Əlaqə Arxiv
news Image
2018.08.21
07:00
| A A A
Erməni separatçıları arasında yeni nifaq
Azər Həsrət: “Torpaqlarımız işğal altında qaldıqca, heç bir erməninin Dağlıq Qarabağda xoşbəxt yaşaması mümkün deyil”

İşğal olunmuş Qarabağda erməni separatçıları bir-birini didmək, bir-birinə qarşı çıxmaqda davam edirlər. Bir qrup Qarabağ ermənisi yenidən separatçıların lideri sayılan Bako Saakyana qarşı çıxıb. Sonuncu da hər vəchlə çalışır ki, hakimiyyətini qoruyub saxlaya bilsin.

Qeyd edək ki, Bako Saakyan hakimiyyətə təzə gələndə yerli ermənilər Rusiya Federal Təhlükəsizlik Xidmətindəki agent karyerasına eyhamla ona “KQB tulası” ayaması vermişdilər. İndi Bako Saakyanın yeni ayaması yaranıb. Yerli müxalifətçilər onu “əski, cındır” adlandırırlar. Bu haqda “Lenta.ru” portalına müsahibəsində Dağlıq Qarabağdakı “Milli dirçəliş” müxalifət partiyasının fəalı Tiqran Qriqoruan danışıb. Qriqoryanın partiyası Xankəndində Bako Saakyanın kriminal-xunta rejiminə qarşı çıxan əsas siyasi qüvvədir, yerli “parlamentdə” cəmi 1 deputatla təmsil olunur. Bir müddət əvvəl Dağlıq Qarabağın xüsusi xidmət əməkdaşlarının iki yerli sakini döyməsinə etiraz olaraq başlayan etirazlarda bu partiya əsas təşkilatçı idi. Həmin etirazlara görə Bako Saakyan güc strukturlarının rəhbərlərini və “hökumət başçısını” dəyişməli oldu. İndi Qriqoryan deyir ki, onların məqsədi Bako Saakyanı ümumiyyətlə hakimiyyətdən qovmaqdır:  ”Bako Saakyan özünü 11 ildir məhz əski, cındır kimi aparır. 2007-ci ildə onu vəzifəyə Yerevandan təyin etmişdilər-Sərkisyana onun əmrlərini sözsüz yerinə yetirən adam lazım idi. Belə adam isə Saakyan idi. 11 il ərzində Saakyan erməni xalqına qarşı bir çox cinayətlərdə iştirak edib. 2008-ci ilin 1 mart hadisələrini yadasalmaq olar, o vaxt Dağlıq Qarabağdan hərbi birləşmələr İrəvana göndərilmişdi”.

 

Ümumiyyətlə, görünən odur ki, Ermənistanda Nikol Paşinyanın rəhbərliyi altında Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasından üzü bəri Qarabağ separatçıları arasında da gərginlik artıb. Siyasi icmalçı Azər Həsrət də düşünür ki, Dağlıq Qarabağdakı ermənilər daxilində yaşanan gərginlik və çaxnaşmanın arxasında “Qarabağ klanı” ilə Ermənistan klanı arasında toqquşma dayanır: “İşğal olunmuş Qarabağ ərazisində məskunlaşan ermənilər daxilində yaşanan gərginlik heç də təsadüfi hadisə deyil. Uzun illərdir ki, həm Ermənistanda, hə də işğal olunmuş Dağlıq Qarabağda yaşayan ermənilər çox acınacaqlı vəziyyətdə yaşayırlar. Bu da ondan irəli gəlir ki, işğal etdikləri torpaqda yaşamaq heç bir xalq üçün asan olmayacaq. O cümlədən Qarabağda doğulub, orada boya-başa çatan ermənilər üçün bu asan məsələ deyil. Onlar özləri belə separatçı rejimin zülmündən əziyyət çəkir və bu gün də çəkməkdə davam edirlər. Sadəcə olaraq,

İrəvanda son zamanlara qədər “Qarabağ klanı”ndan olanlar hakimiyyət başında olduğundan, işğal altında yaşayan, ancaq qseparatçıların zülmü ilə üz-üzə qalan ermənilər baş qaldırmağa çətinlik çəkirdilər. İrəvandakı hakimiyyət daimi olaraq Qarabağ separatçı rejiminin fəaliyyətinə nəzarət edirdi. Yəni təyin etdikləri vassallarını idarə edirdilər. Təbiidir ki, məhz həmin adamların arxasında dayandıqlarından sadə ermənilər bu günə qədər ayağa qalxaraq haqlarını tələb edə bilmirdi. İndi isə İrəvanda hakimiyyət dəyişib. Bu səbəbdən Xankəndində əsir olaraq yaşayan ermənilərdə vəziyyətdən çıxmaq yolunda bir ümid yaranıb. Amma bu hal da təbiidir ki, ermənilərin ağır durumunu düzəltməyəcək. Çünki, qeyd etdiyim kimi bu torpaqlar Azərbaycanındır və hazırda xarici dövlətin işğalı altındadır. Belə bir şəraitdə isə orada hansısa insan haqları, demokratiya, normal cəmiyyətdən söhbət gedə bilməz.  Yəni hər hansı bir ərazidə normal insani münasibətlərin təmin edilməsinə ehtiyac varsa, əlbəttə ki, ora işğaldan azad edilməlidir. Dağlıq Qarabağdakı ermənilərin tək bir nicat yolu vardır. O da ondan ibarətdir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyıb, Azərbaycan vətəndaşı kimi Azərbaycan Konstitusiyasına tabe olsunlar və işğalçılar oradan çəkilib getsinlər. Yalnız bundan sonra Dağlıq Qarabağdakı bütün ermənilər xoşbəxt və firavan yaşaya biləcəklər.

İndi Qarabağ erməniləri arasında baş verən olaylar isə sadəcə olaraq, çırpıntılardır. Oradakı ermənilərin bir hissəsi düşünür ki, indi separatçı rejiminin başına təyin edilən adamı devirib, yerinə başqasını gətirməklə problemlərdən çıxış yolu tapa biləcəklər. Amma qeyd etdiyim kimi, həmin torpaqlar işğal altında olduğundan təbiidir ki, bir-birilə çarpışan ermənilər problemlərinin həlli istiqamətində istədiklərinə nail ola bilməyəcək.  Bir müddət ortalıq qarışacaq, hətta Qarabağ separatçılarının rəhbərini də ola bilsin devirsinlər. Amma bu heç nəyi dəyişməyəcək. Dediyim kimi, torpaqlarımız işğal altında qaldıqca heç bir erməninin Dağlıq Qarabağda xoşbəxt yaşaması mümkün olan məsələ deyil. Mövcud vəziyyət 25 ildən çoxdur ki, davam edir. Həmin müddət yetərincə uzun zamandır ki, ermənilər onu dərk edə bilsin. İçərilərində sözsüz ki, dərk edənləri də var. Sadəcə olaraq, dərk edənlərin də dərhal başından vururlar ki, digərləri də ayılmasın. Azərbaycan tərəfi olaraq bizlər də torpaqlarımızın azad edilməsi istiqamətində addımlar atmalıyıq. Bu müstəvidə Dağlıq Qarabağdakı normal düşünməyi bacaran insanlarla iş qurmalıyıq. Eyni zamanda, Ermənistan daxilində ictimai rəyin doğru müstəviyə yönəldilməsi üçün də addımlar atılmasına ehtiyac vardır. Yəni media və informasiya təbliğatımızı elə qurmalıyıq ki, həm Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilər, həm də Ermənistandakı insanlar istər Dağlıq Qarabağın, istərsə də bütövlükdə Ermənistanın özünün firavan yaşayışının mütləq mənada Azərbaycandan asılı olduğunu anlasınlar.  Bu cür təbliğat qurulması işin xeyrinə olar. Eyni zamanda təbliğatla bərabər hərbi gücümüzü də zaman-zaman nümayiş etdirməliyik. Çünki qarşımızda elə bir düşmən var ki, o ancaq güc dilindən anlayır. Ona görə işğalçıya münasibətdə güc dilini nümayiş etdirməliyik.

Dağlıq Qarabağda ermənilər arasında alovlanmaqda davam edən çəkişmələri də Ermənistanda olduğu kimi  “Qarabağ klanı” ilə Ermənistan klanının toqquşması kimi dəyərlənidrmək olar. Əslinə qalanda, bu istiqamətdə fərqli bir məqamı da düşünmək doğru deyil. Çünki əvvəllər Ermənistanda hakimiyyətdə olan Robert Köçəryanla Sarkisyan özləri “Qarabağ klanı”nın üzvləridir. Yəni onlar məhz “Qarabağ klanı”nın təmsilçiləri olaraq Ermənistanda hakimiyyət başında olublar. İndi isə hakimiyyətə yiyələnən Paşinyan “Qarabağ klanı”nın təmsilçisi deyil. Paşinyan isə düşünürəm ki, Dağlıq Qarabağın işğalının Ermənistan üçün əlavə yük olduğunu və həmin yükdən qurtulmadan ölkəsinin normal dövlətə çevrilə bilməyəcəyini gözəl anlayır. Dağlıq Qarabağdakı müəyyən qüvvələrin oradakı separatçı rejim rəhbərliyinə qarşı çıxışları da məhz bundan qaynaqlanır.Onlar da başa düşürlər ki, Dağlıq Qarabağ ermənilərinin nicatı ancaq  Azərbaycanın dövlət olaraq yurisdiksiyasını qəbul etməkdən keçir”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz