Əlaqə Arxiv
news Image
2018.09.01
11:20
| A A A
Mənəvi dünyanı radikallaşdırmaq cəhdləri iflasa məhkumdur
Dini radikalizmin Azərbaycana ixrac olunmasına çalışanların çirkin məqsədlərinə çatması mümkün deyil

Əsrimizin bəlkə də ən yüksək səviyyəli tolerant dövləti olan Azərbaycanda dini radikalizm meyillərinin artması heç də cəmiyyətin daxili resurslarından doğan hal deyil. Bu kimi hadisələr yalnız xarici dövlətlərin ərazisində hazırlanaraq ölkəmizə atılan casuslar tərəfindən törədilir və məhz daxili resursların olmaması belələrinin qısa zamanda ifşa edilib zərərsizləşdirilıməsi baş verir.

Nardaran hadisələrini, sonra da bu il baş vermiş Gəncə hadisələrini yada salaq. Hər iki situasiyada araqarışdıranlar xarici “dini” mərkəzlərdə təhsil aldıqları dövrlərdə xüsusi xidmət orqanları tərəfindən “qarmağa” keçirilmiş gənclərdir. Sonradan onların dini dünyagörüşləri təbliğat sayəsində tədricən terrorçu-kamikadze formuluna çevrilib və mənasız dözülməzlik psixologiyasının təsiri altında cinayətlər törətməyə təhrik olunublar. Bunun əsasında savadsızlıq və bundan doğan radikallıq təmayülü durur. 

Gəncə hadisələrinin ilhamvericiləri xaricdə otursalar da öyrədib göndərdikləri qatillər bütün hazırlıqlara rəğmən, uğursuzluğa düçar oldular. İlk növbədə xalq onları qəbul etmədi. Çünki, ideyaları və çağırışları antihumanist və Azərbaycan cəmiyyətinə yad idi. Terrorçuların böyük qismi həbs edilərək istintaq təhvil verilib, qanunlara tabe olmayan və hüquq-mühafizə orqanlarının üzvlərini silahlı müqavimətlə qarşılayanlar məhv edilib. Bu günlərdə radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Hər iki qurumun mətbuat xidmətlərinin birgə yaydıqları məlumata görə, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib: “DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Nizami Nəcəfov məhv edilib. Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb”. Bu hal bütün terrorçular üçün məntiqi sonluqdur. Xüsusilə də Azərbaycan kimi inkişaf etmiş cəmiyyət quruculuğu yolu ilə inamla irəliləyən bir ölkədə terrorizmin axırı yoxdur və bu, məhvə məhkumdur.

Lakin terrorçuların aradan götürülməsi yalnız cismən məhvə edilməsinə bağlı deyil. Bu günlərdə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Qeyri-Hökumət Təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib: “Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi düşündürən ciddi məsələdir”. O, dini radikalizmi Azərbaycanın ən ciddi problemlərindən biri adlandırıb: “Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir. Dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirmə işləri aparılmalıdır”.

Şura sədrinin fikrinə görə, bu məsələdə Qeyri-Hökumət Təşkilatlarının səfərbər olmasına ehtiyac var: “Savad baxımından geri qalan şəxslər xürafata meyilli olurlar. Bundan istifadə edən qruplar onları hədəfə götürüb risk qrupuna daxil edirlər. Dini radikalizm daha çox sosial şəbəkələr vasitəsilə yayılır. Dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılmalıdır”.

Dini radikalizmin Azərbaycanda köklərinin olmamasına baxmayaraq, xarici təbliğat öz əməlindən çəkilmək fikrində deyil. Bu səbəbdən irəli sürülən təkliflər ciddiyə alınmalı və sonu terrora istiqamətlənmiş dini radikalizmin yayılmasına qarşı mübarizə gücləndirilməlidir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz