müfafiə etməsi üçün prosesə müdaxilə Moskvanın mövqeyinin zəifləməsilə nəticələnə bilərdi. Ancaq zaman keçdikcə, Paşinyan Rusiyanı qıcıqlandıran addımlara yol verdikcə, Moskva da ona münasibətdə öz kəskin ritorikasını ortaya qoymağa başlayır.

Əvvəllər ancaq mətbuatda, və daha aşağı ranqlı məmurlar tərəfindən Paşinyanın qərbpərəst hərəkətlərinə etirazlar ifadə edilirdi. Putin isə son zamanlara qədər özünü elə aparırdı ki, bu məsələnin sanki ona və ölkəsinə heç bir aydiyyatı yoxdur. Ancaq artıq o da Ermənistanda cərəyan edən situasiyadan narazı qaldığını dilə gətirirsə, deməli, Rusiya düşmən ölkədə gedən hadisələrə sadəcə seyrçi mövqe sərgiləməklə qalmayacaq.

Əslində, Putinin həmin reaksiyasını Ermənistana son xəbərdarlıq kimi dəyərləndirmək olar. Paşinyan bu reaksiyadan nəticə çıxarıb, Rusiyanın ayağına düşsə, Moskva Ermənsitana münasibətdə sərt addımlara getməyəcək. Yox əgər, Paşinyan daha açıq şəkildə Kremli hövsələdən çıxarmaqda davam etsə, bu, ona və ölkəsinə baha başa gələ bilər. Belə ki, Rusiya bu fonda sözsüz ki, Ermənistanı cəzalandırmaq yolunu tutacaq. Bu birmənalıdır”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz