Əlaqə Arxiv
news Image
2018.08.15
09:30
| A A A
Düşmən ölkədə yeni qarşıdurma başladı
Sabiq ölkə prezidenti Robert Köçəryan ətrafında baş verən proseslər Ermənistanı yeni ziddiyyətlərə sürükləyir

Ermənistanda ictimai-siyasi durum getdikcə kəskinləşməkdə, ölkədə sabiq iqtidarla yeni hakimiyyətin qarşıdurması açıq müstəviyə çıxmaqdadır. Bunu  sabiq ölkə prezidenti Robert Köçəryan ətrafında baş verən proseslər də qabarıq şəkildə göstərir.

Qeyd edək ki, Robert Köçəryan  "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunur. Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.İrəvan birinci instansiya məhkəməsinin qərarı ilə Robert Köçəryan  iyulun 27-də iki ay müddətinə həbs olunmuşdu. O , vəkilləri və bəzi siyasi xadimlər onun siyasi təqibə məruz qaldığını iddia edirlər. İrəvan Apellyasiya Məhkəməsi avqustun 13-də Köçəryan  barəsində onun vəkillərinin həbs qətimkan tədbirini dəyişmək haqqında vəsatətini təmin edib. Robert Köçəryan  barəsində birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirini dəyişmək haqqında qapalı proses avqustun 9-da başlayıb və iki gün davam edib. Daha əvvəl Ermənistan Baş Prokurorluğu 40-dan çox Ermənistan millət vəkillərinin eks-prezident Robert Köçəryan ın həbs qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməmişdi.

Ermənistanda politoloqlar və siyasi şərhçilər Köçəryan ın azadlığa buraxılmasını həm təqdir ediblər, həm də "köhnə hakimiyyətin təzyiqinin hələ də mövcud olduğunu" iddia edərək etiraz ediblər. Bəziləri isə hadisəni "Moskva amili" ilə əlaqələndirib.

Köçəryanın vəkili Ruben Sahakyan Apellyasiya Məhkəməsinin qərarından razı qaldıqlarını bildirib. Sahakyan məhkəmənin qərar çıxararkən sabiq prezidentin toxunulmazlıq statusuna əsaslandığını bildirib: "Heç bir şəxs öz vəzifə borcunu yerinə yetirərkən və vəzifəsini tərk etdikdən sonra öz statusundan irəli gələn hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə Robert Köçəryanın toxunulmazlığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv edib, vəkillərin şikayətini təmin etdiyini bəyan edib". Lakin digər hüquqşünaslar bu prinsipin ağır cinayətlərə aid olmadığını qeyd edirlər. Daha əvvəl Ermənistan İctimai Televiziyasına müsahibəsində Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan toxunulmazlıq prinsipinin eks-prezident Köçəryana şamil olmadığını demişdi. Onun sözlərinə görə, 2008-ci ildə qüvvədə olan konstitusiyasında da prezidentin "statusundan irəli gələn fəaliyyəti ilə bağlı" toxunulmazlıq nəzərdə tutulurdu: "Lakin bu gün ikinci prezident xüsusilə ağır cinayət kimi təsnif edilən hərəkətlərdə ittiham olunur... - konstitusiya üzrə Ermənistan Respublikasında hakimiyyət xalqa məxsusdur. Hakimiyyətin hər hansı təşkilat, yaxud şəxs tərəfindən mənimsənilməsi ağır cinayət hesab edilir".

Xüsusi İstintaq Xidməti (XİX) Apellyasiya Məhkəməsinin Köçəryanın həbsdən azad edilməsi qərarını qeyri-qanuni hesab edir: "Apellyasiya Məhkəməsi öz səlahiyyətindən kənara çıxıb. Ümid edirik ki, Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət təqdim edər. Çünki Apellyasiya Məhkəməsinin qərarını qeyri-qanuni hesab edirik". Prokurorluğun mətbuat xidməti Apellyasiya Məhkəməsinin qərarını aldıqdan sonra kassasiya şikayəti vermək məsələsinin müzakirə ediləcəyini bildirir.

"Ərik ölkəsi" partiyasının lideri Zaruhi Postancyan hesab edir ki, Köçəryanı azad etmək yox, "onun 10 illik prezidentliyi dövrdə törətdiyi bütün cinayətlərə görə ittihamlar təqdim edilməlidir". Partiya fəalları məhkəmə binasının önündə "Köçəryanın yeri məhbəsdir" şüarları ilə aksiya keçirirdi. Postancyanın sözlərinə görə, Köçəryan  10 illik prezidentlik dövrünün ilk günündən ölkə qanunlarını pozub: "İnsan haqları, söz azadlığı qanunun aliliyi prinsipi pozulub, . seçkilər saxtalaşdırıb, strateji mühüm obyektləri satıb. Belə bir insanın azad edilməsi, ona növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərə müdaxilə imkanı verilməsi dövlətçiliyimiz və ölkəmizin təhlükəsizliyinə məhvedici təsiri olar".

Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının (ERP) mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov hesab edir ki, Köçəryanın həbsdə qalması adekvat olmazdı: "İkinci prezident barəsində həbs qətimkan tədbirinin əsaslandırılması ən azı müəammalıdır. Çünki görünməmiş haldır ki, sabiq prezidenti şahid kimi dəvət edib, yarım saat içində deyirlər: sən müttəhimsən və həbs edirlər". O, yeni hakimiyyət tərəfindən keçmiş hakimiyyət nümayəndələrinin təqib edilməsi təmayülləri müşahidə olduğunu qeyd edir.

Erməni Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan Köçəryanın həbsdən azad edilməsinə "xarici amil təsiri"nin mümkünlüyünü də istisna etmir: "Məhkəmənin qərarına Ermənistanda keçmiş rəsmilərə qarşı cinayət işlərinin qaldırılması ilə bağlı Rusiyanın reaksiyası da səbəb ola bilərdi".Söhbət avqustun 1-də Rusiya xarici işlər naziri Sergey Lavrovun "Ermənistanda yaranmış vəziyyət və yeni ölkə rəhbərliyinin hərəkətləri ilə bağlı" bəyanatından gedir. Lavrov yeni Ermənistan rəhbərliyinin "öz sələflərinə qarşı siyasi təqiblərdən imtina etmək haqqında bəyanatlarına zidd" hərəkət etdiyini bəyan edib. O, baş verənlərin "MDB məkanında Ermənistanın da üzv olduğu, təşkilatların normal fəaliyyəti baxımından" Rusiyanı narahat etdiyini bildirib. Mehrabyanın sözlərinə görə, məhkəmənin Köçəryanı buraxmaq haqqında qərar Moskvanın "narahatlığı" ilə bağlıdırsa, bu güzəştlərin ardı da gələcək.

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz