news Image
2018.09.03
14:17
| A A A
Deputat: Soçidə səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə səsləndirilən fikirlər və imzalanan müqavilələr Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.

Movqe.az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır:

 

“2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib ki, hazırda ölkəmizdə təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla fəaliyyət göstərir. Həmçinin iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf edir. Elə Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir".

Millət vəkili qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanla Rusiya qlobal əhəmiyyətli layihələrin də həyata keçirilməsində birgə işləyirlər: "Məhz Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək, Cənubi Asiya və Yaxın Şərqdən gələn yüklərin Avropaya daşınmasını xeyli sürətləndirəcək, ümumi uzunluğu 7 min kilometrdən artıq olan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması haqqında ortaq fikirlər və fəaliyyətlər söylənilənlərin əyani sübutudur. Bu mənada Rusiya və Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

S.Vəliyeva əlavə edib ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır: "Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir və iki ölkənin başçıları arasındakı müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir".