Əlaqə Arxiv
news Image
2018.08.21
09:00
| A A A
Qızışan siyasi mübarizə Ermənistanı məhv edir
Düşmən ölkədə vətəndaş qarşıdurmasına əlverişli zəmin yaranır

Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələr tam zərərsizləşdirilməyib. Bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var. Qeyd olunan bu fikirləri Nikol Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə deyib. Ermənistanın baş naziri bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcək. Növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək. Paşinyan qeyd edib ki, quldur dəstə parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər.

N.Paşinyanın səsləndirdiyi fikirləri şərh edən erməni siyasi ekspertləri bildirib ki, Paşinyanda bundan əvvəlki hökumət başçılar kimi yalan vədlər verib baş nazir postuna gəldi. İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Sadəcə olaraq məxməri inqilab zamanı xalqa qəhrəman lazım idi. Paşinyanda bu vəziyyətdən istifadə etdi.

Bundan başqa siyasi ekspertlər qeyd edib ki, parlamentdə çoxluğun Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasında olması Paşinyanı narahat edir. Bu səbəbdən parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, eks-prezident Robert Köçəryanın həbsdən çıxması daşnakların və respublikaçıların fəallaşmasına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir. Erməni ekspertləri bildirib ki, qızışan siyasi mübarizə isə Ermənistanın məhvinə səbəb olacaq.

Hesab edilir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan bütün müxalifəti öz ətrafında birləşdirə bilər. sonuncu siyasətə qayıtdığını bəyan edib. “Hesab edin ki, mən siyasətə qayıtdım. Bu qayıdış müxtəlif formatlarda ola bilər”, - Köçəryan “”Yerkir media” telekanalına müsahibəsində bildirib. MDB ölkələri İnstitutunun erməni filialının rəhbəri, politoloq Aleksandr Markarov qeyd edir ki, sabiq prezidentin qayıdışının siyasi meydanda necə rəsmiləşəcəyinə dair suala cavab vermək hələ çətindir. Bununla belə, artıq Köçəryanı dəstəkləməyə hazır olan siyasi güclər var. Xüsusi halda, “Daşnaksutyun” Partiyasının Siyasi Bürosunun nümayəndəsi Qrant Markaryan bildirib ki, sabiq prezidentlə əməkdaşlığı istisna etmirlər. Bu haqda sabiq prezident və baş nazir Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasından da bildiriblər.

“Üstəlik, Ermənistanda “neqativ”, yəni, kiməsə qarşı koalisiyaların formalaşması təcrübəsi var. Əgər Koçaryana güclərin mümkün cazibə mərkəzi kimi baxsaq, onda mümkündür ki, başqa partiyalar da bu ittifaqa qoşulmağa qərar verəcək”, - Markarov qeyd edib. Öz növbəsində politoloq Roman Melikyan hesab edir ki, Köçəryan böyük siyasətə qayıdaraq, “banka” gedir. Onun sözlərinə görə, Köçəryanın “siyasi cəsəd” adlandırılmasına baxmayaraq, sabiq prezidentin siyasi proseslərdə aktiv iştirakını istisna etmək olmaz. Politoloq qeyd edir ki, o özünün əvvəlki resurslarını aktivləşdirir. Onun fikrincə, Köçəryan yalnız ayrı şəxslərin deyil, həm də siyasi güclərin dəstəyindən istifadə etdiyini göstərir.

Paşinyan isə bütün rəqiblərini güc yolu iəlolsa da sıradan çıxarmaqda israrlıdır. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun sözlərinə görə, baş nazir hakimiyyətdə olduğu yüz gün müddətində görülən işlər barədə hesabat vermək əvəzinə, əleyhdarlarını hədələməklə kifayətlənib. Şantaj və populizmin hökumətin əsas silahı olduğunu vurğulayan Şarmazanov əlavə edib ki, bütün bunlar Paşinyanın ağır vəziyyəti və gələcəklə bağlı qorxuları ilə əlaqədardır. Parlamentin vitse-spikeri baş nazirə müraciətlə deyib: “Xatırladırıq ki, bu gün siz müxalifət başçısı deyilsiniz və ölkədəki vəziyyətə görə birbaşa məsuliyyət daşıyırsınız. Sizdən fərqli düşünən deputatları, hakim və vətəndaşları hədələməyə, qanunları pozmağa son verin”. Politoloq Qabil Hüseynli vurğulayır ki, Respublika Partiyasının üzvü Eduard Şarmazanovun Nikol Paşinyanın siyasi hakimiyyətinə qarşı sarsıdırıcı tənqidlərində həqiqət payı, mövcud reallıqları əks etdirən nüanslar var. Şarmazanov Rusiya ilə münasibətlərin gərginləşməkdə olduğuna dair növbəti bəyanatı ilə bir daha Paşinyana mesajlar göndərir. Onun sözlərinə görə, Eduard Şarmazanov bununla artıq bir neçə dəfədir müxalif Serj Sərkisyanın nümayəndəsi kimi Nikol Paşinyanın mövcud hakimiyyətini ciddi surətdə tənqid edir: “Xəzərin statusu ilə bağlı Konvensiya imzalananda Şarmazanov bildirmişdi ki, Ermənistanda siyasilərin bir-biri ilə didişdiyi bir vaxtda Azərbaycan Xəzərin statusu ilə bağlı Rusiya ilə birlikdə müqaviləyə imza atır və özündə həm nəqliyyat, həm də dəniz resursları və karbohidrogen ehtiyatları olan nəhəng layihəni reallaşdırır”.

Politoloqun fikrincə, Şarmazanovun son zamanlar xeyli fəallaşması onu göstərir ki, Robert Köçəryanın partiya yaratmaq haqda bəyanatından və Serj Sarkisyanın istintaq komissiyasına çağırılması ilə əlaqədar Respublikaçı Partiyasının sıralarında canlanma hiss olunur: “Əsasını “Qarabağ klanı” təşkil etsə də, kifayət qədər böyük oliqarxların və tanınmış iş adamlarının dəstək verdiyi Respublika Partiyası gələcəkdə Köçəryanın formalaşdıra biləcəyi siyasi partiya ilə ittifaqa girərsə, güclü müxalifət düşərgəsi yarada bilərlər”.

Qabil Hüseynli Rusiya mətbuatınin iki ölkə arasında gərgin münasibətləri açıq surətdə şərh etdiyinə və rus siyasilərinin bir-birinin ardınca İrəvana mesajlar ötürdüklərinə diqqət çəkib: “Köçəryan və Yuri Xaçaturovun həbsdən azad edilməsi Kremlin təzyiqi ilə baş verdi. Bu hadisələr Paşinyan hakimiyyətinin nə qədər oyuncaq və itaətkar olduğunu aydın göstərir. Paşinyan Rusiyaya yaltaqlanır, az qala hər gün Moskvaya xoş gəlmək üçün müəyyən siyasi komplimentlərdən istifadə edir. Paşinyanın siyasi müxalifəti formalaşıb və ayaq üstündə dik durmağa başlayıb. Hələ ki sözçü sifətində Şarmazanov çıxış edirsə, tezliklə sıralarından başqa millət vəkillərinin və yaxud Köçəryanın özünün də aktiv siyasi bəyanatlarla çıxış edəcəyinin şahidi olacağıq. Zənnimcə, bu, bəlli ssenaridir və ehtimal edirəm ki, Moskva tərəfindən hazırlanıb. Serj Sarkisyanın Xankəndinə səfər etməsi və orada müxtəlif adamlarla görüşməsi, qondarma Dağlıq Qarabağ Respublikasının qondarma parlamentinin Köçəryanla bağlı Ermənistan parlamentinə müraciəti, ardınca Köçəryanın partiya yaratmaq haqda bəyanatı və Şarmazanovun cəsarətli və iqtidarı sərt tənqid edən açıqlamaları göstərir ki, Paşinyan əvvəlki kimi populist çağırışlarla çıxış edə bilməyəcək. Onun üçün müəyyən qırmızı xətlər çəkilməkdə və xəbərdarlıqlar səsləndirilməkdədir. Ermənistanda qarşı-qarşıya duran ideologiyalar formalaşır ki, gələcək qarşıdurmaların ideya-siyasi bazası rolunu oynaya bilər”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz