Əlaqə Arxiv
news Image
2018.08.21
09:44
| A A A
Fars Körfəzi ölkələrinə daha çox Azərbaycan məhsulu gedəcək
Vüqar Bayramov: “Yeni bazarlar əldə edilməsi və daha çox valyutanın ölkəyə daxil olması baxımından Körfəz ölkələri bazarlarına Azərbaycan məhsulunun çıxması olduqca əhəmiyyətlidir”

Azərbaycan milli məhsulların Fars Körfəzi ölkələrinə ixracı artır. Hətta bu məqsədlə həmin bölgəyə ixrac coğrafiyasını genişləndirmək məqsədilə 2018-ci ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinə iki ixrac missiyası göndəriləcək. Belə bir açıqlama ilə Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev çıxış edib. E.Əliyev deyib ki, xüsusilə, meyvə-tərəvəz, meyvə şirələri, bal, quru süd, ət, çay və fındıq kimi məhsulların Fars Körfəzi ölkələrinə ixracını və bu regionda fəaliyyət göstərən ticarət şəbəkələrinə çıxışını təmin etmək üçün danışıqlar davam etdirilir.

Onun sözlərinə görə, ixrac missiyalarının yerli istehsalçıların iştirakı ilə əsas məqsədi "Made in Azerbaijan" milli brendinin BƏƏ və digər Fars Körfəzi ölkələrinin bazarlarında təşviqindən ibarətdir. Ticarət nümayəndəmizin bildirdiyinə görə, bu gün Azərbaycanda Dubay bazarına çıxmaq istəyən çox sayda orta və kiçik müəssisələr var. Ona görə də Dubaya qarşıdakı ixrac missiyasında 10-dan çox Azərbaycan şirkətinin iştirakı gözlənilir.

Son iki ilin təhlilləri göstərir ki, Azərbaycan məhsulları Rusiya və MDB bazarlarında möhkəmlənib. İndi isə yuxarıda verilən açıalamadan göründüyü kimi, ölkəmizə aid məhsullar Körfəz ölkələri bazarlarında da özünə yer tutmaq əzmindədir. Körfəz ölkələri bazarlarında Azərbaycan məhsulları ilə möhkəmlənməyimiz ölkəmizə nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, yeni bazarlar əldə edilməsi və daha çox valyutanın ölkəyə daxil olması baxımından Körfəz ölkələri bazarlarına Azərbaycan məhsulunun çıxması olduqca əhəmiyyətlidir: “Ölkəmiz üçün ixrac edilən məhsulların bazarlar üzrə diversifikasiyası da çox vacibdir. Bu baxımdan da Azərbaycanda bazarların diversifikasiyası və fərqli bazarlara, o cümlədən Fars körfəzi, eləcə də Yaxın Şərq ölkələrinə istehsal edilən məhsulumuzun çıxarılmasına ehtiyac vardır. Körfəz ölkələrinə Azərbaycanın milli məhsullarının ixracı nəticə etibarı ilə ölkəmizə daxil olan valyutanın həcminin artmasına birbaşa təsir göstərəcək. Bu hal imkan verəcək ki, Azərbaycan daha çox valyuta əldə etmək imkanı qazansın.

Eyni zamanda, belə bir işin həyata keçməsi valyutanın həcminə təsir göstərməklə yanaşı, həm də bazarların diversifikasiyası baxımından mühümdür. Azərbaycan fərqli bazarlara məhsul çıxarmaqla məhdud sayda bazardan asılılığı aradan qalmağı da düşünür. Dövlət başçısı tərəfindən də sahibkarların yeni bazarlara çıxış imkanlarının sürətlənməsinə hər zaman dəstək verilib. Bu istiqamətdə hər zaman tapşırıq və göstərişlər verilib.

Burada da məqsəd fərqli bazarlara daxil olmaqla məhz ölkəyə daxil olan valyutanın həcminin dayanıqlığını gücləndirmək, həm də ənənəvi bazarlarla yanaşı, yeni bazarlara da çıxış imkanı əldə etməklə ümumi ixracın həcminin artımına nail olmaqdan ibarətdir. Düşünürəm ki, Azərbaycan üçün bu məsələ prioritet məsələlərdəndir. Mövcud potensial da Azərbaycana öz məhsullarını satmaq üçün fərqli bazarlara çıxış imkanının sürtələnməsinə yaşıl işıq yandırır. Bu mənada sözsüz ki, Körfəz ölkələri də Azərbaycan üçün  cəlbedici bazardır. Xüsusən də Azərbaycanın qida və ərzaq məhsulları orqanik olduğundan, məhz həmin bazarlara çıxış imkanları baxımından daha çox üstünlüklərə maliyik. Yəni Azərbaycan məhsulları bu kontekstdən müqayisəli üstünlüyə malikdir, rentabellidir. Rentabelliyin olması da ölkəmizə məhz Körfəz ölkələri bazarlarına çıxış üçün geniş  imkanlar yaradır. Ona görə də düşünürəm ki, süözügedən bazarlara çıxış imkanları Azərbaycan üçün həm də ölkəyə daxil olan valyuta, xüsusən də qeyri-neft sektoru üzrə valyutanın həcminin stabilləşdirilməsi baxımından çox vacibdir. Bu da nəticə etibarı ilə ölkəmizə qeyri-neft sektorunun genişləndirilməsi və daha dayanıqlı şəkildə ölkəyə valyuta axınının təmin edilməsinə gətirib çıxara bilər”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz