Əlaqə Arxiv
news Image
2018.08.15
11:15
| A A A
ABŞ dünyanı özündən narazı salır
Elman Nəsirov: “Son dərəcədə güclü iqtisadi, maliyyə və hərbi gücə malik ABŞ-a qarşı ayrı-ayrı dövlətlərin müqavimət məqsədilə atdığı addımlar nəzəri baxımdan mümkün sayılsa da, praktik baxıman indilikdə real deyil”

ABŞ-ın maliyyə və iqtisadi siyasətindən dünya boyu narazılıq artır. Belə ki, son zamanlar Donald Tramp adminstrasiyası bir çox ölkələrə münasibətdə gömrük rüsumları, iqtisadi və maliyyə sanksiyaları fonunda təhdid və təzyiqlər həyata keçirməyə çalışır. Bunu Vaşinqtonun Çin, Türkiyə, Rusiya, İran, hətta müttəfiqi olan Avropa Birliyinə münasibətdə atdığı addımlardan əyani şəkildə görmək olar. Belə ki, ABŞ bu ölkələrin bir çoxuna qarşı gömrük rüsumu, digərlərinə münasibətdə isə maliyyə və ya hansısa bir iqtisadi sanksiyalar tətbiq edib.

ABŞ-ın atdığı anoloji proseslə adı qeyd olunmayan digər ölkələr də üzləşir. Belə olan şəraitdə Ağ Evin yürütdüyü maliyyə və iqtisadi siyasətdən dünya boyu narazılıq artır.  Bu şəraitdə ABŞ-a qarşı müqavimət məqsədilə atılan addımlar dünyanın iqtisadi nizamına nə vəd edir? Proseslərin Azərbaycana təsirinin minimsal xarakteri nə ilə bağlıdır?

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, ABŞ-ın iqtisadi və maliyyə siyasətinə qarşı dünyada müqavimət məqsədilə atılan addımlar nəzəri baxımdan mümkün görünsə də, reallıqda onun baş verməsi mümkün deyil: “Donald Tramp adminstrasiyasının xarici siyasət kursu, bura həmçinin xarici iqtisadi əlaqələr də daxildir, sərtliyi ilə diqqəti cəlb edir. Bu sərtlik isə təkcə dünyanın ayrı-ayrı dövlətlərinə qarşı deyil, eyni zamanda müttəfiqlərinə qarşı münasibətdə də hiss olunur. Xüsusilə də Tramp adminstrasiyasının NATO ölkələrini öz milli ümumdaxili məhsulunun 2 faizini hərbi məqsədlər üçün ayırmaqla bağlı yanaşması Avropa ölkələrində sərt etirazlarla qarşılanır. Belə olan təqdirdə isə ABŞ rəhbərliyi bu fonda artıq NATO üzrə müttəfiqlərini təkbaşına qoymaq siyasətinə keçəcəyini tez-tez dilə gətirir. Yəni bildirirlər   ki, hər zaman Avropanın müdafiəsilə məşğul olsalar da indi müttəfiqlərin özləri özlərini qorumaq üçün daha çox zəhmət çəkməlidirlər. Bu istiqamətdə Ağ Evdən bəyanatlar indi tez-tez eşidilməkdədir. Xüsusən də ABŞ-ın Çinlə münasibəti və maliyyə-iqtisadi siyasəti dünyanın iqtisadi nəhənglərindən olan Pekinlə də münasibətlərin gərginləşməsinə gətirib çıxarıb. Amma daha çox gərginlik Rusiya və İranla münasibətlərdə yaşanmaqdadır.

Təsadüfi deyil ki, Tramp adminstrasiyasının qəbul etdiyi sonuncu Milli Təhlükəsizlik Konsepsiyasında adını çəkdiyimiz dövlətlər də şər qüvvələr sırasına daxil edilib. İran isə hətta dünyada terrorizmin sponsoru kimi təqdim edilir. Bütün bunlar onu göstərir ki, ABŞ-da ənənəvi sərt siyasətin baş verdiyinin şahidiyik.  Xatırlayırsınızsa, Corc Buşun hakimiyyəti dövründə də eyni yanaşmanın şahidi olduq. İndi də həmin siyasət Tramp tərəfindən davam etdirilir.  Belə olan təqdirdə, Trampın sərt siyasətinə münasibətdə digər tərəflərin birləşməsi və ona müqavimət göstərilməsilə bağlı ara-sıra müəyyən mövqelər səslənməkdədir. Amma onu da nəzərə alaq ki, ABŞ-ın Milli Təhlükəsizlik Konsepsiyasında Vaşinqtonun özünün dünyada fövqəldövlət siyasətini qoruyub saxlamaq, eyni zamanda özlərinə qarşı ayrı-ayrı dövlətlər və dövlətlər blokunun yaranmasına imkan verməməyin əsas məqsədlərdən olduğu xüsusi olaraq vurğulanıb.

