Əlaqə Arxiv
news Image
2018.08.22
10:00
| A A A
Ermənistanda yeni hakimiyyət çevrilişi
“Bir tərəfdən Sarkisyan-Köçəryan və onlara yaxın blokların toplusu, o biri tərəfdən isə xalqın müəyyən hissəsi, Paşinyan və ona yaxın partiyalar üzə-üzə gəlirlər”

Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçirdiyi mitinqdən sonra ölkə parlamentində əsas müxalifət fraksiyası olan Respublikaçılar Partiyasının deputatları hökumətin daxili və xarici siyasətini kəskin tənqid ediblər. Baş nazirin öz sələflərini Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gizli danışıqlarda ittiham etməsi müxalifətin kəskin etirazına səbəb olub. Deputat Armen Aşotyan jurnalistlərə müsahibəsində qeyd edib ki, əlində bu məsələyə dair ölkənin sabiq prezidentlərinə qarşı sübutlar olduğunu iddia edən Paşinyan daha səmimi olmalı, həmin sənədləri ictimaiyyətlə paylaşmalıdır. Parlamentin üzvü vurğulayıb: “Bu taleyüklü problemə düşünülməmiş yanaşma tərzi və populizm yolverilməzdir. Mən “bu cinin dərhal şüşədən buraxılması” və Paşinyanın Levon Ter-Petrosyanın prezidentlik dövründən başlayaraq Qarabağ ətrafında danışıqlar prosesi haqqında məlumatları ictimaiyyətlə paylaşmasını gözləyirəm və tələb edirəm”.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Paşinyanın mitinqdə müxalifətə qarşı səsləndirdiyi təhdidlərə cavab verib. Onun sözlərinə görə, baş nazir hakimiyyətdə olduğu yüz gün müddətində görülən işlər barədə hesabat vermək əvəzinə, əleyhdarlarını hədələməklə kifayətlənib. Şantaj və populizmin hökumətin əsas silahı olduğunu vurğulayan Şarmazanov əlavə edib ki, bütün bunlar Paşinyanın ağır vəziyyəti və gələcəklə bağlı qorxuları ilə əlaqədardır. Parlamentin vitse-spikeri baş nazirə müraciətlə deyib: “Xatırladırıq ki, bu gün siz müxalifət başçısı deyilsiniz və ölkədəki vəziyyətə görə birbaşa məsuliyyət daşıyırsınız. Sizdən fərqli düşünən deputatları, hakim və vətəndaşları hədələməyə, qanunları pozmağa son verin”. Respublikaçılar Partiyasını təmsil edən deputatlar yeni hökuməti söz azadlığını pozmaqda, baş nazirin maraqlarını dövlət maraqlarından üstün tutmaqda, məhkəmələrdə siyasi sifarişlər əsasında saxta proseslər təşkil etməkdə ittiham edirlər. Belə bir vaxtda diqqət cəlb edən məqam müxalif qüvvələrin sabiq prezident Robert Köçəryan ətrafında birləşməsidir.  Hesab edilir ki, Paşinyanın parlamentdəki mövqeyinin zəifliyindən Köçəryan istifadə etməyə çalışacaq. Bu xüsusda diqqət ona yönəldilir ki, Respublika Partiyası və "Daşnaksütun" partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi Köçəryanı dəstəkləyir. Belə vəziyyət baş nazirə qarşı impiçment prosedurunu başlatmağa imkan verir. Digər məqam Paşinyana qarşı olan Köçəryanın kifayət qədər maliyyə və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, administrativ resurs hələ onun xeyrinə deyil. Köçəryan üçün üçüncü amil Rusiyadır. Köçəryan Paşinyanın Rusiya siyasətini sərt tənqid deir. Məsələn, Köçəryan Paşinyanın “Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə, belə bir ifadə işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır”. Hesab olunur ki, Köçəryan  Moskvadan Paşinyana qarşı istədiyi dəstəyi alacaq və bu hal Paşinyanın problemlərini artıracaq.

Rusiya amilindən ümumiyyətlə, Köçəryan da daxil olmaqla Respublika Partiyası Paşinyana qarşı daha çox istifadə etməyə cəhd göstərir. Sabiq dövlət müşaviri Qabil Hüseynlidə Moskva amilinin Ermənistandakı hadisələr təsir edəəcyini proqnozlaşdırır. O, ilk növbədə diqqəti buna yönəldir ki, Nikol Paşinyan mühüm əhəmiyyətli məsələləri parlamentdə yox, teatr meydanında keçirdiyi mitinqlərlə qanun halına salmaq fikrindədir. Politoloq bildirib ki, bu, çox qəribə və dünya praktikasında görünməmiş hadisədir: “Paşinyan parlament seçkilərini mümkün qədər tez, maksimum 2-3 aya keçirmək istəyir. Çünki Serj Sərkisyan və onun tərəfdarları olan Respublikaçılar Partiyası parlamentin işini boykot edir. Buna görə də Paşinyan yeni bir metoda əl atıb və mühüm əhəmiyyətli məsələləri parlamentdə yox, teatr meydanında keçirdiyi mitinqlərlə qanun halına salmaq fikrindədir. Görünür, o, çıxılmaz vəziyyətdədir və ona görə də bu cür üsula əl atır. Ermənistan qanunvericiliyinə görə, yeni parlament seçkiləri zamanı baş nazir istefa verməlidir. Paşinyan isə həmin qanunu xalq tərəfindən ləğv etdirəcəyini və keçid dövrünün xüsusiyyətlərini nəzərə alaraq, konstitusiyaya baş nazirin vəzifəsində qalması müddəasını salacağını bildirir. Bu, legitimliyi və əsaslılığı şübhə doğuran bir addımdır və yəqin ki, parlament, Sərkisyan-Köçəryan birliyi, çoxsaylı oliqarxlar tərəfindən ciddi surətdə rədd ediləcək. Bu fonda cəmiyyətdə parçalanma qaçılmazdır”.

Politoloq Ermənistanda müxalifətin ciddi surətdə təşkilatlandığını da qeyd edib: “Seçkilər, qeydiyyat məsələləri və seçki təbliğatı üçün ayrılan vaxt qısaldılıb. Bu, ölkədə qarşıdurma yaradacaq proseslərə rəvac vermək kimi dəyərləndirilə bilər. Diqqəti çəkən əsas cəhət isə müxalifətin getdikcə daha da fəallaşmasıdır. Köçəryan partiyanın yaradılmasını elan edib, Sərkisyan tez-tez oliqarxlarla görüşlər keçirir. Respublika Partiyası regionlarda aktiv iş apararaq tərəfdarlarını səfərbər edir. Zənnimcə, Moskvanın emissarları da Ermənistanın bütün ərazilərində, xüsusilə də İrəvanda xeyli fəallaşıb. Məqsəd təbii ki, Paşinyanı hərbi çevriliş yolu ilə deyil, daha mədəni - konstitusion yolla devirməkdir”. Q.Hüseynli hesab edir ki, Rusiyanın Ermənistan kimi kiçik bir ölkədə seçkilərin nəticələrinə təsir edə biləcəyi heç bir şübhə doğurmur: “Hesab edirəm ki, Ermənistanda erkən parlament seçkisi ərəfəsində etirazlar xeyli qızışacaq. Bir tərəfdən Sarkisyan-Köçəryan və onlara yaxın blokların toplusu, o biri tərəfdən isə xalqın müəyyən hissəsi, Paşinyan və ona yaxın partiyalar üzə-üzə gələcəklər. Bu fonda çox ciddi siyasi qarşıdurma və gərginlik gözlənilir. Belə bir şəraitdə isə əlbəttə ki, seçkilər pozula və hətta lokal miqyaslı toqquşmalar da ola bilər. Bu da son anda seçkilərin nəticələrinin tanınmamasına gətirib çıxara bilər”.

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz