Əlaqə Arxiv
news Image
2018.08.22
10:15
| A A A
Bakı-Moskva münasibətləri İrəvanın əndişəsini artırır
Elşən Mustafayev: “Moskva Ermənistana dəstəyi dayandırarsa, bu, İrəvan üçün ölümə bərabər hadisə olacaq” Elşən Manafov: “Rusiyanın ölkəmizə yönəlik bu diqqəti Azərbaycan iqtidarının həyata keçirdiyi uğurlu siyasətlə bağlıdır”

 

Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək. Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. Ümumiyyətlə, son dövrlərdə Rusiya Azərbaycanla münsibətləri möhkəmləndirməyə xüsusi diqqət yetirir.  Bunu şərtləndirən səbəblər hansılardır və belə vəziyyət nədən getdikcə Ermənistanda böyük narahatlıq yaradır?

Politoloq Elşən Mustafayevin fikrincə, Rusiya Azərbaycanı son zamanlar Bakı ilə münasibətlərə xüsusi önəm verməyə başlayıb: “Rusiyanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olmasını deməsində təəccüblü heç nə yoxdur. Digər tərəfdən, indiki məqamda, yəni ABŞ sanksiyalarına tuş gəldiyi bir zamanda Rusiya üçün ən azından sərhərdəki qonşularla münasibətləri gücləndirmək olduqca vacibdir. Bu mənada sanksiyalar fonunda Moskva öz ətrafına nə qədər çox tərəfdaş toplasa, bu, onun müqavimət gücünü bir o qədər artıra bilər.

Əslində, bir nüansı çıxmaq şərtilə digər məsələlərdə Moskva ilə Bakı arasında münasibətlər həmişə normal olub. Dağlıq Qarabağın işğaldan azad edilməsinə gəldikdə isə, bu istiqamətdə Rusiya həmsədrlərdən biri olaraq nəinki onun həllinə çalışıb, əksinə, prosesin irəliləməsinə daim maneə olub. Digər məsələlərdə isə iki ölkə arasında əməkdaşlığın inkişafına əngəl ola biləcək elə bir maneə yoxdur. Moskva istəyirsə ki, Azərbaycan onun da üzvü olduğu iqtisadi və hərbi təşkilatlarda təmsil olunsun, ən azından Dağlıq Qarabağ probleminuin ədalətli həll olunmasını təmin etməlidir. Bu baş verərsə, sözsüz ki, Moskva ilə Bakı arasında əməkdaşlıq daha da genişlənəcək”.  

Baki ilə Moskva arasında münasibətlərin inkişafından Ermənistanın narahat olmasına gəldikdə, həmsöhbətimiz düşünür ki, bu, ola bilər Moskvanın hər hansı bir məsələ ilə bağlı İrəvanı cəzalandıra biləcəyi qorxusundan yaranıb: “Paşinyan hazırda öz fəaliyyətilə rusları qane etmir. Bu mənada Ermənistan narahatdır ki, Moskvanın Bakı ilə yaxınlaşması fonunda birinci ən azından Dağlıq Qarabağ məsələsində problermin hərbi yolla həlli istiqamətində Azərbaycanın ata biləcəyi addımlara maneə olmayacaq. Ancaq sona qədər Rusiyanın buna da gedəcəyinə inanmıram. Moskva daim öz maraqları naminə ermənilərdən istifadə edib və yenə də etməkdədkir. Sadəcə olaraq, indilikdə Paşinyanın son hərəkətləri Moskvanı narahat etməyə başlayıb. Bütün hallarda narahat olmaqda haqları da var. Ola bilsin Qərbə inteqrasiya fonunda Rusiya Ermənistanı cəzalandırsın. Cəzanın bir yolu da Dağlıq Qarabağın azad edilməsi məsələsində Moskvanın Ermənistana dəstəyi dayandırmasıdır. Bu baş verərsə, İrəvan üçün ölümə bərabər hadisə olacaq”.

Politoloq Elşən Manafov bildirdi ki, Azərbaycanın iqtisadi, maliyyə, hərbi baxımdan güclü dövlət olması və mühüm kommunikasiya xətlərinin üzərində yerləşməsi, onun iştirakı olmadan bölgədə heç bir layihənin həyata keçməməsi Moskvanı Bakı ilə münasibətləri gücləndirməyə sövq edib: “Moskvanın Bakı ilə münasibətləri inkişaf etdirməyə marağının artması Azərbaycanın geopolitik anlamda əlverişli mövqedə yerləşməsi, mühüm nəqliyyat-kommunikasiya xətlərinin ölkəmiz üzərindən keçməsi və Böyük İpək Yolu üzərində olmağımız, malik olduğumuz zəngin təbii resurslar və ən əsası da bölgənin lider dövləti olmağımız kimi amillərdən irəli gəlir. Azərbaycanla razılaşdırılmadan bölgə ilə bağlı heç bir layihəni gerçəkləşdirmək mümkünsüzdür. Azərbaycanın yürütdüyü siyasəti təbii ki, Rusiya ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafındakı problemlərin həllində mühüm rol oynayıb. Elə bu günlərdə Qazaxıstanın Aktau şəhərində imzalanan Xəzərin statusu ilə bağlı konvensiya da Azərbaycan diplomatiyasının ciddi uğuru sayıla bilər. Bu uğur ondan ibarətdir ki, konvensiya Xəzərin dibilə keçəcək qaz kəmərlərinin sahilyanı iki dövlət arasında razılaşma əsasında öz həllini tapacaq. Düzdüz, bu zaman digər dövlətlərin də tövsiyyə və marağı nəzərə alınmalıdır. İran, Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə aparılan görüşlər fonunda da bildiyiniz kimi yeni koalisiya formalaşıb. Azərbaycan həm də bölgədə ən güclü orduya malikdir və bu ordunun Qarabağ problemini həll etmək imkanları kifayət qədər ciddidir.

Rusiya çalışır ki, Azərbaycan da Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunsun. Azərbaycanın  AİB-də olması bu iqtisadi təşkilatın gücünün daha da artmasına səbəb ola bilər. Ermənistan isə Rusiya üçün maliyyə iqtisadi kontekstdə yükdən başqa bir şey deyil. Azərbaycan isə nəhəng enerji resursları, ciddi maliyyə imkanları ilə təbii ki, birlik üçün daha böyük əhəmiyyət kəsb edərdi. Bu mənada da Bakının həmin birlikdə olması Moskvanın diqqət mərkəzindədir. Azərbaycan böyük uğurla balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu mənada KTMT-də təmsil olunmağımız Dağlıq Qarabağ probleminin həllinə ciddi töhfə verərsə, niyə də onunla əməkdaşlıq imkanlarını genişləndirməyək?!

 Azərbaycanın Rusiya ilə nəinki təkcə siaysi, iqtisadi, hətta hərbi sahədə də əməkdaşlığı mümkündür. Azərbaycan Rusiyadan alınan silahların məbləği baxımından ilk beşlikdə olan dövlətlər sırasındadır. Bu faktın özü də Rusiyanın diqqətindən yayınmır. Rusiyanın ölkəmizə yönəlik bu diqqəti Azərbaycan iqtidarının həyata keçirdiyi uğurlu siyasətlə bağlıdır”.

Politoloq qeyd etdi ki, Moskvanın Azərbaycana diqqətinin artmasının  Ermənistanda narahatlıq doğurması anlaşılandır: “Burada klanlararası mübarizənin kəskinləşdiyi bir şəraitdə onsuz da Ermənistanın Azərbaycanla mübarizədə duruş gətirmək imkanları sıfıra enib. Həmçinin, iqtisadi-maliyyə baxımdan məngənədə sıxılan işğalçı dövlət anlayır ki, Qarabağ problemini həll etmədən özünün sosial-maliyyə problemlərini də həll etmək iqtidarında olmayacaq. Bu fonda Rusiyanın Azərbaycana marağının artması əlbəttə ki, Ermənistanda narahatlıq doğurmaya bilməzdi. O anlamda ki, Rusiya istənilən anda İrəvana təzyiq etmək üçün böyük imkanlara malikdir. Yəni Rusiyanın təzyiq edəcəyi təqdirdə Ermənistan mütləq geri çəkilməli olacaq. Ona görə də düşmən ölkə Bakı ilə Moskvanın qarşılıqlı maraq doğuran məsələlərdə razılığa gəlmələrindən narahatdır. Bu razılığın daha geniş miqyası əhatə etməsi İrəvanda narahatlıq doğurmaya bilməz”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz