Əlaqə Arxiv
news Image
2018.08.22
09:45
| A A A
Türk dövlətlərinin birliyinə böyük ehtiyac yaranır
Sabir Rüstəmxanlı: “İndiki dövrdə türk dövlətləri birliyinin təşəkkülünə imkanlar yaranıb”

Dünyada mövcud geosiyasi, geoiqtisadi vəziyyət mürəkkəbləşdikcə, türk dövlətlərinin birliyinin yaranması aktuallaşır.

Qeyd edək ki, keçən əsrin 90-cı illərindən başlayaraq türkdilli dövlətlərin sayının artması ilə bu ölkələrin birliyinin yaradılması məsələsi yenidən aktuallaşdı. Sözügedən məsələ həmçinin yeni deyil. Hələ XIX əsrin sonundan başlayaraq bir sıra ədiblərimiz tərəfindən türk xalqlarının birliyinin yaradılması məsələsi gündəmə gətirilib. Hazırda türk dövlətlərinin birliyi yolunda bəzi addımlar atılıb. Ən azından mədəni sahədə belə bir birlik artıq mövcuddur. Son zamanlar türk dünyasına qarşı ekspansiyanın gücləndiyi müşahidə edilir. Heç bir əsas olmadan bəziləri Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Azərbaycan isə bir türk dövləti olaraq hələ də Ermənistanın torpaqlarımızı işğal etməsilə üz-üzədir. Lakin müasir dövrün geoiqtisadi və geosiyasi vəziyyəti türk dövlətlərinin birliyinin yaranması məsələsini daha da aktuallaşdırıb. Belə ki, müasir dövrün çağırışlarına, habelə kənardan edilən təzyiqlərə türk dövlətləri ancaq birgə fəaliyyət göstərmək, bir mövqedən çıxış etməklə tutarlı cavab verə bilərlər. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı belə ir birliyin yaranmasının nəinki mümkün, həm də vacib olduğunu bildirdi: “Belə bir birliyin olmasını çoxdan arzulayırıq. Türk dövlətlərinin birliyinin yaradılması vacibliyi ilə bağlı məsələ heç də yeni hadisə deyil. Bu məsələ az qala bir əsrlik tarixi əhatə edir. Əli bəy Hüseynzadə və digər ziyalılarımızdan başlayaraq bu məsələ ətrafında həmişə danışılıb.

Turan birliyi, mədəni, siyasi əlaqələrin güclənməsi hər zaman gündəmdə olub. İndi müstəqil olan türk dövlətlərinin sayı çoxalıb. Bu fonda da məhz indiki dövrdə türk dövlətlərinin birliyinin təşəkkül etməsinə imkanlar yaranıb. XX əsrdə iki dəfə müharibə edən və milyonlarla insanın qanını tökən Avropa dövlətləri bu gün vahid bir birlikdə birləşib. Belə olan halda nədən türk dövlətlərinin birliyi olmasın?

Belə bir birliyin yaranması bölgədə sülh, əmin-amanlıq və barışığın təməli olar. Azərbaycan müstəqilliyini qazanandan sonra 1992-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində yığışaraq Türk Parlament Birliyinin yaradılması qərarına gəldik. Üstündən xeyli il keçəndən sonra da bu ideya reallaşdı. Həmçinin Türk Şurası, Türk Akademiyası, Türk Mədəniyyət Birliyi də var. Bakıda yerləşən Türk Parlament Assambleyası da vardır. Yəni addım-addım bu işlər görülür. Amma işlər çox gec-gec, yavaş-yavaş gedir. Burada vacibdir ki, türk dövlətlərinin birliyinin yaranması məsələsi sürətlənsin. Yəni yalnız söz xətrinə danışmayaq, məsələni reallaşdıraq.

Hələlik türk dövlətlərindən Özbəkistanla Türkmənistan prosesə qoşulmayıb. Görünür, bu məsələdə xarici dövlətlərin onlara güclü təzyiqi var. Amma hər halda bu işi davam etdirmək lazımdır. Şübhəsiz ki, türk dövlətlərinin birliyi yaranacaq. Dünyada qədimdən bəlli olan bir məsələ var. O da ondan ibarətdir ki, güclü olmasan, əziləcəksən. Böyük dövlətlərin barış, sülh kimi çağırışları isə baş aldatmaqdır. Quzunun başını sığallaya-sığallaya qurd onu necə yeyirsə, kiçik dövlətlərin başını da belə sığallamaqla aldadırlar. Barış, sülh vacibdir, amma gərək güclü olasan. Belə bir gücün də tək bir türk dövlətində olması çətindir. Türk dövlətlərinin birliyi olduqda isə bu sıxıntılar xeyli azalar. Türk dövlətləri bu bölgənin sahibi olarsa, dünyada da sabitlik hökm sürər. Həmçinin həmin birliyin olması fonunda türk dövlətlərinin gələcəyə olan ümidləri də artar. Mədəniyyət, dil və milli varlıqlarını qoruyub saxlaya bilərlər. Yoxsa, təkbətək, müxtəlif təsirlər altında əriyib gedəcəklər”.

Rüfət NADİROĞLU   

 

 

Sizin Reklam Yeriniz