Bu gün ABŞ-ın hətta müttəfiqlərilə bağlı da müəyyən anlaşılmazlıqlar yaşanmaqdadır. Amma bunu heç də Avropa üzrə müttəfiqlər və digər güclərin perspektivdə ABŞ-a qarşı iqtisadi və digər müstəvidə koalisiyasının yaranması kimi də təqdim etmək olmaz.

ABŞ-a qarşı koalisiyanın, o cümlədən iqtisadi müstəvidə, yaranma ehtimalı hazırda elə də böyük deyil. Çünki, ABŞ-ın Avropa üzrə müttəfiqləri arasında da yekdillik yoxdur. Bu məsələdə daha çox Almaniya ilə Fransa bəzi məsələlərdə Vaşinqtonla üst-üstə düşməyən mövqelər sərgiləyir. Lakin bu mövqeləri heç də müttəfiqlik münasibətlərindən geri çəkilmək kimi qiymətləndirmək düzgün olmazdı. 2003-cü ilin martında ABŞ Səddam Hüseyn rejiminə qarşı müharibəsi başlayanda da Fransa Vaşinqtonu BMT-də veto ilə hədələyirdi. Bu məsələdə Almaniya da Fransanın yanında idi. Çinlə Rusiya da birmənalı şəkildə veto tətbiq edəcəyini bəyan etdi. Yəni ABŞ-ın sadiq müttəfiqləri belə ara-sıra onu veto hüququ ilə hədələyirlər. Lakin bu hal heç də həmin dövlətlərlə ABŞ-ın ənənəvi müttəfiqlik münasibətlərindən imtina kimi qəbul edilmir. Ona görə hesab edirəm ki, Tramp adminstrasiyasının bir çox hallarda müttəfiqlərinin marağını nəzərə almadan yeritdiyi sərt siyasət heç də Vaşinqtonla Brüssel arasında müttəfiqlik münasibətlərinin korlanması anlamına gəlmir. Bunlar sadəcə, anlaşılmazlıqdır və strateji məsələlərdə ABŞ-la müttəfiqləri bir sıradadır. ABŞ-a qarşı Rusiya, İran, Çin və digər dövlətlərin koalisiyasına gəldikdə isə indiki reallıqda belə blok və yaxud koalisiyanın yaranması ehtimalı elə də diqqəti cəlb etmir.  Belə blokların yaradılması daha çox elmi tədqiqatlarda və ayrı-ayrı politoloqların yanaşmalarında nəzərdən keçirilir. Bu əsasda da söyləmək olar ki, ABŞ-ın maliyyə-iqtisadi siyasətinə qarşı müqavimət məqsədilə atılan addımlar dünyanın iqtisadi nizamına heç nə vəd etmir. ABŞ-ın ümumdaxili məhsulu 9 trilyon dollara gəlib çatıb. Bu ölkənin hərbi büdcəsi isə 700 milyard dolları da keçib. Bütün dünya ölkələrinin hərbi büdcəsi isə birlikdə 1,4 trilyon dollardır. Buradan göründüyü kimi, bütün dünyanın hərbi büdcəsinin yarısı qədər ABŞ hərbi büdcəyə sahibdir. Bu nöqteyi-nəzərdən son dərəcədə güclü iqtisadi, maliyyə və hərbi gücə malik olan ABŞ-a qarşı ayrı-ayrı dövlətlərin müqavimət məqsədilə atdığı addımlar, blok və ya koalisiya yaratmaq cəhdləri  nəzəri baxımdan mümkün sayılsa da, praktik baxıman indilikdə real deyil”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz